İqtibas
Balaca Tural təzə ayaq tutub yeriməyə başladı.
O ilk dəfə özü təkcə, büdrəyə-büdrəyə bağçaya çıxdı. Küçük Toplan yuvasından çıxdı, Turalı görüb sevindiyindən bərkdən hürdü:
-Ham-ham-ham!
Tural qorxmadı, əksinə bir-iki addım atıb küçüyə tərəf addımladı. Bu vaxt bağçanın o başından balaca Məstan pişik gəldi. Turalı yeriyən görüb gözlərini döyə-döyə «myau, myau», elədi. Tural bu dəfə pişiyə tərəf yeriməyə başladı. Elə bir-iki addım atmışdı ki, bir inək düz Turalın qarşısında dayanıb bərkdən «mu-u-u» elədi.
Bu vaxt çox qorxulu bir hadisə də baş verdi. Bir ilan fısıldaya-yısıldaya kolluqdan çıxdı və düz uşağa tərəf sürünməyə başladı. Aman, hamı qorxdu. İlan əvvəl Turalı görməmişdi, elə ki uşağı gördü, tez qaçıb gizləndi ki, uşaq onu görüb qorxmasın. Hamı bunu görüb sevindi. Hətta Mərcan Xoruz sevindiyindən bərkdən banladı:
-Quq-qulu-qu-u-u.
Uşaq xoruzun səsindən qorxub evə girdi. Anası onun başını tumarlayıb dedi:
-Qorxma onlar hamısı sənə, sabahın xeyir, deyirlər.
Tural güldü və sonra yenə də yanlarını basa-basa həyətə çıxıb hamıya dedi:
-Də-də-də-də!
Bu Bala Dilində belə deməkdir:
-Salam!
Müəllif: Gülzar İbrahimova