(hekayə)
Üç mehriban dost var idi - Əli, Vəli və Kərim. Onlar həm bir sinifdə oxuyurdular, həm də bir məhəllədə yaşayırdılar.
Bir gün Əli, Vəli və Kərim meşəyə gəzməyə getmişdilər. Onların günü meşədə elə maraqlı keçdi ki, bir də gözlərini açdılar ki, artıq hava qaralır. Üçü də qorxuya düşdü. Tez evə qaçmağa başladılar. Yolda Vəli dedi:
- Evə çatana qədər hava lap qaralacaq. Bizdən nigaran qalacaqlar. Gərək evdəkiləri aldadım, elə bir şey bəhanə edim ki, üstümə qışqırmasınlar. Bildim, deyəcəyəm ki, yol üstü dəydim babama. Bir az xəstələnmişdi, odunu da qurtarmışdı, evi soyuq idi. Ona görə bir az odun qırdım ona, ləngidim.
Vəlinin fikirləşdiyi yalan Kərimin xoşuna gəldi. O dedi:
- Mən də deyəcəyəm qarşımıza canavar çıxmışdı, dırmaşdıq bir ağaca, gözlədik ki canavar çıxıb getsin. Ona görə evə gec gəlmişəm. Bundan sonra atamın hirsi soyuyacaq, daha məni danlamayacaq. Əli hər iki dostuna qulaq asıb dedi:
- Yox, mən danlansam da yalan danışan deyiləm. Yalan danışmağı xoşlamıram. Siz də yalan danışmayın!
Dostları Əli ilə razılaşmadı.
Evə çatanda hava qaralmışdı. Hər üçünün atası nigaran qaldıqlarından, küçə qapısına çıxmışdılar. Vəli atasının yanına çatan kimi salam verib dedi:
- Ata, heç bilirsən başımıza nə gəlmişdi? Hamı həyəcanla soruşdu:
- Nə olub ki?
Vəli uydurduğu yalanı birnəfəsə danışanda meşə qoruqçusu onların yanından keçirdi. Söhbəti eşidəndə gülüb dedi:
- Oğlan, gördüyün başqa heyvan olub, bizim meşədə canavar olmur.
Vəli yalanının açılmasından çox pərt oldu. Hətta atası da oğlunun yalanından pərt oldu. Oğlunu evdə möhkəm danladı. Vəlinin yalanı Kərimin atasının da xoşuna gəlməmişdi. O hazırlaşırdı ki, bu haqda oğlu ilə evdə söhbət eləsin. Atasının susması Kərimi bir az qorxutdu, danlanacağından qorxub elə dəhlizdə söhbətə başladı:
- Ata, mən babamgilə getmişdim. Bir az soyuqlamışdı, odunu da qurtarmışdı…
Əlbəttə, Kərim hələ çox danışacaqdı, amma babasının içəridə divanda oturduğunu görəndə nitqi tutuldu. Onun da Vəli kimi yalanı çıxdı. Çünki babası onlara gəlmişdi. Utandığından rəngi oldu qıpqırmızı. Atası onu meşədən gec qayıtdığına görə yox, yalan danışdığına görə möhkəm danladı. Əli isə dostlarından fərqli olaraq ata-anasına düzünü dedi:
- Uşaqlarla elə maraqlı oynadıq ki, başımız qarışdı, bir də gördük gün batır. Meşədən düz evə qədər qaça-qaça gəlmişik. Yəqin ki, ki nigaran qalmısız. Mən bir də belə eləmərəm.
Ata və ana gördülər ki, Əli səhvini başa düşüb, onu danlamağa da ehtiyac bilmədir. Bircə atası onu dedi:
- Oğlum, bir az diqqətli olmaq lazımdır!
- Baş üstə, ata!
Əli yuyunmaq üçün vanna otağına keçdi. Sonra isə ailə mehriban-mehriban şam yeməyi üçün süfrə arxasına yığışdı.
Həmin hadisədən sonra Vəli və Kərim daha heç vaxt yalan danışmadılar. Dostları Əli kimi yalan danışmağı xoşlamadılar.
Müəllif: Gülzar İbrahimova