“Oğul”, - dedi mənə Vətən

 

Yaralandı, bir  gün Vətən, 
Qarşısında diz çökdüm mən,
Vətənimə dəyən güllə
Sancıldı düz ürəyimə,
Həm də məni yaraladı,
Ürəyimi paraladı.

Ürəyim yaman ağrıdı,
Vətən dərdi çox ağırdı,
Bir səs gəldi ürəyimdən, 
Qurban olum sənə Vətən! 

Dedim Vətən, lazım olsa, 
Sənə qanımı verərəm,
Lazım gəlsə canımı da
Səndən əsirgəmərəm!

Belə deyib sızladım,
Vətənimi əzizlədim, 
Oxşadım.    
Ürəyindən gülləsini 
Dişlərimlə çıxartdım,  
Vətənimin yarasını,
Əllərimlə bağladım.
 
Gecə -gündüz keşiyində 
Dayandım, oyaq qaldım, 
Sızıltısına “can” dedim 
Yarasına qurban dedim,
Yuxusuz günlər keçirdim
Hədər getmədi zəhmətim!

Bir gün Vətən ayıldı,
Yaraları sağaldı, 
Başı üstə görüb məni,
Başımı tumarladı,
“Oğul” - dedi, mənə Vətən, 
Ağladım sevincimdən!

 

                        Müəllif: Gülzar İbrahimova