Biri vardı, biri yoxdu, Qızılcan adlı balaca qızıl balıq var idi. Babası həmişə ona öyrədirdi:
- Nə qədər ki, balacasan, özünü həmişə, hər yerdə qoru! Ən əsas suda yem axtaran yırtıcılardan qorun, bir də quruda balıq ovuna çıxmış insanlardan!
- Yırtıcılardan bilirəm necə qorunum. Bəs adamlardan necə qorunum?
- Eşit və bil! Adamlar iki yolla balıq ovlayır. Ya torla, ya da tilovla. Elə ki, tor, ya tilov gördün, tez ordan uzaqlaş! Tordan qorunmaq üçün diqqətli olmalısan, üzəndə gözlərini geniş açmalısan! Gərək sahilə yaxın üzməyəsən! Adamlar səni aldadıb tora salarlar! Məni də bir vaxt tora salmışdılar.
- Bəs necə xilas oldun? – Qızılcan soruşanda Qızıl balıq nəvəsinə “Balıqçı” nağılını danışdı, axırda da belə dedi, - insan dili bilirdim deyə, ona görə xilas oldum!
- Mənə də insan dili öyrət, baba, xahiş edirəm, nə olar!..
- Öyrədərəm! – Babası razı oldu. Tezliklə baba Qızılcana insan dili öyrətdi.
O gündən ki, balaca qızıl balıq insan dili öyrəndi, çox vaxt sahilə yaxın üzdü ki, kimsə onu tora salıb tutsun. Sonra o da insan kimi danışsın, babası kimi sehr, möcüzə göstərsin. Onun da haqqında əfsanələr qoşulsun. Lap "Balıqçı" nağılında olduğu kimi!
Amma tərslikdən heç kim, heç vaxt onu tutmurdu...
Amma bir gün bu baş verdi. Baş verdi deyəndə, əslində Qızılcan özü bilə-bilə, toru görə-görə düşdü balıqçı toruna. Balaca qızıl balıq istədi özünü sınasın. "Balıqçı" nağılındakı kimi sehr göstərsin, insan kimi danışıb adamların arzusunu yerinə yetirsin.
Sən demə, toru quran quldurlar imiş. Toru quldurlar çəkəndə Qızılcan Quldur toruna düşdüyünü başa düşdü və tordan xilas olmaq üçün çapalamağa başladı. Amma nə qədər vurnuxdu, tordan çıxa bilmədi. Bir quldur onu tutub dedi:
- Əla! Nəhayət ki, toruma qızıl balıq düşdü! Bu saat onu odda qızardıb yeyəcəyəm!
Qızılcan insan kimi dil açıb dedi:
- Ey insan! Məni suya buraxsan, əvəzində üç arzunuzu yerinə yetirərəm!
Quldurlar elə qışqırışa-qışqırışa danışırdılar ki, balaca balığın səsi heç eşidilmirdi.
- Necə də gözəldir, onu apar ver başçımıza! Nə vaxtdır Qızıl balıq axtarır!
Qızılcanı tutmuş quldur Qızıl balığı kiməsə vermək istəmirdi, amma Başçıdan da qorxurdu deyə, istəməsə də, deyinə-deyinə balığı ona apardı.
Quldurbaşı Balığı görəndə sevinmək əvəzinə hirsləndi:
- Neyləyirəm bu balaca balığı. Bu heç mənim dişimin dibində də qalmaz! Məni ələ salırsan? – Belə deyib balığı dənizə tulladı.
Qızılcan quldurlardan canı qurtardığına çox sevindi. Çünki o quldurları tanıyırdı. Bilirdi ki, onlar pisdilər.
Bundan sonra Qızılcan yenə də bikef-bikef üzməyə başlayır ki, onu kimsə tutsun!
Bir də baxır ki, uzaqdan bir qayıq görünür. Yaxınlaşanda görür bir balaca oğlanla, balaca qızdır.
- Kömək eləyin! - Oğlan qışqırırdı. Qız isə ağlayırdı. Qızılcan onlara yaxınlaşıb soruşdu:
- Nə olub, niyə qışqırırsız? Nə arzunuz istəyiniz varsa deyin, yerinə yetirim! Mən sehrli balığam!
Uşaqlar əvvəlcə balığın danışmağından qorxdular. Balıq bunu başa düşüb dedi:
- “Balıqçı” nağılını eşitməmisiz? Orda danışan Qızıl balıq mənim babamdır!
- Doğurdan? – deyə uşaqlar bir səslə soruşdular. Sonra isə tanış oldular:
- Mənim adım Güllüdür!
- Mənim adım Əlidir!
- Mən isə Qızılcanam! Qızıl balığın yüz beşinci nəvəsi!
Əli ilə Güllü başlarına gələni Qızılcana danışdılar. Güllü dedi:
- Qayıqda oturub, qəşəng oynayırdıq, bir də başımızı qaldırıb gördük dənizin ortasındayıq!
Əli bikef-bikef dedi:
- Qayıtmaq istəyirik, qayıqda avarçəkən də yoxdur ki, özümüz qayığı sürək!
- Mən sizə kömək eləyərəm, - Qızılcan deyib lovğalandı.
Uşaqlar balaca balığın sözlərinə təəccübləndi:
- Bapbalacasan, bizə necə kömək edə bilərsən?
Qızılcan istədi sehr oxuyub uşaqları evinə göndərsin. Amma neçə dəfə babasından öyrəndiyi sehri oxudusa da, köməyi olmadı. Uşaqlar elə yerlərindəcə qaldılar. Bu neçə dəfə təkrar olunanda uşaqları gülmək tutdu. Onlar balaca balığın oxuduğu sehrə güldü. Qızılcan pərt oldu: - Burda dayanın, tez gedim babamdan sehri yaxşıca öyrənim, gəlim!
- Dayanmayıb neyləyəcəyik? - Uşaqlar gülə-gülə dedi.
Qızılcan üzüb getdi babasının yanına. Başına gələnləri ona danışıb dedi:
- Baba, tez mənə sehr öyrət, gedim uşaqları xilas edim. Baba nəvəsinə sehr öyrətmək əvəzinə güldü. Qızılcan hirsləndi:
- Baba, nəyə gülürsən? - Sonra o, ağlamsındı. – Bu gün hamı mənə gülür! Qızıl baba, nə olar, sən tora düşəndə balıqçının üç arzunu necə yerinə yetirdin, onu mənə də öyrət!
- Bu əfsanədir, mənim ağıllı, xeyirxah nəvəm! Elə şey olmayıb! Bunu insanlar özləri uydurub ki, deyingən qarılar, deyinməklərini azaltsın!
Bu cavab heç Qızılcanı sevindirmədi. O ağlamsındı:
- İndi mən sehr göstərə bilməyəcəyəm? Əli ilə Güllünü xilas edə bilməyəcəyəm?
- Bunu sən bacarmazsan, yatmaq vaxtıdır, get yat!
- Yox, mən dostlarımı xilas eləməliyəm!
- Get xilas eylə, Amma bilmirəm balaca bir balıq neyləyə bilər ki, uşaqlar xilas olsun?
Qızılcan babasından ayrılıb qəmgin-qəmgin uşaqların yanına qayıdırdı, bir delfinlə rastlaşdı. Delfin soruşdu:
- Niyə bikefsən, nə olub?
Qızılcan əhvalatı olduğu kimi ona danışdı. Sonra dedi:
- Mən balaca olanda babam haqda nağılı eşidib, həmişə onun kimi sehrbaz, foksçu olmağı arzu eləmişəm. İstəmişəm kim məni tora salsa, onun üç arzusunu yerinə yetirim. Sən demə, babam heç vaxt, heç kimin arzusunu yerinə yetirib balıqçıya imarət tikdirməyib. Balıqçı və onun qarısının arzularını yerinə yetirməyib.
Delfin həyəcanla dedi:
- Qəm yemə, dediklərin nağıllarda olur, gedək uşaqlara kömək edək!
Qızılcan sevinc içərisində qışqırıb Delfinin quyruğundan tutdu:
- Getdiiik!
Onlar tələsik üzürdülər, yolda Xərçənglə Oxatana rast gəldilər.
- Hara belə tələsirsiz? – Deyə Oxatan soruşdu:
- Siz də gəlin! Qayıq dənizin ortasına iki uşaq gətirib, onlara kömək eləməyə gedirik! -
Xərçəng və Oxatan bikef-bikef soruşdu:
- Sizin heç nədən xəbəriniz yoxdu?
- Nədən?
- Deyirlər, Vəhşi Balina bir qayıq, qayıqda da iki balaca uşaq udub!
Dostlar eşitdiklərindən məyus olsalar da, Qızılcan həyəcanla dedi:
- Getdik uşaqları xilas etməyə!
- Necə? Axı daha gecdir! – dedilər.
- Gec deyil! - Deyib qızıl balıq planını dostlarına da dedi. - Balinalar böyük şey udan kimi yatırlar. İndi o yəqin ki yatıb. Mən, Xərçənglə Balinanın belindəki deşikdən girərik qarnına. Qarnını deşib uşaqları xilas edərik! Delfin uşaqları sahilə aparır, Oxatan da oxlarını atıb balinanın qarnını tikər.
- Əhsən sənə, Qızılcan! – Deyib hamı bu planla razılaşdı.
Onlar Vəhşi balinanın yanına çatanda gördülər o yatıb. Sakitcə Balinann belinə çıxdılar. Belindəki deşikdən balinanın qarnına düşəndə, xərçəngin qolları, qıçları keçib yolu elə bağladı ki, ilişib yarı yolda qaldılar. Nə çıxa bildilər, nə düşə bildilər.
Balina su ilə nəfəs aldığı yol tutulduğundan yuxudan oyandı. Axı, udduğu su onun belindən çıxmalı idi ki, ciyərində yenicə udduğu suya yer qalsın. Su çıxan deşik tutulduğundan az qaldı qarnı şişib partlasın. O qədər şişdi, şişdi, doğrudan da qarnı partladı. Uşaqlar da xilas oldular, Qızılcanla Xərçəng də.
- Vay, yekə qarnım partladı! – Deyib Balina qışqıran kimi Oxatan oxlarını atıb balinanın qarnını tikməyə bşladı.
Delfin tez uşaqların yanına üzdü. Uşaqlar onun qanadlarından tutan kimi sürətlə sahilə üzdü.
Beləliklə, Qızılcan və dostları uşaqları xilas elədilər. Onlar elə-sevindilər, elə şadlandılar, o qədər oynadılar ki, elə o vaxtdan da dənizdə böyük dalğalar yarandı. Bax elə həmin dalğalar da, indiyə qədər dalğalanır. İnanmırsan? İnan mənə, dostluq o qədər şirindir ki, o hər şeyə qadirdir. Sən də dostuna yaxşılıq elə, görəcəksən daxilində elə böyük sevinc dalğaları yarandı, az qalacaqsan sevincdən uçasan. Bütün bunlara inansan, özün görəcəksən!
Nağılımız bitdi, dalğalar əsib-coşub sakitləşdi. Qoy sevinc sənin də, mənim də ürəyimdən heç vaxt əskik olmasın. Bizi həmişə sevindirsin!
Nağılçı: Gülzar İbrahimova