Ağıllı qızın nağılı

(nağıl)

 Biri var idi, biri yox idi, Nərgiz adlı ağıllı və gözəl bir qız vardı. Nərgizgil bir kənddə, onun nənəsi isə qonşu kənddə yaşayırdı. Balaca Nərgiz tez-tez nənəsigilə gəlir, ona pay gətirir, işlərində kömək edirdi. Bir gün ana Nərgizə dedi:

- Qaz almışam, apar nənəyə, onun qaz saxlamaqdan xoşu gəlir.

Ana qazı səbətə qoyub Nərgizə verdi. Qaz bir az ağır olsa da, ana bilirdi ki, qızı ağıllıdır, çətinə düşsə, çıxış yolu tapacaq.

Nərgiz yola düşdü. Bir az yol gedəndən sonra gördü yorulub, qolları ağrıyır, səbəti apara bilmir. Oturub bir az dincini alandan sonra fikirləşib çıxış yolu tapdı. Səbəti aşağıdan, iki yerdən deşdi. Sonra qazın ayaqlarını həmin deşiklərdən çıxartdı.

  - Sən neyləyirsən, qız?

  Səs gələn tərəfə baxanda Nərgiz gördü ki, qarşısında qoca, beli bükülmüş, qorxulu bir qarı dayanıb. Qarının bir əlində               bağlama, o biri əlində isə süpürgə vardı. Nərgiz qorxsa da, özünü  itirmədi:

  - Nənəmə qaz aparıram, ağırdır, apara bilmirəm. Səbəti deşdim ki, qaz özü yerisin.

 - Apara bilmirsən, aparma!  

  - Yox, nənəmi çox istəyirəm, aparmalıyam!

  - Yəqin, sənin də nənən mənim kimi gözəl nənədi.

   - Yox, mənim nənəm lap gözəldi!

Bunu eşidəndə Küpəgirən qarı hirsləndi, nənəyə paxıllıq elədi. Hirsindən, hikkəsindən fısıldadı. Nərgiz elə bildi qarı yorulub, ona görə fısıldayır.  

- Qarı nənə, yükün ağırdısa, ver, sənə kömək eləyim!

Qarı bağlamanı qıza verdi. Onlar yola düşdülər. Yolda qarı soruşdu:

- Niyə gedirsən nənəngilə?

- Gedirəm ki, ona kömək eləyim. Qocadır, iş görə bilmir... 

Küpəgirən qarı fikirləşdi ki, necə eləsin, bu ağıllı qızı oğurlasın.

- Mənim nəvəm yoxdur, tək yaşayıram. Heç kəs mənə kömək eləmir! Mənə də kömək edərsən?

- Əlbəttə, edərəm!

Qarı sevindi. Nərgiz nənəsigilə çatanda bağlamanı qarıya verib dedi:

- Qarı nənə, gözlə, nənəmlə görüşüm, gəlim sənə kömək eləyim!

 Nərgiz evə girib gördü ki, nənəsi yatıb. Nənə corab toxuyub yorulmuş, oturduğu yerdə də yuxuya getmişdi. Nərgiz nənəni yuxudan oyatmadı. Amma yun sapını götürdü ki, onu aça-aça getsin, nənəsi onu axtaranda nigaran qalmasın, ipin izi ilə gəlib onu tez tapsın.

Nərgiz qayıdanda Küpəgirən qarı hikkə ilə soruşdu: 

- Öpdün nənəni?

- Yox, öpmədim!

Küpəgirən qarı sevindi:

-  Yaxşı elədin. Bəs niyə öpmədin?

- Mən nənəmi çox istəyirəm. Yatmışdı, istəmədim onu narahat edəm! 

 Küpəgirən qarı dodağının altında deyindi:

- Onu görüm, heç yuxudan dura bilməsin! 

- Nə dedin, qarı nənə?

- Heç zad! Dedim, bərk yatsın, yəni, yuxusu şirin olsun! 

 Onlar xeyli yol gedib meşəyə çatdılar. Nərgiz yumağı o qədər açmışdı ki, yumaq yarı olmuşdu. Odur ki dedi:

- Qarı nənə, qayıdım, nənəm nigaran qalar…

Küpəgirən qarı yalandan ağladı:

-         Yorulmuşam, gedə bilmirəm! Mənim də sənin kimi nəvəm olsaydı, məni çox istərdi, kömək edərdi…

Nərgizin qarıya yazığı gəldi:

-         Ağlama, qarı nənə, ağlama, kömək edərəm.

Onlar meşə ilə xeyli çox yol gedəndən sonra, nəhayət ki, qarının komasına çatdılar. Küpəgirən qarı sevindiyindən qəhqəhə çəkib güldü. Süpürgəsinə minib üç dəfə komasının başına fırlanandan sonra dayanıb dedi:

- Xoşum gəldi səndən, bu gündən oldun mənim nəvəm! Nəvəm olsan bax, bu süpürgəmi sənə verəcəyəm.

Nərgiz başa düşdü ki, qarı küpəgirəndir. Qorxsa da, özünü itirmədi. Qarıdan qaçıb canını qurtarmaq üçün yol axtardı. Bunun üçün ən əvvəl süpürgəni yox eləməliydi. Axı qaçanda qarı süpürgəsi ilə ona çata bilərdi. Ona görə qarını aldatdı:

 - Mənim nənəm tərtəmiz idi, saçları ipək kimi idi. Saçlarını darayardım, o da mənə nağıl danışardı. Sənin isə saçların tozludu, pırtlaşıqdı. 

- Mən də yuyunub təmiz olaram!

Qarı ocaq yandırıb su isitdi. Vannaya girib ləzzətlə çimməyə başladı. Qarı çimməkdə olsun, görək Nərgizin nənəsi neylədi…

Nərgiz gedəndən sonra nənə yuxudan oyandı. Gördü qucağındakı yumaqlardan biri yoxdu. Yumağı axtaranda baxdı yumağın sapı açılıb. Başladı onu yığa-yığa getməyə. Getdi, getdi, o qədər getdi ki, gəlib çıxdı düz, Küpəgirən qarının komasına.   

Gəlib elə bir vaxtda çıxdı ki, ifritə qarı vannada, Nərgiz də onun başını sabunlayırdı.

Nərgiz nənəsini görüb sevindi. Amma qaçıb onu qucaqlayıb ağlamadı. Nənəsinə işarə elədi ki, səsini çıxarmasın. Nənə hər şeyi başa düşdü. Səssizcə yaxınlaşıb qarının əllərini sarımağa başladı. Qarı bir neçə dəfə istədi gözlərini açsın, sabun gözlərini acışdırdığından aça bilmədi. Hirsləndi:

- Qız, əllərimi niyə bağlayırsan?

- Uzun dırnaqların mane olmasın.

 Nənə ifritə qarının ayaqlarını sarıyanda isə o soruşdu:

- Ayaqlarımı niyə sarıyırsan?

- Ayağını tərpədirsən, su sıçrayır, ocaq sönür. 

Qarının əl-ayağını sarıyıb qurtarandan sonra, Nərgiz süpürgəni ocağa atdı. Ocaqdan böyük bir alov qalxdı. İfritə başa düşdü ki, yanan onun süpürgəsidi, elə qışqırdı, elə qışqırdı ki, meşənin bu başındakı quşlar meşənin o biri başına uçdu. Qarı qışqırdı:

- Gör, başına nə oyun gətirəcəyəm! Səni bişirib yeyəcəyəm! 

Amma ifritə qarı Nərgizə heç nə eləyə bilmədi. Çünki artıq onun sehrli süpürgəsi külə dönmüşdü. 

Nənə ilə nəvə əl-ələ verib evlərinə qayıtdılar. Beləliklə, ağıllı qızın canı ifritə qarıdan qurtardı. Onlar şad yaşadılar, arzularına çatdılar.     
 

       Nağılçı: Gülzar İbrahimova