(nağıl)
Qədim zamanlarda dağlarda, meşələrdə, çaylarda ancaq böyük heyvanlar, böyük balıqlar, böyük quşlar yaşayırdı. Dağlarda dinozavrlar, dənizdə balinalar, çayda böyük timsahlar, quşlardan qartallar olardı. Amma dünya dəyişdikcə, balaca heyvanlar, quşlar da yarandı.
Rəvayətə görə, qədimdə çox bilikli, sehrli bir alim varmış. Adına “Alim baba” deyərmişlər. Alim baba həmişə çalışarmış insanlar yaxşı yaşasın. Var-dövlət üstündə, yemək üstündə bir-birilərinə hücum edib dalaşmasınlar. Ona görə gecə-gündüz çalışar, insanlara bilik verərdi.
Bir gün Alim baba “Sehr məktəbi” açdı. İnsanlara başa saldı ki, əgər gözəl yaşamaq istəyirlərsə balalarını məktəbə göndərsinlər elm öyrədim. Alim babanın məktəbinə çoxlu uşaq gəldi. O, uşaqlara elm öyrətməyə başladı. Bir dərs uşaqlara hər hansı bitkini əkib artırmağı öyrətdi. Bir dərs yaşamaq üçün ev tikməyi öyrətdi. Bir dərs meyvəni yığıb qurutmağı öyrətdi.
Bütün bunlardan fayda görən şagirdlər daha səylə dərslərə gəlir, Alim babadan hər şeyi öyrənirdilər. Hətta uzaq məmləkətlərdən onun yanına elm öyrənməyə gələnlər var idi.
Bir dəfə Alim babanın yanına Si adlı bir kişi gəldi. Onun üç oğlu var idi. Si oğlanlarını Alim babanın yanına qoydu ki, elm öyrənsinlər. Onların üçünün də adı Çan idi. Ona görə də Alim baba onları nömrələdi: Çan-1, Çan-2, Çan-3.
Oğlanlar çox dəcəl idilər. Bir yerdə otura bilmirdilər. Bütün günü ağaclara dırmaşır, orda-burda bir şey tapıb yeyir, dava salıb qaçıb gizlənir , dərsi pozurdular.
Ataları Si oğlanlarını Alim babanın yanına qoyub, öz məmləkətinə qayıtmışdı. Buna görə də, Alim baba bu balaca oğlanları dərsdən qova da bilmirdi. Axırda Alim baba o qədər bezdi ki, sehr oxuyub Çanların üçünü də balaca bir heyvana döndərdi, özlərini də qəfəsə salıb ağzını bağladı. Qəfəsi bir tərəfə qoyub rahat dərsini keçməyə başladı.
Alim babanın bir sehrli kitabı var idi. Orda bütün qiymətli daşların düzəldilməsi yolları göstərilmişdi. Alim baba bir gün şagirdlərinə daş düzəltməyi öyrətməyə başladı. Misir adlı bir oğlan daş düzəltməyi çox tez öyrəndi. O, istənilən daşı, mərmər qranit hətta maqniti də düzəldə bilirdi. Daş düzəltməyi öyrənən kimi vətəninə getdi. Alim baba eşitdi ki, Misir vətənində daşdan hündür sütunlar, piramidalar düzəldir. Piramidaları elə qurur ki, Günəşin düşmə şüaları ilə tutuşur. Naxoş adamlar həmin piramidalara qalxarkən şəfa tapırlar.
Alim baba bundan həvəslənib şagirdlərinə qiymətli almaz daşı düzəltməyi öyrətdi. Almaz daş düzəltmək uşaqların çox xoşuna gəldi. Almaz daşı onu düzəldən şagirdə bağışladı. Amma sonra peşman oldu. Eşitdi ki, uşağı yolda döyüb almazı əlindən alıblar. Alim baba hirsləndi. Daha heç kimə almaz daş düzəltməyi öyrətmədi. Onun yolunu öyrədən kitabı isə suya atdı.
Aradan bir müddət keçdi. Alim babanın hirsi soyuyandan sonra şagirdlərinə qızıl daş düzəltməyi öyrətməyə başladı. Seylan adlı bir oğlan qızıl düzəltməyi hamıdan tez öyrəndi. Alim baba ona əhsən deyib, təriflədi. Qızılı ona bağışladı. Səhər uşaqlar Alim babaya dedilər:
- Alim baba, biz də qızıl düzəltməyi öyrənmək istəyirik, bizə də öyrət.
Alim baba üzünü Seylana tutub dedi:
- Bizim ağıllı, bacarıqlı bir şagirdimiz var, gəlin ondan xahiş edək, düzəltməyin sirini sizə öyrətsin.
Seylan bir az daş götürdü, bir az su, bir az dəmir, onları bir-birinə qarışdırdı. Sonra isə qaba töküb odun üstünə qoydu, qarışdıra-qarışdıra nəsə oxumağa başladı. Nə isə bu dəfə qızıl alınmadı. Alim baba onun səhvini düzəltdi:
- Axı sən dünən ocağın üstündəki qarışığa duz, mis, gil əlavə edib qarışdırdın, yadından çıxıb?
- Həə, çıxıb...
- Onda “Qızıl düzəltmək qaydası” kitabını götür, ordakı qaydaya bax gör nəyi düz, nəyi səhv eləmisən?
Seylan kitabların arasından müəllim dediyi kitabı axtarmağa başladı. Axtardı-axtardı tapmayanda müəllim hər şeyi başa düşdü:
- Nə cürətlə mənim kitabımı oğurlamısan?
- Mən oğurlamamışam kitabı!
- Dur gedək komanıza!
Onlar Seylangil yaşayan komaya getdilər. Alim baba içəri girən kimi komanın küncündə qazılmış oyuğu görüb qışqırdı:
- Odur mənim kitabım! Çıxarıb mənə verin onu!
Həqiqətən də Alim babanın dediyi kimi kitab oyuqdan çıxdı. Alim baba hirsindən Seylanı balaca, yastı, uzun, sürünən, eybəcər bir heyvana döndərib dedi:
- Acgözlüyün, pisliyin səni bu şəklə saldı. İndi ömrün boyu sürün! Səni insanlara düşmən etdim. Amma istəməsən də zəhərindən faydalanacaq, xeyir tapacaqlar. Sən isə ömrün boyu sürünəcəksən. Adını da ilan qoydum
Alim baba dərsinə qulaq asmayanları, dərsdə səs salanları xoşlamazdı. Şagirdlərin arasında Tutu adlı bir qız vardı, heç vaxt dərsdən qalmazdı, dərsə də qulaq asmazdı. Alim baba onu dərsdən çıxarsaydı ağlayardı, sızıldayardı. Alim baba təzədən onu dərsə qaytarardı.Hər dəfə Alim baba onu yoxlamaq üçün Tutudan soruşardı:
- Qulaq asmırsan dərsə? Nə dedim təkrar elə!
Tutu cavab verməyəndə daha da hirslənərdi.:
- Dərsə qulaq asmırsan, yanındakıları da söhbətə tutursan, qoymursan eşitsinlər.
- Bir də danışmaram! ‒ Deyə, Tutu hər dəfə desə də, yenə də müəllimi hirsləndirər, dərsə qulaq asmaz, dərsi pozar, səs salar, yanındakıları dərsə qulaq asmağa qoymazdı.
Bir gün belə, beş gün belə, günlərin bir günü Alim baba elə hirsləndi ki, Tutunu rəngli bir quşa döndərib dedi:
- Səni quşa döndərdim, adını Tutuquşu qoydum. Gördün dərsdə darıxırsan get bir qanad uç, gəz, gəl. Amma dərsimi pozma! Nə vaxt istəsən yenə səni qıza döndərərəm.
Tutu sevindi, müüəlliminə təşəkkür edib göyə uçdu.
Uçmaq. Hər gözəlliyi görmək o qədər xoşuna gəldi ki, daha heç vaxt insan olub yaşamaq istəmədi.
Həmin gündən quşa döndü. Amma hərdən dərsə gəlir, bir az dərsdə oturur, müəlliminin dediklərini təkrar edib, sonra yenə uçub gedirdi.
Tanıdığımız Tutuquşu da belə yaranıb.
Şagirdlərin içərisində bir oğlan varsdı, adı Şimşək idi. Bütün dərsi yeyər, dərsə qulaq asardı, amma soruşanda hıçqırar. Heç nə danışa bilməzi. Şagirdlərin içərisində heç beləsi yox idi. Özü də hamıdan yaxşı geyər, hamıdan yaxşı yeyərd.Uşaqların çoxu çarıq tapmayanda Şimşək çarıq geyinər, lovğalanardış Uşaqların çoxu arpa, buğda tapmayanda o şirin şörək yeyərdi.
Bir-iki gün Şimşək dərsə gəmədi. Alim baba nigaran qalıb Şimşəkgilin komasına getdi. Gördü Şimşəyin nənəsi xəstə yatır, Şimşək isə yatıb. Müəllim Şimşəyi oyadıb soruşdu:
- Dərsə niyə gəlməmisən?
- Nənəm mənə yemək qoymasa dərsə necə gələrəm?
Nənə halsız uzanıb elə hey “su-su”, deyirdi. Şimşək isə elə bərk yatmışdı, onu eşitmirdi. Müəllim su axtarıb tapmayanda gedib çaydan nənəyə su gətirdi.
Nənə su içəndən sonra danışa bildi. Onun halı özünə gəldi.
Müəllimi görüb ayağa qalxmaq istədi, qalxa bilmədi, təzədən uzandı.
- Bəs nənən xəstələnib niyə ona su gətirmirsən?
- Oğlanlar su gətirməz! Oğlanlar nənəyə baxmazlar, nənələr uşaqlara baxmalıdır!
- Nənən həmişə əziyyət çəkib hamıdan yaxşı geyindirib, hamıdan yaxşı yedirdib. Sən isə nənən xəstə olanda ona baxmırsan!
- Qocalar xəstə də olar, ölərlər də... Buna görə mən əziyyət çəkməliyəm? O uzaqlıqda çaydan gedib su gətirməliyəm?
- Axı həmin sudan sən də içirsən?
- Mən gətirə bilmərəm, sağalar, durar özü gətirər!
- O vaxta qədər ac-susuz qalacaqsan?
- Eybi yox, gözləyərəm, nənə sağalar, durub işləri görər!
- Yox, Şimşək, sənin kimilər insanlar arasında nə qədər az olsa o qədər yaxşı olar! Səni uzunqulağa döndərdim, get yaşa, yaşadıın zamanda da insanlara fayda ver. Adından Şimşəyi çıxartdım Eşşək yazdım. İşləyəcəksən, işləyəcəksən işləməkdən yorulmayacaqsan! Alim baba nənəni sağaltdı, nənə eşşəyi görəndə əvvəl ağladı. Amma alim baba hər şeyi ona başa salanan sonra nənə dedi:
- Düz eləmisən, alim baba, eşşək əgər bütün insanlara fayda verəcəksə, qoy eşşək qalsın!
Eşşək bunu eşidib anqırdı. Heç kəs başa düşmədi o razılıq elədi, yoxsa narazılıq elədi. Amma ən faydalısı o oldu ki, bütün dövrlərdə, hətta indi eşşəyin insanlara faydası dəyir.
Nağılçı: Gülzar İbrahimova