Lalə vətənsiz qalmaz! 

 

-Ay gözəl-göyçək Lalə,
Əlini ver əlimə,
Çıxaq seyrə çəməni, 
Gəzək dağı, düzəni.

Əgər istəsən səni, 
Evə də apararam,
Bir büllur qaba qoyub,
Hər səhər suvararam.

Hər nazını çəkərəm,
Səni əzizləyərəm,
Al rənginə baxaram, 
Gül ətrini qoxaram.


-Sən gülə aşiq olan, 
Ey yaraşıqlı oğlan!
Mən Laləzar qzıyam,
Paltarı qırmızıyam.

Adi gül deyiləm ki,
İllərlə mən yaşayam...
Çəmənzarı aşaram,     
Cəmi bir yaz yaşaram.


Əgər yurdumdan alıb,
Çəmənzardan qoparıb,
Dərsən məni, ey cavan,
Peşiman olacaqsan! 

Lalə görüb çəməndə,
Salma onu kəməndə!
Dərsən, Lalə tez solar,
Həmin anda məhv olar. 

Əllərdə gəzməz lalə,
Vətənsiz dözməz Lalə,
Hətta evə aparsan,
Evi bəzəməz Lalə...

Nəinki billur qablar,
Büllur saraylar belə, 
Vətəni əvəz etməz,
Ona yurd ola bilməz!

Lalə qərib yaşamaz,
Lalə VƏTƏN rəmzidir,
Lalə VƏTƏNSİZ olmaz,
Lalə VƏTƏNSİZ qalmaz!

 

                            Müəllif: Gülzar İbrahimova