Çin hekayəti

Dünyanın fəlakət Pandameyası    

  (tarixi faktlardan yazılmış hekayə)

 Atam və anam təcrüməçi işlədiklərindən tez-tez xaricə gedirdilər. Çin dilini mükəmməl bildiklərindən onları tez-tez Çinə dəvət edirdilər.  
 Onlar hər dəfə Çindən qayıdanda ailəliklə oturub şəkillərə baxırdıq. Çox maraqlı şəkillər idi. Qədimi şəhərlər, çinlilərin həyatı, uşaqlar üçün Disney-Land mənim üçün çox maraqlı idi. 
“Təyyarəyə minmək, heç olmasa bircə dəfə Çində olmaq!”.  Bu idi ən böyük uşaqlıq arzum!  
Dünyada ən çox əhalisi olan və dünya iqtisadiyyatında birinci olan bir xalqın həyat tərzi mənim üçün çox maraqlı idi.
Atam söz vermişdi ki, yay tətilində məni də özü ilə Çinə aparacaq. 
Bir gün arzum yerinə yetdi. Təyyarəyə minəndə sevincdən, həyəcandan ürəyim çırpınırdı. Az qalırdım çıxım hündür bir yerə, qışqırım: “ Mən Çinə gedirəm!”, 
Dərslər də bitmiş, yay tətili başlamışdı. Özümü həmişəkindən daha böyük sayırdım. Çünki, artıq üçüncü sinfə keçirdim. Arzum böyümək idi, böyüdüm, arzum Çinə getmək idi, gedirəm! Xoşbəxt idim! 
Təyyarə buludların üzərində uçanda sevincimin həddi-hüdudu o qədər idi ki, elə bil təyyarə yox, özüm uçurdum.
Şanxay şəhərinin üzəri ilə uçanda isə gözlərimə inanmağım gəlmirdi. Şəhər elə möhtəşəm idi... Elə bilirdim yuxu görürəm. 
Təyyarəmiz yerə enəndə səhər idi. Atam çin dilində elə səlis danışırdı ki, elə bil çinli idi. Başa düşməsəm də ona heyran-heyran baxırdım. “Oksford” təmayüllü liseydə oxuduğum üçün ingilis dilini pis bilmirdim. Amma özümə söz verdim ki, mütləq çin dilini öyrənəcəyəm. 
Hava limanında bizi qoca bir baba qarşıladı. O, məni qucaqlayıb öpəndə atam dedi:
-    Tanış il, mənim çinli dostum, To Simidir. Osman, sən ona Simi baba da deyə biəlsən, Çufu Simi də deyə bilərsən. Çufu Çin dilində baba deməkdir. Simi baba çox maraqlı insandır. Təbiətin mühafizəsi ilə məşğuldur. 
Simi babanı görən kimi ondan xoşum gəldi. Çox gülməli üzü vardı. Adama da elə mehriban-mehriban baxırdı... 
Otelimiz mənzərəli bir yerdə, dağın ortasında  yerləşirdi. Pəncərədən baxanda bir yanda şəhər, o biri yanda dəniz görünürdü. Simi baba bizi otelə yerləşdirib getdi. 
Atamla nahara düşəndə Simi baba da orda idi. Onun yanında qıyıq gözlü, güllü paltarlı, qəşəng bir qız da vardı. Yaşca məndən bir az böyük olardı. Tanış olduq. Simi babanın nəvəsiydi, adı To Aya idi. Hər ikimiz ingilis dilində danışırdıq. Çox maraqlı qız idi. Az vaxtda onunla dostlaşdım. Nahardan sonra atam dedi:
-    Osman, To Aya gəlib səni Disneyləndə aparsın, getmək istəyirsən? 
-    Əlbəttə! - Deyib sevindim. -  Disneylənd çoxdankı arzumdur. 
-    Elə isə gedin, çox da uzaqda deyil. Avtobusla gedəcəksiz.  
Bu lap ürəyimcə oldu. Biz “Uraaa, yesss” qışqırıb, sevincək Disneyləndə getdik.
Disneylənddə gün maraqlı keçdi. To Aya hər dəfə məni ən sürətli karuselə mindirirdi. Hərdənbir qorxsam da, utandığımdan büruzə vermirdim. 
Yorulana qədər əyləndik. Qorxulu “Helloin” otaqlarını gəzdik, dondurma yeyib, kafedə pizza yedik, nağıl qəhrəmanları ilə şəkil çəkdirdik, günümüz əla keçdi. 
Suvenir mağazasında o qədər maraqlı əşyalar vardı, bilmirdim hansını alım. Axırda üstü döymə bəzəklərlə bəzədilmiş bir raqadka (sapand aldım). Sonra dedim:
-    Karusellər bitib-qurtaran deyil. Daha ayaqlarım getmir. Yoruldum, gedək!
-    Osman, nə tez yoruldun, istəyirdim bir az da gəzək. Eybi yoxdur, istəsən sonra yenə gəzərik, gedək! - Deyib, To Aya razılaşdı.
Şanxay mənim çox xoşuma gəldi. Atam işlərini görür mən isə gəzirdim. Vaxtın çoxunu To Aya ilə keçirirdim. O da məni şəhəri gəzdirir, muzeylərə, karusellərə, parklara, gəzməli yerlərə aparırdı. To Aya ilə yaxşıca gəzirdik.   O qədər gəzirdik, ayaqlarım güclə yeriyirdi. Maraqlı o idi ki,özü yorulmurdu. Deyirdi, piyada gəzməyə öyrəşib.
Hər şey ürəymcə idi. Atam mənimlə çox olmasa da, darıxmırdım. 
Axırıncı gün qayıtmalıydıq. Təyyarəmizin uçuş vaxtı gecə idi. Hələ axşama qədər gəzmək olardı. Günorta Simi baba və To Aya məni otelin qarşısında gözləyəcəkdilər zooparka gedək. 

Biz 18 ci mərtəbədə qalırdıq. Burdan adamlar o qədər kiçik görünürdü ki... Bir də pəncərədən boylananda To Ayanı gördüm. Çox istəyirdim o da mən görsün. Bu vaxt o da yuxarı boylanıb məni gördü və mənə əl elədi. 
Birdən dağda, bağçada nə qədər quş vardı, hamısı uçub otelin binası qarşısında dövrə vurmağa başladı.  Quşların arasından To Aya daha görünmədi. Mən heç yerdə bu qədər quş görməmişdim. Hardansa ağlıma axmaq bir fikir gəldi: “Quşlardan birini raqadka (sapand) ilə vurum, To Aya görsün onu necə vurdum”. 
Qaçıb bel çantamın cibindən raqadkamı çıxartdım. Elə səmt seçdim ki, orda adamlar olmasın. Raqadkaya daş qoydum, tuşladım quşlara, rezini çəkdim. 
 Bir anda bütün quşlar gözdən itdi, onlardan biri isə sürətlə yerə düşdü. 
-    Uraa, - deyib qışqırdım. Dəydi! – deyib əyilib aşağı baxdım ki, görüm To Aya gördü bunu? 
Qoca baba uzaqdan yerə düşən quşu gördü və hamıdan qabaq qaçıb tez quşu yerdən qaldırdı. Ətrafa boylandı ki, kimin vurduğunu tapsın.   
Mən həyətə düşənə qədər ora çoxlu adam yığılmışdı. To Aya mənə yaxınlaşdı, yavaşca əlinin işarəsi ilə “sus”, deyib mənə səssiz gözləməyi xahiş elədi. 
Simi baba hay-küylə ətrafdakılara nəsə deyir, quşun əzilmiş qanadını və ona dəyən daşı göstərirdi. Hətta həkim də gəldi. Quşun qanadını sarıyandan sonra qoca sakitləşdi. 
Mən pərt olmuşdum. Bilmirdim ki, bir quşa görə belə hay-küy qopa bilər. Bununla belə, mən quşu vurduğumu boynuma almalı, babadan üzr istəməliydim. 
Baba skamyada oturdu. O, sakitləşən kimi mən raqadkanı cibimdən çıxarıb stola qoydum, ondan üzr istədim. O, bir əlini alnına qoyub, bir xeyli bikef oturdu. Dəsmalını cibindən çıxarıb gözünü siləndə başa düşdük ki o ağlayır. Hər ikimiz çox pis olduq. To Aya dözə bilməyib ayağa qalxdı. Babasının əlindən tutub acıqla ona nəsə dedi. 
Simi baba sakitləşib başımı tumarladı. Başa düşdüm ki, məni bağışladı. 
Mən To Ayadan soruşdum ki, nə dedi babasına? O, belə cavab verdi: “Babama dedim, niyə bir sərçədən ötəri qonağın qəlbinə dəyirsən. Quş ölmədi ki, qanadı azca yaralanıb, həkim dedi, sağalacaq. Bir də ki, hər gün yediyimiz heyvan, quş əti deyil ki?”.
“Doğrudan ki...”.  Deyib çiyinlərimi çəkdim. Fikirləşəndə, Simi babanın niyə belə etdiyini hələ də başa düşə bilmirdim. 
Əslində indi biz zooparka getməliydik, amma Simi babanın birdən-birə planı dəyişdi. O, zəng edib atama dedi ki, zooparka getməmişdən əvvəl məni evlərinə qonaq aparmaq istəyir. Atam razılaşdı. Mən də sevindim. Çox istəyirdim ki, To Ayanın harda yaşadığını görüm. 
Simi babanın evi təbiətin qoynunda, mənzərəli bir yerdə yerləşirdi. Çinin milli üslubunda tikilmiş birmərtəbəli ev idi. Qədimi evə oxşayırdı. 
Evə çatan kimi mənə qəşəng süfrə açdılar. Çox dadlı milli yeməklərdən sonra baba bizə keçmişdə quşlarla bağlı olmuş bir faciə danışdı. Sən demə, To Ayanın da bundan xəbəri yox imiş. 
Simi baba mənim onu başa düşməyim üçün qulağıma tərcümə aparatı taxdı, özü isə mikrofona danışmağa başladı. Aparat onun dediklərini azərbaycan dilinə tərcümə edirdi.  
Simi baba danışdıqca, başa düşdüm ki, mən quşu vuranda o çox narahat olub... Elə bilib ki, 1958 ci ildə olduğu kimi yenə də Çində quşları qırmağa başlayırlar. 
Simi baba sözünə belə başladı: 
“İndi sizə Çinin tarixində olmuş bir hadisə danışacağam, biləcəksiniz ki, quş yaralananda niyə hamı həyəcanla onun başına toplaşmışdı... 
Dediklərimi diqqətlə dinləyin!
Bir vaxt olub ki, çin xalqının, yəni mənim xalqımın başına çox pis fəlakət gəlib.  

Mən onda cavan idim. Ölkəmizin başçısı Mao Tzedun idi. Çox uzaqgörən olmasa da, həmişə ağıllı görünməyə çalışardı. 
Mao Tzedun hakimiyyətdə olanda kəndlərdən camaatı şəhərə gətirdirdi ki, zavodlarda, fabriklərdə işləyib, ölkəni varlandırsınlar. 
Bir gün ölkə rəhbərinə dedilər: “Kəndlər, torpaqlar başsız qalıb, əkən-becərən yoxdur, aclıq başlayıb. 
Başçı tez “həyəcan təbili calıb”, partiya işçilərini başına topladı. “Neyləyək?”, deyə onlardan soruşdu. Dedilər:
-    Çörək ehtiyatımız günü-gündən azalır, təzədən kəndə qayıdaq, taxıl əkək!
Hamı razılaşdı. Boş torpaqların çoxu əkildi. Taxıl azca cücərən kimi quşlar taxılı yeməyə başladı.  
Onda ölkə başçısı yenə işçilərini başına toplayıb soruşdu:
-    İndi necə edək? Sərçə, siçovul, çəyirtkələr məhsulu yeyir. 
Bu zaman Təhsil naziri müavini Çjou Çzjan qəribə söz dedi:
-    Çin xalqı bu ziyanverici canlılara qarşı müharibəyə başlasın. Məktəblər müvəqqəti bağlansın, uşaqlar da bu quşları, həşəratları məhv etsin!
Hamı müavinə “əhsən”, deyib onun təklifi ilə razılaşdı, təkcə Mədəniyyət naziri Pen Dexuay çıxış edib qərarı pislədi:
-    Dayanın, durun, insanlar! Bu yanlış qərar təbiəti, canlıları məhv etməkdir! Biz təbiətdən öyrənməliyik, yoxsa onun yaratdıqlarını məhv etməməliyik! Artıq neçə yüz illərdir ki, alimlər bir arının hazırladığı qiymətli, çox dəyərli balı əldə etmək üçün təcrüçələr keçirir, milyonlarla pul xərcləyirlər, amma hamısı əbəs. Bacarmırlar. Təbiətdə nə varsa, o gərəklidir. Hətta qorxduğumuz ilan belə bizə qiymətli, şəfalı zəhərini verir. Biz nə gücün sahibiyik ki, təbiət kimi qüdrətli bir varlığa qarşı çıxaq? Belə bir qərar bizim üçün düşüncəsiz addım olar. 
Hökumət başçısı nazirin belə çıxışından hiddətləndi:
-    Pen Dexuayı, bu qədər uzun-uzadı çıxış edib vaxtımızı aldığın bəs deyil, üstəlik partiya üzvlərinə qarşı hörmətsizlik edib, onları “Düşüncəsiz”, adlandırırsan?
Mao Tzedun buna görə hətta Pen Dexuayı həbs elətdirdi. 
Pen Dexuayı bir xeyli həbsdə qalandan sonra Mao Tzedun öz səhvini başa düşüb onu azad etdi. Amma çox gec idi. Milyonlarla insan bu səhvin qurbanı oldu. Fəlakət isə belə baş vermişdi. 
Bir gün Çin ölkə rəhbəri Mao Tzedun qərar verdi: “Bu gündən etibarən ölkə ərazisində bütün sərçə, siçan, siçovul və çəyitkələr məhv edilsin!”.  Qərar verilən kimi camaat “Yaşasın dahi Mao” şüarları altında canlıları məhv etmə kompaniyasına başladı. Siçan, siçovul, çəyitkələri məhv etmək asan idi. Amma sərçələri öldürmək çətin idi. Adamlar əziyyət çəkirdi. 
Əvvəlcə sərçələri zəhərləyib öldürdülər. Amma bu o qədər effektli olmadı. Onları havadan vurmaq da asan olmadı. Başqa yol tapdılar.. 
Çinlilər öyrəndi ki, sərçələr 15 dəqiqədən çox havada qala bilmir. Ona görə hamı ayıq oldu, sərçə dincəlmək üçün harasa qonan kimi onu qoxudub qaçırtdılar. Yorulmuş sərçəni isə ya ayaqları altında əzib öldürür, ya da daşla vururdular. 
Böyüklərin də, uşaqların da quş öldürmək üçün raqadkası vardı. Ən çox quş öldürən məktəbliyə tərifnamə verilir, şəkli şərəf lövhəsinə vurulurdu. 
Qərar çıxan kimi üç gün ərzində Pekin və Şanxayda milyonlarla quş məhv edildi. 
Bir ildə 2 milyard sərçə məhv oldu. Çinlilər bu nailiyyətləri ilə fəxr edir, ölü quşlardan yaranmış təpələrin, dağların yanında şəkil çəkdirirdilər. Televiziyada uğurlar haqda fəxrə danışılırdı.  
Quşların müdafiəsinə qalxanlar, çıxış edənlər xalq düşməni, dövlət xaini sayılırdılar. Kimsə sərçələri qorumaq üçün onu evində gizlədirdisə, hökumət adamları xəbər tutan kimi onun özünü cəzalandırırdılar. 
Artıq ilin sonuna ölkədə quş qalmadı. Çinlilər uğurlarına sevinirdilər. Məhsul gözlədiklərindən də çox olmuşdu. Onu yığıb-yığışdıra bilmirdilər. 
Amma bu sevinc də uzun sürmədi. Bu dəfə taxıla çəyirtkələr, tırtıllar, başqa-başqa ziyanlı həşəratlar, böcəklər hücum etdi. Onlar yediklərini yeyir, məhsulun içərisində balalayaraq, qalan məhsulu zay edirdilər. 
Nəticədə taxılın içərisində yeni qurdlar əmələ gəlib onu çürüdür, yararsız edirdi. Qurdlar bəzən elə kiçik olurdu ki, onu tapıb məhv eləmək mümkün olmurdu. Özləri də elə sürətlə artıb-çoxalırdılar ki, dərman vurmağa, məhv eləməyə çatdırmaq olmurdu. Bu ziyanvericilər təkcə taxıl yeməklə kifayətlənməyib meşələri də məhv eləməyə başladılar. 
Çinlilər lap başlarını itirdilər. Həşəratlar xoşbəxt yaşadıqları bir vaxtda Çində aclıq başlandı. Elə bir vaxt gəlib çatdı ki, adamlar çörək tapa bilmədi.  
Səhv qərar çıxarmış ölkə başçısı qorxudan xalqın arasına çıxa bilmirdi. Hamı onu pisləyirdi. Televiziyadan xalqa vədlər verilsə də, bundan heç kəs doymur, daha ölkə rəhbərinə inanmırdılar. 1960-cı illərdən Çində çox dəhşətli aclıq illəri başlandı. Az bir vaxtda 30 milyon insan acından öldü. 
Bunu görən ölkə başçısı yeni qərar verdi: “Ölkəmizə təcili olaraq sərçə lazımdır. Bunu başqa ölkələrdən pulla da olsa, almalıyıq!”. Çin Sovetlər ölkəsindən və Kanadadan xahiş etdi ki, ona kömək etsinlər.
Həmin ölkələr Çinə vaqonlarla sərçə göndərdi. Gec də olsa, sərçələr açlığın qarşısını aldı. Onlar ziyanlı həşəratları yeyib, artmağa qoymadılar, taxılı onlardan qorudular.
Beləliklə, bizim adi quş kimi baxdığımız sərçələr, insanları aclıqdan xilas elədi. 
Elə o vaxtdan da Çinlilər, sərçələrə müqəddəs varlıq kimi baxır, onlara daş atmır, qoruyurlar. 
Simi baba bunları danışıb qurtaranda baxdı ki, hər ikimizin gözümüz yaşarıb. Sonra bizə çoxlu rəngi solmuş şəkillər göstərdi. Şəkillərdə Mao Tzedun da var idi. 
Soruşdum: “Simi baba, dediklərinizi sizə kim danışıb?”.  Belə deyəndə To Aya ayağa qalxıb gəldi babasının yanına onun boynunu qucaqlayıb öpdü və dedi:
-    Mən bilmirdim ki, mənim əziz babam vaxtilə quşları qorumaq üçün həbsdə yatıb. 
-    Necə? Pen Dexuay sənin babandır?
-    Babamın adı Pen, soyadı  Dexuaydır. Simi onun babasının adıdır, ona görə hamı ona Simi baba deyir. O, Şanxayda Təbiətin Mühafizə Komitəsinin sədridir. Mənim atam isə Pekində Quşların Qorunması işində çalışır. 
Mən qalxıb Simi babanı qucaqlayıb dedim:
-    Mən sevinirəm ki, sizin kimi dostlarım var. Sizi heç vaxt unutmayacağam.  
Sonra biz zooparka getdik. O gündən, mən heyvanlara, quşlara tamam başqa gözlə - təbiətin bir möcüzəsi kimi baxmağa başladım.  
Azərbaycana qayıdandan sonra mən də böyüyəndə belə bir cəmiyyət yaradacağımı arzuladım. Sonra anladım ki, bu bizdə elə də vacib deyil. Bizdə quşlar öz sakit həyatlarını yaşayırlar. 
Gənc yaşımda bircə arzum vardı. Çin dilini sərbəst öyrənim, Çinə gedim, qədim abidələri gəzim, Çin mədəniyyətini öyrənim. To Ayanı tapım, biz yenə bir yerdə, deyib gülə-gülə şəhəri gəzək. To Aya görsün ki, mən onun dilini necə mükəmməl öyrənmişəm. Səbirsizliklə Çinə gedəcəyim günü gözləyirdim. Bu idi mənim gənclik arzum! 
Axır ki, Çin dilini tamam öyrəndim. Gələn ay tələbə yoldaşlarımla Çinə getməyə hazırlaşırdıq. Qəfildən eşitdik ki, Çində - yarasalarda çox pis bir virus tapılıb, həmin virus insanlara da keçib. Virusa yoluxanlar arasında ölənlər də var. 
 Dəhşətə gəldim. Eşitdiklərimi dəqiqləşdirmək üçün– Çinə, To Ayaya zəng etdim.
-    Nə baş verib,- ondan soruşanda ağladı. – Səbəbini deyə bilmirəm, dedi. Ürəyim partlayır. Amma sən bilirsən, babam sənə danışıb. Ona oxşar bir fəlakətdir. Tarix təkrar olur. O zaman sərçələri qırmışıq, indi də yarasaları qırırıq. 
-    Yarasaları niyə qırırsız?
-    Başqa yol tapılmır, deyirlər koronovirusun daşıyıcıları yaraslardır. Onları qırmaq lazımdır. 
-    Bilmirsiz bunu kim edib? 
-    Keçmişdə məlum idi quşların facəsi nədən baş verib. İndi heç kəs boynuna almır ki, bu virusu yarasalara niyə salıb, nə məqsədə bunu edib? Virusu yaradan onun məhvi yollarını da bilir. Amma qorxudan, cavabdehlikdən qaçıb elə gizlənib ki, heç kəs onları tapa bilmir. Koronavirus dünyaya elə sürətlə yayılır ki, artıq Pandameya faciəsinə dönüb. Dünyaya yayılan Pandameyanın məhz mənim ölkəmdə yarandığına görə bir çinli kimi xəcalət çəkirəm. Allah dünyamızı bu fəlakətdən qorusun! 
Mən heç bilmirdim nə deyim, amma nəsə demək istədim, dostuma səbr diləmək istədim, ya təsəlli vermək istədim, deyə bilmədim.  Xətt kəsildi, sonra To Ayaya zəng çatmadı. Çatsaydı da nə deyəcəkdim ki... Bircə onu deyəcəkdim, Allah dünyamızı bu fəlakətdən qorusun! 

 

     Müəllif: Gülzar İbrahimova