İgid oğlan haqqında nağıl
(Nağıl)
Biri var idi, biri yox idi, min il bundan qabaq Ərdəbil adlı məmləkətin Bilalabad kəndində Həsən adlı yetim bir oğlan var idi.
Uşaq vaxtından yetim qalmış Həsən varlıların mal-qarasını otarmaqla dolanardı. O, mal-qara otaranda da vaxtını hədər keçirməz, daşların üstündə öz-özünə yazı-pozu öyrənərdi. Vaxt tapan kimi isə sənətkar yanında sənət öyrənər, pəhləvanların yanında döyüşüb, məşq edərdi. Dağları-daşları gəzib mal-qara otaranda qarşısına çıxan ağır daşları qaldırıb, qollarını möhkəmləndirərdi.
Artıq 18 yaşına çatanda Həsən ağıllı bir cavan olmuş, qolu zorlu bir pəhləvana dönmüşdü. Yarış zamanı yaşıdlarından heç kəs onun arxasını yerə vura bilmirdi.
Amma Həsənin böyük bir dərdi var idi. Artıq neçə illərdi ki, onun obasını tutmuş ərəblər hər yanda ağalıq edir, heç kimi saymırdılar.
Bərəktli torpaqlar ərəb atlarının tapdağına çevrilmişdi. Qadınlar, uşaqlar qolubağlı qul kimi qürbətə aparılırdı. Anaların ah-naləsi göyə ucalmışdı. İgidlər dağlarda məskən salmışdılar.
Vətəni qorumaq üçün igidlər silaha sarılır, qüvvətli əllər qılıncı qına qoymurdular.
Çox kobud və amansız olan ərəb işğalçıları hər yanda camaata zülm edirdilər. Özləri isə kef edir, yerli camaatı qul kimi işlədir, istədikləri qızı-qadını elçisiz-sorğusuz özlərinə arvad edirdilər. Vəhşiləşmiş ərəblər on iki, on üç yaşlı qızların göz yaşlarına məhəl qoymur, xoşlarına gələnini götürüb qaçırdılar. Valideynlər qorxudan qızlarını gizlədir, bayır-bacağa çıxmağa qoymurdular.
Acgöz ərəblər istədikləri torpaqları yerlilərin əlindən alır, etiraz edənlərə isə işgəncə verirdilər.
Camaat ərəblərin zülmündən cana doysa da səsini çıxara bilmirdi. Nəinki Həsən, bütün yerlilər ərəb işğalçılarına nifrət edirdilər.
Həmin dövrdə Cavidan adlı bir pəhləvan vardı. O, işğalçı ərəbləri vətənlərindən qovmaq üçün başına dəstə toplayıb, dağlara çəkilmişdi. Onlara xürrəmilər deyirdilər.
Zülmdən bezara gəlmiş camaat gəlib həmin dəstəyə qoşulur, buna görə də xürrəmilərin sayı günü-gündən çoxalırdı.
Həsən bir gün ən yaxın qonşusu Səhl ibn Sumbata və ən yaxın dostu Əli ibn Hişama dedi:
-Sumbat, Hişam, bəs deyilmi ərəblər bizə ağalıq elədikləri? Nə vaxta qədər biz onların təhqirinə, zülmünə dözməliyik? Gəlin, biz də gedib qoşulaq xürrəmilərə, əlimizə qılınc götürək, onları torpaqlarımızdan qovaq!
Səhl ibn Sumbat dedi:
-Sənin əcəlin çatıb, Həsən! Görmürsən ərəblər bizdən nə qədər güclüdürlər? Onların qoşunlarının sayı-hesabı yoxdur. Sənə nə var ki, yetimsən. Heç kimin yoxdur. Mən isə ərəblərə qarşı silah qaldırsam, onlar mənim ata-anamın da, bacı-qardaşlarımın da qollarını qandallayıb vətənlərinə aparıb qul kimi satarlar. Bu gün-sabah Cavidanı da, döyüşçülərini də dar ağacı gözləyir. Mən belə axmaq addım atıb, onlara qarşı çıxa bilmərəm. Nə yaşamışam ki, özüm öz ayağımla ölümə gedəm?
Həsən bu cavabdan məyus oldu, üzünü Əli ibn Hişama tutdu:
-Bəs sən nə deyirsən, Hişam, əziz dostum, sən də belə fikirdəsən? İstəyirsən ərəblər həmişə başımızın üstündə qamçı ilə dursunlar, bizimlə qul kimi davransınlar?
Əli ibn Hişam xeyli fikirləşəndən sonra dedi:
-Mənim də ərəb qaniçənlərinə nifrətim var. Amma neyləyə bilərəm, qardaş, nə qədər ki, bütün dünyaya meydan oxuyan, güclü ərəb ordusu var, onlara qarşı silah götürüb vuruşmaq ağılsızlıqdır. Gəl, tələsməyək, bir az da səbrli olaq, gözləyək!
Yetimçiliklə böyümüş Həsən bu vaxta qədər ağlamamışdı. Amma onların cavabı Həsəni ağlatdı. Bir də baxdı ki, yanaqlarında yaş var. Kimsə gözünün yaşını görməsin deyə, əlinin arxası ilə onları silib dedi:
- Fikirlərimiz üst-üstə düşmürsə, istəyimiz ayrı, əqidəmiz ayrıdırsa, deməli biz özümüz də tamam ayrı-ayrı adamlarıq. Mən elə indicənə gedib Cavidanın dəstəsinə qoşulacağam, ərəbləri vətənimdən qovmayana qədər vuruşacağam.
Onlar ayrıldılar. Həsən dediyi kimi elədi. O, Bəzz qalasına qalxıb Cavidanın dəstəsinə qoşuldu. Ərəblərə qarşı vuruşmağa başladı.
Cavidanın dəstəsi günü-gündən artıb, böyük bir orduya çevrilirdi.
Cavidan fikir verib gördü ki, döyüşə Həsən hamıdan birinci atılır. «Çıxın, rədd olun mənim vətənimdən» deyib, qılıncını elə qəzəblə göyə qaldırır ki, endirəndə bir neçə düşmən döyüşçüsünü birdən yerə sərir. Həsənin ürəyi nə qədər yumşaq, rəhmli olsa da o, döyüşdə qəddar görkəm alır, düşmənə aman vermirdi. Həmçinin cəsur oğlanın ağlı, savadı da dəstə başçısının çox xo0,
şuna gəlmişdi.
Çox ağır bir döyüşdən sonra Cavidan qoşun qarşısında Həsənin igidliyindən danışdı. Sonra isə dedi:
-Həsən, bu gündən sənin adını Babək qoydum. Bu ad qorxmazlığa, igidliyə nişanədir. İgidlərim! Qarşınızda vəsiyyət edirəm! Həlak olaramsa, qoşuna Babək sərkərdəlik etsin!
Bütün Cavidan ordusu Babəki alqışladı.
Daha sonra Cavidan qışqırdı:
-Var olsun xürrəmilər! Var olsun!
İgidlər onun səsinə səs verdilər:
-Var olsun xürrəmilər! Var olsun!
Cavidan daha möhkəm qışqırdı:
-Rədd olsun ərəb əsarəti, rədd olsun!
İgidlər yenə də onun səsinə səs verdilər. Bu dəfə nifrətlə bağırdılar:
-Rədd olsun ərəb əsarəti, rədd olsun!
Onların səsi Bəzz qalasının qayalıqlarında əks-səda verib aləmə yayıldı. Səhərisi günü yerli camaat axınla gəlib orduya qoşuldu. Elə bil onlar Bəzz qalasında əks-səda verən «rədd olsun ərəb əsarəti» səsinin sədasına gəldilər.
Az bir vaxtdan sonra Cavidan döyüşdə həlak oldu. Cavidanın ölümü camaatda düşmənə nifrəti bir az da çoxaltdı. Üsyana qalxmış xalq axışıb xürrəmilərin ordusuna gəlməyə başladı. Ordu əsgərlərinin sayı günü-gündən artırdı. Onların sayı üç yüz minə çatırdı. Piyada və suvarilərdən ibarət xalq qoşunu yarandı. Cavidanın yerinə Babək sərkərdə oldu. O, ərəblərə qan uddurmağa başladı.
Babəkin döyüşçüləri bir ayın içərisində ərəb ordusunun ən güclü altı sərkərdəsini öldürdülər. Bir günün içərisində Həmədanı ələ keçirdilər.
Xəbərdən düşmənlərin başçısı xəlifə Mütəsim az qaldı dəli olsun. Özünə yer tapa bilmədi. Tutduqları torpaqlar, əldə etdikləri var-dövlət onların əlindən çıxmaq üzrə idi.
Xəlifə Babək haqqında, onun sərkərdəliyi, igidliyi haqqında çox eşitmişdi. O, istəyirdi ki, Babəki güclü və istedadlı sərkərdə kimi öz tərəfinə çəksin. Ona görə də təcili tədbir tökmək lazımdı.
Xəlifə Mütəsim bütün qoşun başçılarını başına yığıb onlara nəyin bahasına olur-olsun, Babəki tutmaq, onun ordusunu dağıtmaq əmri verdi.
Bundan başqa o, Babəki diri gətirənə iki milyon, başını gətirənə isə bir milyon dirhəm mükafat verəcəyini vəd etdi.
Əmr bütün vilayət hakimlərinə göndərildi.
Xəlifə Mütəsim müharibələrdə şöhrət qazanmış, ən bacarıqlı sərkərdə olan Afşini ərəb ordusuna sərkərdə qoydu. Babəki və onun ordusunu darmadağın etmək üçün ona iki böyük ordu və otuz milyon dirhəm pul göndərdi.
Xəlifə özü də Babəki və onun ordsunu məhv etmək üçün hiylələr qurmağa və yollar axtarmağa başladı. O, ən əvvəl bir yol tapıb Babəkin ən yaxın dostunu, - Əli ibn Hişamı İsfahana, ən yaxın qonşusunu Səhl ibn Sumbatı isə Şəkiyə hakim təyin elədi.
Aradan bir müddət keçəndən sonra xəlifə, Əli ibn Hişamı yanına çağırıb dedi:
- Əli ibn Hişam! Nizam ordunu başına yığıb, Babəkin üstünə getməlisən! Onun ya dirisini, ya da ölüsünü gətirməlisən hüzuruma!
Əli ibn Hişam xəlifənin sözünü ağzında qoydu:
- Ya xəlifə, sən bilirsən ki, biz Babəklə dost olmuşuq, mən onun üstünə düşmən kimi gedə bilmərəm! Bu kişilikdən olmaz! Döyüşə bir başqasını göndər!
Xəlifə Əli ibn Hişamdan belə cavab gözləmirdi. Onu «od götürdü», dedi:
- Mən səni İsfahan kimi böyük bir məmləkətə hakim təyin eləmişəm ki, bu gün mənim üzümə qayıdasan? Hankı cürətlə mənim bir sözümü iki eləyirsən? Bəlkə başın bədəninə ağırlıq edir?
Xəlifənin tərsliyinə bələd olan Əli ibn Hişam qətiyyətlə dedi:
- Əmrə itaətkar olmadığıma görə cəzamı çəkməyə hazıram, ya xəlifə!
Bu sözləri eşidən xəlifənin gözləri qan çanağına döndü. Əmr etdi ki, Bağdadda meydanın düz ortasında İsfahan hakimini edam etsinlər.
Dostu Əli ibn Hişamın edam xəbərin eşidən Babək üç gün, üç gecə yas saxladı.
Bir neçə gündən sonra Babək Səhl ibn Sumbatdan məktub aldı.
Məktubda yazılmışdı: «Əziz qardaşım Babək! Neçə gündür ki, Əli ibn Hişamın ölüm xəbəri məni sarsıdıb. Özümə yer tapa bilmirəm. Bəlkə səni görsəm bir az təsəlli taparam. Cümə günü erkən, camaat yuxudan oyanmamış gəl Ərdəbil məçidinin arxasındakı qəbirstanlığa, orada görüşək. Dostumuz Hişam sağ olarkən sənə məktub yazıb. Vəsiyyətinə görə, gərəkdir onu əlbəəl sənə çatdıram. Mütləq gəl, gözləyəcəyəm. Səni sevən Səhl ibn Sumbat».
Babək məktubu oxuyub Səhl ibn Sumbatın görüşünə gəldi. Səhl ibn Sumbat Babəki görən kimi əlində tutduğu göyərçini göyə buraxdı. Sonra isə Babəkə yaxınlaşıb onu qucaqladı. Hönkür çəkib yalandan ağladı. Babək ondan edam edilmiş Əli ibn Hişamın şəxsi olaraq ona göndərdiyi məktubu istədi:
-Ver məktubu görüm, -dedi,- özünü mənə qurban vermiş bədbəxt Həşim nə yazıb?
-Tələsik gəldim, məktubu götürməyi unutdum! – Səhl ibn Sumbat belə deyəndə, Bəbək ondan şübhələndi. Diqqət eləyib gördü ki, Səhl ibn Sumbatın rəngi ağappaqdır, əlləri də titrəyir. Bir az bundan onun göyə uçurtduğu göyərçin yadına düşdü. Şübhələndi.
Başını qaldıranda gördü ərəb əsgərləri onu mühasirəyə alıb. Başa düşdü ki, inandığı adam göyərçinin ayağına məktub bağlayıb göndərməklə, satqınlıq eləyib, onun yerini düşmənlərə bildirib.
Qılıncı qınından çıxartdı ki, xainliyinə görə erməni Sumbatın başına endirsin, ürəyi gəlmədi. Atlandı atın belinə, təkbaşına vuruşa başladı.
On yeddi düşmən öldürəndən, iyirmisini yaralayandan sonra Babəki nəhayət ki, çox çətinliklə tuta bildilər.
Onu əli-qolu bağlı xəlifənin yaşadığı Samirə şəhərinə apardılar.
Xəlifə Mütəsim Babəkin dəhşətli işgəncə ilə edam ediləcəyini elan elədi. O, əmr etdi ki, ən əvvəl Babəkin bir qolunu, sonra o biri qolunu kəssinlər. Daha sonra qıçlarını, sonda isə başını bədənindən ayırsınlar.
Edam zamanı Babək öz mərdliyi, əyilməzliyi ilə xəlifəni və saray adamlarını sarsıtdı. Cəllad Babəkin sağ qolunu kəsdikdə, o qanı ilə üzünü boyadı.
Bu zaman xəlifə ondan soruşdu:
-Nə üçün üzünə qan sürtdün?
Babək məğrur-məğrur cavab verdi:
-Qan itirdiyimə görə rəngim qaçacaq. Bunu bəziləri qorxmağım kimi başa düşə bilərlər. Ona görə də üzümü boyadım ki, rəngimin saraldığını görən olmasın!
Babəkin sonra sol qolunu, qıçlarını, lap axırda başını kəsdilər.
Xəlifə əmr etdi ki, Babəkin başını xürrəmilərə göndərsinlər. O, elə bilirdi ki, Babəkin ölümündən sonra xalq sakitləşəcək, üsyan yatacaq.
Babəkin işgəncə ilə öldürüldüyünü eşidən camaatın isə Xəlifəyə, ərəb ordusuna nifrəti daha da artdı. Əli qılınc tutan «Vətən uğrunda, Babək yolunda» deyib, qəzəblə düşmənin üstünə getdi. Ərəb orduları darmadağın edildi. Xəlifə məhv oldu.
Babəkin igidliyi, qəhrəmanlığı xalqın canını ərəb əsarətindən qurtardı.
Biz nağıla başladıq, nağılımız döndü oldu, min il bundan qabağın gerçəyinə. Sən də bu gerçəyi yadında saxla! Gerçək nə olubsa, onu heç vaxt yaddan çıxarmaq olmaz!