Dünyanın ən böyük nağılçısı

(hekayə) 


Bir vaxtlar Danimarkada bir uzunburun, beli əyri, yöndəmsiz bir uşaq vardı. Elə öz görkəminə görə də Hans həmişə əziyyət çəkərdi. Heç kəs onunla dostluq eləmir, heç kəs onunla oynamaq istəmirdi. 
Hansın atası adi başmaqçı, anası paltaryuyan idi. Onlar o qədər kasıb yaşayardılar ki, hətta ana hərdən sədəqə də yığardı. Anasının sədəqə yığmağından Anderson çox utanar, xəcalət çəkərdi.
 Andersenin uşaq ikən uydurduğu fantaziyaya görə, onun əsli zədagan olub. Uşaq olanda kralın oğlu ilə dost olub. Dostu sonradan kral YII Federika olub. Nağılçı fərziyyəsinə görə kral öləndə qohumlarla birgə Hans da yanındaymış. Əlbəttə, onun bu uydurmalarına heç kəs inanmazdı.
Hans öz yalanlarını elə məharətlə danışardı, öz uydurmalarına özü də inanırdı. 
Hans uşaq yaşından kukla tamaşaları düzəldər, onu yaşıdlarına göstərərdi. Yaşıdları isə onu başa düşməz, məsxərəyə qoyar “İşin gücün yoxdu, gör nəyə vaxt itirirsən!”deyərdilər. 
10 yaşında Andersen sanki birdən böyüdü. Atasını erkən itirmiş oğlan özünə çörəkpulu qazanmaq üçün yollar axtardı. Əvvəl o, fabrikdə dərzi köməkçisi kimi işlədi. 
Uşaqlıqdan Hans tez inciyər, hirslənər, tez də özündən çıxardı. Sevdiyi iş isə bir küncdə, kukla tamaşası göstərməkdi. Böyüyəndə də, kukla tamaşaları göstərməyi arzu edirdi. Amma onun bu arzususu heç vaxt həyata keçmədi. 
Bir gün Hans 14 yaşında evdən çıxıb getmək qərarına gəldi. Anası soruşdu:
- Hara gedirsən? Bu yaşda gedib nə işlə məşğul olacaqsan ki, ac-susuz qalmayasan? - - Nə vaxt qayıdacaqsan? - sualına o belə cavab verdi:
- Qayıtmayacağam, gedirəm məhşurlaşmağa!
Onun dediyi kimi oldu. Bir zaman tanınmış nağılçı oldu: Hans Xristian Anderson. Amma məhşurlaşsa da, arzuları çox çətinliklə həyata keçdi. 
 O vaxtlar Hans yenə eybəcər idi. Heç dəyişməmişdi. Cavan oğlan olsa da, yenə uzunburun, beli əyri, yöndəmsiz idi. Öz nağılındakı kimi “Çirkin ördək balası”na oxşayırdı. Bununla belə səsi çox məlahətli və həzin, yazdıqları ürəyə yaxın idi. Hansın bacarığına inanıb onu bir müddət Kral teatrında işə götürdülər. Amma o, teatrda uğur qazana bilmədi. Səsinin dəyişən yaşında onu işdən qovdular. 
Andersen həvəsdən düşməyib  pyes yazdı. Onu kitab şəklinə saldı. Krala məktub yazıb kitabın çapina pul istədi. Kral onun istəyini yerinə yetirsə də, kitab yaxşı satılmadı.
Sonra Hans ilk dəfə öz pyesini səhnələşdirdi. Səriştəsi az idi deyə, o da bəyənilmədi. Amma yenə həvəsdən düşmədi. Bu dəfə yazıb Kraldan xahiş elədi ki, dövlət hesabına oxumağına kömək eləsin. Kitaba, mütaliəyə çox böyük dəyər verən kral yeniyetmənin bu arzusunu da yerinə yetirdi. 
Bununla belə, yaşamaq üçün işləmək də vacib idi. Hans çox çətinliklə oxudu. Yaşca özündən kiçiklərlə oxumaq elə də asan deyildi. Bir də nədənsə, məktəb direktorunun onu görməyə gözü yox idi. Həmişə qışqırır, təhqir edir, hədələyirdi. Bu qorxulu adam həmişə Hansın gördüyü dəhşətli yuxuların içərisində olurdu.  
Oxuduğu illər Andersenin həyatında ən kədərli illər kimi yadında qalıb. Məktəbi bitirməsinə baxmayaraq, həmişə yazılarda səhvə yol verib. 
Hansın şəxsi həyatı da ürəkaçan olmayıb. Özünün heç vaxt ailəsi, uşağı olmayıb. 
Nəhayət ki, 26 yaşında Hans ilk dəfə sevindi. O, ilk dəfə fantastik hekayəsinə görə çoxlu qanarar aldı. Bu pulla onun dünyanı səyahət etmək arzusu həyata keçdi. 
Hans hətta qocalanda da sakit durmur, dəcəllik edirdi. Elə dəcəlliyindən də qoca Andersen bir gün elə yıxıldı ki, daha heç vaxt ayağa qalxa bilmədi. Aldığı zədədən də Danimarkanın uşaq təbiətli, uşaq xasiyyətli sevimli uşaq yazıçısı dünyasını dəyişdi.  
Hans qocaldıqca daha da yöndəmsiz olmuşdu. Beli bir az da əyilmiş, gözləri çuxura düşmüş, ucu biz, uzun burnu bir az da irəli çıxmışdı. 
Bununla belə, o bütün dünyaya elə bir sehr, möcüzə, gözəl əhval-ruh, şənlik, sevinc, yaxşının pisə qalib gəlməsi, xoşluq, gözəllik payladı ki, hər kəsə bu sevincdən pay çatdı. Kiçiklər Anderseni sevdilər, böyüklər xatirəsini əzizlədilər. Onun ürəkdən qopan, şəfəq saçan yazıları çox asanlıqla ürəkləri dolaşa bildi.
Bu həmişə, hər dövrdə belə olub: Həmişə dünyanı, insanları sevənlər, onlar üçün əziyyət çəkənlər heç vaxt unudulmayıb, onların müqəddəs ruhu həmişə şölələnib, hər yana nur səpib. 

 

    Müəllif: Gülzar İbrahimova