(Hekayə)
Nəvə: Atam mənə həmişə başa salır ki, yalan danışmayım, amma özü oturur evdə onu telefonda soruşanda deyir ki, deyin evdə yoxam. Deyir bir cür, eləyir başqa cür.
Baba: Böyüklərin problemi çoxdur, bəzən onlar o problemləri həll edə bilmədiklərindən gücsüzləşirlər və yalan danışırlar.
Nəvə: Məgər balacaların problemi olmur?
Baba: Sənin həyatın təzə başlayır. Sən indidən həyatını elə qurmalısan ki, gələcəkdə problemlərin həlli qarşısında aciz qalıb yalan danışmayasan. Başa düşdün?
Nəvə: Yox.
Baba: Onda mən sənə misallarla başa salım. Sən balaca vaxtından dərslərini öyrənsməsən, bir müddətdən sonra yeniyetmə olanda dərslərin ağırlaşacaq, sənin beynin həmin çətin sözləri yadında saxlamayacaq. Sən də müəllimə deyəndə ki, dərsimi öyrənməmişəm, o səbəbini soruşacaq. Hər dəfə eyni bəhanəni gətirə bilməzsən. Ona görə də bir dəfə yalandan deyəcəksən qonağımız gəlmişdi, başqa bir vaxt deyəcəksən başım ağrıyırdı, belə-belə yalan danışmağa öyrəşəcəksən. Bir dəfə də yalanını üstü açılanda sən öz mənliyini, şəxsiyyətini itirdiyini görüb xəcalətlə başını aşağı salacaqsan.