Qəmli dastan
Deyirlər qədimdə bir dəniz varmış
Dənizdə sehrli tayfa yaşarmış
Onlar yarıbalıq, yarıinsandı
Başçıları ağıllı bir sultandı.
Saçlarını dalğalarla darayan,
Gül üzünü dəniz şehində yuyan
Gözəllikdə Günəşlə bəhsə duran
Sultanın çox gözəl bir qızı varmış
Bu gözəlin adı Su pərisiydi,
O dənizin ən nadir incisiydi.
Qızın mavi, gözəl gözləri vardı,
Baxışları düz qəlbə sancılardı
Qızılı saçları şəfəq saçardı.
Dənizdə dalğa tək dalğalanardı
Quruda saçları qıvrımlanarkən
Su toxunan təki saçaqlanardı
Kimsə görməmişdi belə bir varlıq,
Elə üzərdi, yanında yalandı balıq
Əynində pulcuqdan mavi don vardı,
Günəş şəfəqi tək par-par yanardı
Su pərisi sehrli məxluq idi
Həm heyvan, həm insan dili bilrdi
Dənizdə üzəndə balığa dönür,
Quruda qız olub nazla gəzirdi.
Gənc yaşına təzə yetmiş bu gözəl,
Bütün günü mavi dənizdə üzər,
Xırda balıqlara həyan olardı,
O gücsüzü güclüdən qoruyardı!
Pərinin çox incə ürəyi vardı,
Dara düşəni dardan qurtarardı.
O heç bir kəsin qəlbinə dəyməzdi
Və bir kəsi özündən incitməzdi!
Su sultanı qızını çox sevərdi
Onu uşaq kimi əzizləyərdi,
Verərdi qızına öyüd-nəsihət
Dünyəvi-aləmdən böyük bir hikmət
- Qızım! Mənim gözəl dəniz ulduzum!
Qəlbimin parası, gözümdə nurum!
Vermiş Tanrı mənə sənin tək övlad
Hər baxanda sənə olur qəlbim şad
Bircə diqqət ilə qulaq as mənə
Əməl et həmişə dediklərimə
Böyüyün sözünü eşidən cavan
Nəsihətdən xeyir tapar hər zaman
Ey qızım, bəxtəvər olmaq istəsən,
Gərək insanlardan uzaq gəzəsən.
Vəhşi bir qan axır insan canından
Gözü heç vaxt doymaz dünya malından
Kimsəyə rəhm etməz olsa qarnı ac.
Can alar canlıdan qalsa naəlac.
Bizə qəm-kədər, gələr yalnız ondan
Dənizin qatı düşməni insandan
Gücü çatsa o dəryanı qurudar
Bütün balıqları qırar-qurtarar
İnsan övladından dost olmaz bizə
O düşmən kəsilib taleyimizə
Su pərisi atasını eşidər,
Heç bir vaxt sahilə yaxın getməzdi.
Öz sevdiyi mavi dənizdə üzər,
İnsanların gözünə görünməzdi.
Həmin dənizdə günlərin bir günü
Buludlar örtdü Günəşin üzünü
Necə başladısa möhkəm bir tufan
Balıqların rəngi qaçdı qorxudan
Qoy dənizdə tufan əsməkdə olsun,
Mən isə sənə qurudan danışım
Dənizdə dalğalar kükrəsin-coşsun,
Sənə gənc bir balıqçıdan söz açım…
Dəniz kənarında bir koma varmış,
Komada balıqçı oğlan yaşarmış,
O hər gün qayıqla ova çıxardı
Tor atar, dənizdən balıq tutardı
Bir gün həmin oğlan mindi qayığa,
Yollandı dənizdən balıq tutmağa
O ürəkdən şən mahnı oxuyurdu,
Balıqlara yaxşı tor toxuyrdu.
Toru yavaş-yavaş çəkəndə oğlan
Qəflətən dənizdə başladı tufan
Bir anda qayığı tərsə çevirdi
Cavanın bəxtinə düşmən kəsildi
Oğlan nəhəng dalğalarla çarpışdı,
Qolları taqətdən düşənə qədər.
Sonra isə taleiylə barışdı,
Ciyəri su ilə dolana qədər
Uzaqdan cavanı görən balıqlar,
Qorxaraq dənizə hay-küy saldılar
Üzüb Su pərisi səmtə getdilər,
Qızı bu xəbərdən agah etdilər.
Elə ki xəbəri Pəri eşitdi,
Üzərək cavanın dadına yetdi.
Tanrıdan oğlana ömür dilədi,
Cavanı ölümdən xilas elədi.
Oğlan yavaş-yavaş gözünü açdı,
Pərini görəndə dili lap çaşdı
Danışa bilmədi nitqi tutuldu,
Bir qəlbdən min qəlbə qıza vuruldu
Sevgi oxu girib gəncin qəlbinə,
Ordan yollandı qızın ürəyinə
Hər ikisi eşq oduna yandılar,
Bir-birinə ürəkdən bağlandılar
Sonra onlar sahildə görüşdülər,
Sevgidən gözəl bir çələng hördülər.
Bu minvalla günlər ötüb keçirdi
Gənclər hər gün eşq badəsi içirdi
Bir gün cavan gəldi görüş yerinə,
Doyunca baxmaqçün sevgilisinə
O özüylə gətirmişdi bir ceyran,
Pəri onu görən tək oldu heyran.
Qız ceyranın başını sığalladı
Ceyran onun əllərini yaladı,
Bala ceyran elə hey mələyirdi,
Sanki qıza o nə isə deyirdi.
Birdən cavan tamamilə dəyişdi
Qandan öz gözünə bir pərdə çəkdi,
Qəflətən qılıncı çıxarıb qından
Ceyranın başını üzdü boynundan.
Bala ceyran xırıldadı dəhşətlə,
Oğlana baxaraq kinlə, nifrətlə
Aləmə yayıldı ceyranın ahı,
Ceyran bilmədi ki, nəymiş günahı…
Su pərisinin gözləri qaraldı,
Geniş dünya sanki ona daraldı
Ceyranın başını kəssə də xəncər,
Torpağa yıxıldı o nazlı dilbər.
Bala ceyran qıza baxıb ağladı
Qız da onun göz yaşını yaladı
O körpə balanı basıb bağrına
«Aman, sən neylədin?», dedi oğlana!
Oğlan qılıncını qoyub qınına
Təəccüblə baxdı Su sonasına
-Gözəllər-gözəli! Bilmədim nədən,
Saraldı al rəngin, soldu gül çöhrən?
Nə etdim, nə dedim dəydi qəlbinə,
Mənə açıq söylə, Tanrı eşqinə?!
Gəl, bir yerdə məclis quraq keyf edək
Şənlənək, şərab içək, deyək-gülək.
Pərinin qəlbini deşdi bu sözlər,
Söylədi oğlana «Bəsdir, sus, yetər!».
Gözündə gənc çevrilib bir ilana,
Sarıldı pərinin incə boynuna
Pəri peşman-peşman ayağa qalxdı
Ürəyindən qapqara qanlar axdı
İçini çəkərək söylədi: «Oğlan!
Sənə neyləmişdi bu quzu ceyran?
Axı bu heyvanın nəydi günahı
Qorxmadın ki, səni tuta onun ahı?
Yazığın gəlmədi körpə canına
Neyçün onu qəltan etdin qanına?
Onun da istəyi, arzusu vardı
Böyüyüb bir gözəl ceyran olmaqdı
Nə ürəklə ona qılınc qaldırdın?
Bir ananı bir baladan ayırdın?
Bəlkə sən Tanrısan, ya Yaradansan?
Bəlkə Əzrayılsan? Ya can alansan?
Bəlkə o canlıya sən can veribsən?
Bəlkə damarından al-qan veribsən?
Tez ol diz üstə çök, yalvar Allaha
De ki, sən batmısan böyük günaha!
Şeytan səni düz yolundan azdırıb,
Səni başdan edib, yoldan çıxarıb»!
Gənc görəndə Pərini gözü yaşlı
Ürəyi dözmədi, qəlbi alışdı
Alıb Pərinin əlini əlinə
Belə sölədi o sevgilisinə:
-Burda nə var ki, mən günaha batam,
Şeytan əməliylə yolumdan azam?
Ov ovlamaq bizdə günah sayılmaz,
Ox atmayan cavan igid ər olmaz!
Nə böyük şeydir ki, bir quzu ceyran…
Onunçün edəsən məni peşiman
Gəl, bir heyvan üstdə qaş-qabaq tökmə,
Məni nahaq yerə müqəssir etmə!
Pəri bir an göz yaşını qurutdu
Üzünü göydəki Tanrıya tutdu:
Dedi: – «Ey Allahım! Nə üçün, nədən?
Rəhmini insana çox az vermisən?»
Üz çevirərək qəddar insanlardan,
Dənizdə yox oldu Pəri o vaxtdan.
Ağlamaqdan qızın gözü kor oldu
Dəniz suyu göz yaşından şor oldu
Cavan öz eşqini çox soraqladı
Ürəyi həsrətə dözənə qədər
O qədər diz üstə çökdü ağladı
Dizləri taqətdən düşənə qədər
Hekayətin sonu bitdi kədərlə,
Cavan döndü qayada daş heykələ!
Su pərisi və balıqçı oğlandan
Sonralar yazıldı bu qəmli dastan...