İqtibas
Bir dəfə Leyla meşədə azmışdı. Bu hadisə necə baş vermişdi? Qulaq asın, danışım…
Yayda Leyla kəndə getmişdi. O tezliklə kənddəki uşaqlarla dostlaşdı. Bir gün o təzəcə dostlaşdığı Şahinə dedi:
- Gəl gedək meşədə oynayaq!
Şahin əvvəl razılaşmadı:
-Yox, sonra bizi axtararlar.
Leyla çox deyəndən sonra, nəhayət ki, o da meşədə oynamağa razılaşdı. Onlar meşədə, çayın kənarında oynadılar. Özləri ilə gətirdikləri qayıqı çaya qoyub «kim tez çatar», oyunu oynadılar. Birdən Leyla uzaqda görünən körpünü göstərib dedi:
- Körpüyə bax, gəl gedək, körpüdən keçək!
Onlar qaçıb körpünün yanına çatdılar. Leyla körpüyə çatanda Şahin həyəcanla dedi:
-Qayıt, körpü çox köhnədir, sınar, çaya düşərsən!
Leyla ona qulaq asmadı:
- Heç nə olmaz, gəl körpüdən keçək, qayıdarıq!
Şahin onunla razılaşmadı. Elə nəsə demək istəyirdi ki, bu vaxt körpü sınıq yerindən iki hissəyə bölündü. Yaxşı ki, Leyla artıq çayın o tərəfində idi. Azca geciksəydi, çaya düşəcəkdi. Qorxudan onun rəngi ağappaq oldu. Tərslik eləyib Şahinin sözünə baxmadığına görə peşiman oldu. Şahin onu danladı:
- Gördün, neylədin, hələ yaxşı ki, çaya düşmədin, çay dərindir.
Leyla peşimanlıqla dedi:
- Qorxuram, bəs mən evimizə necə gedəcəyəm?
O, belə deyib ağlamağa başladı. Şahin də buralara yaxşı bələd deyildi. O, şəhərdən babasıgilə qonaq gəlmişdi. Şahin Leylanı sakitləşdirməyə çalışdı:
- Mən başqa yol tanımıram, indi babamı çağıraram, o hər yanı tanıyır, bir yol tapar. Sən isə heç yerə getmə, burdaca dur!
Leyla tərslik elədi:
- Yox, mən evə gec getsəm, anam hirslənər. Çayın kənarı ilə gedim, yəqin ki, evi taparam.
Şahin dedi:
- Heç yerə getmə, meşə böyükdü, azarsan!
Belə deyib oğlan evə tərəf qaçdı. Olanları babasına danışanda baba tez çayın kənarına gəldi. Amma onlar çatanda Leyla artıq orda yox idi. Nə qədər çağırdılar, Leyladan səs çıxmadı. Kəndə hay düşdü. Hamı Leylanı axtarmağa başladı.
Artıq hava qaralırdı. Bəs Leyla haradaydı? Şahin babasını çağırmağa gedəndə Leyla azca gözləyib çayın kənarı ilə getməyə başladı. O fikirləşdi ki, belə getsə, evlərinə tez çata bilər. Amma əksinə, qız azıb, düz meşənin dərinliyinə gedirdi.
Axır ki, Leyla yeriməkdən yorulub bir yerdə oturdu. O qorxur və qorxusundan dayanmadan ağlayırdı. Leyla indi səhvini başa düşmüşdü. Tərslik elədiyinin peşimançılığını indi çəkirdi. Meşədə azandan sonra. Yaxşı ki, baba meşəni çox yaxşı tanıyırdı. O, tezliklə kəsmə yolla gəlib Leylanı tapdı. Hamı sevindi. Əlbəttə ki, hamıdan çox Leyla. Leyla ürəyində özü-özünə söz verdi ki, daha heç vaxt tərs olmayacaq!
Müəllif: Gülzar İbrahimova