Körpə uşaqla xallı keçinin nağılı
(Nağıl)
Biri var idi, biri yox idi, bir Muxtar kişi vardı. Muxtar kişi yaxşı zərgər idi. Özünün zərgər dükanı var idi. Varlı adamlardan sayılırdı. Özü də çox yaxşı adamdı. Kasıba-kusuba əl tutan, xeyrə-şərə yarayandı. Amma kişi övladı olmadığından uzun müddət dərd çəkmişdi. İndi isə yaşının qoca vaxtında arzusuna çatmağa az qalırdı. Arvadı Gülsona xanım hamilə idi. Gülsona xanımın üzü nurluydu. Özü də çox mehribandı. Bir xallı keçisi vardı. Onun yanından aralanmazdı. Aralanan kimi mələrtisi aləmi götürərdi. Gülsona xanım onunla o qədər danışardı ki, elə bil keçi dil başa düşərdi.
Ata olacağını eşidəndən sonra zərgər Muxtarın sevinci yerə-göyə sığmırdı. Kasıb-kusuba nəzir-niyaz paylayırdı. Övladı olan günü həsrətlə gözləyirdi.
Gün gəldi, vədə yetişdi, Muxtar kişi oğul atası oldu. Kişiyə həm şad xəbər dedilər ki, oğlun olub, həm də qara xəbər dedilər ki, arvadın doğanda öldü. Kişinin bir gözü güldü, bir gözü ağladı. Kişiyə başsağlığına gələnlər ona dedilər ki, körpənin xatirinə tez evlənməlidir.
Muxtar kişi çar-naçar evinə yaxşı tanımadığı bir dul arvad gətirdi. Sən demə, bu arvad hiyləgərin, acgözün biriymiş. Muxtar kişinin zərgər olduğunu eşidən kimi kişiyə gəlməyə razılıq verdi. Amma körpə oğlu olduğunu eşidəndə cin vurdu təpəsinə. Ürəyində fikirləşdi ki, bir o qalmışdı ki, gedib özgəsinin küçüyünü saxlayım.
Amma Muxtar kişinin var-dövlətini əlinə keçirmək üçün hər şeyə razıydı. Arvadı Muxtar kişinin evinə gətirdilər.
Muxtar kişi onu ağlaya-ağlaya qarşılayıb dedi:
-Mənim ocağıma xoş gəlibsən, Umnisə xanım! Evim, varım, dövlətim hamısı sənindir, amma səndən bircə istəyim var. Mənim oğluma yaxşı baxasan. Öz balan kimi.
Umnisə özünü ürəyinazik göstərdi. Gözlərinin yaşını axıtdı, dedi:
-Əlbəttə, mən sənin balana öz balam kimi baxacağam. Onu doğma anasından yaxşı böyüdəcəyəm. Sənə söz verirəm, - deyib Umnisə yalandan and içdi.
Muxtar kişi gedib tövlədən rəhmətlik arvadının sevimli xallı keçisini evə gətirdi. İnsan ilə danışırmış kimi keçi ilə danışdı:
-Sənin sevimli sahibən öldü, bu körpə isə ondan bizə yadigar qalıb. Onu südsüz qoyma.
Sonra isə Umnisəyə dedi:
-Bu rəhmətliyin ən çox sevdiyi keçi idi. Hara gedirdisə, bu keçi də onun dalınca gəzirdi. Yaxşı yağlı südü var. Elə bircə bu keçinin südündən versən oğluma bəs edər. Keçini ayrı saxlarsan, yemini də bol edərsən ki, südü bol olsun.
Arvad özünü ərinə göstərmək üçün tez bağdan bir qucaq ot yolub gətirdi, elə evdəcə tökdü keçinin qabağına. Keçi şirin-şirin otu yeməyə başladı.
Bütün bunları Umnisə arvad gözə girmək üçün edirdi. Əslində isə onun ürəyində başqa fikirlər vardı. Fikrində bu idi ki, Muxtar kişinin bütün varı-dövləti təkcə ona qalsın. Arvad qızıl, daş-qaş hərisi idi. Ürəyində götür-qoy elədi ki, əgər Muxtar kişinin oğlu sağ qalsa, böyüyəndə bütün var-dövlət onunku olacaq. Amma indidən ölsə Muxtar kişi arvadının ölümünə, ondan sonra da oğlunun ölümünə dözə bilməyəcək, onlardan sonra da özü öləcək. Bunun üçün təkcə körpəyə süd verməsəydi, körpə iki günə öləcəkdi.
Bu qara fikirlərlə də Umnisə dərdli ərini arxayın elədi. Özü də körpənin beşiyini Muxtar kişi yatan yerdən ən uzaqdakı evə apardı ki , ağlayanda atası səsini eşitməsin.
Muxtar kişi isə təzə arvadı ilə söhbətindən sonra emalatxanaya getdi. O, işləyib başını işlə qarışdırmaq istəyirdi.
Körpə bir müddət sakit dayandıqdan sonra acıb ağlamağa başladı. Umnisə gəlib onun başı üstündə dayandı və dedi:
-Mən sənə yemək verməliyəm ki, böyüyəsən mənim var-dövlətimə sahib çıxasan? Onu görəməyəcəksən! Öl, gəbər, canın çıxsın!
Sahibəsi övladsız idi deyən, mehrini keçiyə salmışdı. Onu o qədər danışdırmışdı ki, keçi insan kimi dil bilirdi. O arvadın körpəyə dediklərini başa düşdü. Bu sözləri eşidəndə ot yeməyini dayandırdı. Balaca qara gözlərini qaldırıb arvada, onun kinli gözlərinə baxdı. Sahibəsi yadına düşdü. Gözlərindən yaş töküldü. Umnisə arvad keçinin ağlamağını görmədi. Amma öz-özlüyündə keçini də ac saxlamaq istəyirdi ki, südü qurusun. Buna görə də, keçinin qabağından otları götürüb apardı. Keçi keçiliyi ilə bu işə məətəl qaldı. Pis arvad körpənin ağlamağına da fikir verməyib getdi.
Xallı keçi yavaş-yavaş onun ardınca getdi, gördü ki, arvad oturub şirin-şirin buğlanan aşdan görməmiş-görməmiş ötürür içəri. Keçinin arvaddan zəhləsi getdi. Körpə acından qışqırırdı, arvad isə elə bil kar idi, uşağın qışqırtısın vecinə almırdı.
Keçinin uşağa yazığı gəldi. Onun da balası həmişə ac olanda mələyir, belə yanıqlı səs çıxardırdı. Keçi bilmədi neyləsin. Bu onun sevimli sahibəsinin körpə ac balasıydı axı. Keçi gəlib yaxından çağanın üzünə baxdı. Körpə keçini görəndə səsini kəsdi qığıldamağa başladı. Sonra yenə də için-için ağlamağa başladı. Keçi sahibəsinin ac balasının ağlamağına dözmədi. Arxasını körpəyə tərəf çevirib dal ayaqlarını elə qoydu ki, əmcəkləri düz körpənin ağzına dəydi. Yavaş səslə mələdi. Ac körpə elə bil bunu gözləyirdi. Tez əmcəyi tutub sümürməyə başladı. Doyunca əməndən sonra əmcəyi buraxdı. Bir az qığıldanandan sonra şirin yuxuya getdi. Keçi onun üzünü yalayıb gəlib bir tərəfdə oturdu.
Körpənin səsi kəsilən kimi Umnisə arvad gəldi ki, görsün nə əcəb səs kəsildi? Bəlkə o acından öldü, deyə pis arvad fikirləşdi. Gəldi gördü ki, çağa şirin yuxuya gedib, dedi:
-Yat, yat, onsuz da çox keçməz, gəbərərsən!
Bu sözləri deyəndə keçi dözə bilmədi. Buynuzları ilə arvada bərkdən bir kəllə vurdu. Arvad arxası üstə dəydi yerə. Hirsindən-hikkəsindən elə qışqırdı ki, qonşular səsinə yığıldı. Hay-küyə Muxtar kişi də gəlib çıxdı. Soruşdu:
-Nə olub, arvad, niyə səsin aləmi götürüb?
Arvad ağlaya-ağlaya dedi:
-Mən belə keçi görməmişəm. Keçi it kimi quduzlaşıb. Adamın üstünə gəlir. Sən evdən çıxandan məni neçə dəfə vurub yıxıb yerə, hər yanım əzik-əzikdir. Rədd elə bunu getsin.
Muxtar kişi üçün də xallı keçi əziz idi. Amma arvadının da dediyini eləməliydi. Ona görə də aparıb keçini saldı tövləyə ağzını bağladı.
Gecə yarıdan keçmiş xallı keçi körpənin səsinə yuxudan oyandı. Tövlənin qapısına bir yoğun, möhkəm ağac keçirtmişdilər ki, qurd-zad aça bilməsin. Xallı keçi bilmədi neyləsin ki, körpənin yanına getsin. Başladı ağacı gəmirməyə. O qədər gəmirdi ki, ağac yeyildi, nazikləşdi. Buynuzu ilə bir dəfə ilişdirən kimi tövlənin qapısı açıldı. Tez körpə yatan evə girdi. Gördü ki, körpə ağlayır, arvad da başını yorğanla basdırıb yatıb. Muxtar kişi də yuxarı başdakı evdə yatmışdı deyə, arvadının işlərindən xəbərsiz idi.
Xallı keçi sakitcə gəldi görpənin yanına. Ayaqlarını körpənin baş tərəfinə elə qoydu ki, körpə onu rahatlıqla əmə bilsin. Körpə ləzzətlə süd əmməyə başladı.
Körpənin səsinin kəsilməyindən şübhələnən Umnisə arvad başını açdı. Keçini görəndə qorxdu. Bilmədi keçidir. Qaranlıqda onun buynuzlarını cin-şeytana oxşatdı. Durub çıraq yandırandan sonra gördü ki, körpə keçinin əmcəyini şirin-şirin əmir. Hirsindən bilmədi neyləsin. Gəldi keçinin buynuzlarından yapışdı, nə qədər elədisə də, gücü çatmadı ki, onu körpədən ayırsın. Axırda gedib bayırdan yoğun bir ağac gətirdi. Başladı onunla keçinin belidən çırpmağa. Sahibəsinə etibarlı keçinin beli ağrısa da körpəni süddən ayırmadı. Yalnız körpə doyandan sonra, belindən qan axa-axa, ağrıdan ləngər vura-vura tövləyə getdi.
Körpə isə təzədən şirin-şirin yuxuladı.
Səhər tezdən Umnisə arvad hirsindən qap-qara idi. Muxtar kişi onu belə görəndə qorxdu, soruşdu:
-Nə olub sənə, ay arvad, azarlı-zad deyilsən?
Arvad qaş-qabaqlı dedi:
-Azarlamışam ay kişi, özü də yuxumu qatışdırmışam. Yuxuda görmüşəm ki, mənə həyətdəki xallı keçinin ətini dərman deyiblər. Özü də yuxuda mənə dedilər ki, əgər bu gün xallı keçini kəsib, həyətinizə qanın axıtmasaz, evdəkilərdən birinə azar gələcək.
-Arvad, yuxuya pis deməzlər, günahdır, doğrudan da sən çox pis yuxu görübsən. Xallı keçi qapımızın əziz heyvanıdır. Bizim uşağımızın olmayan vaxtında o bizim başımızı qatıb, darıxmağa qoymayıb. Mən o keçini kəssəm, rəhmətlik Gülsonanın qəbri od tutub yanar. O, bu keçiyə mehrini salmışdı. Onsuz dayana bilmirdi. Keçinin özü də lap adam kimi hər gün sahibəsinin qəbrinin üstünə gedir. O elə bil müqəddəs heyvandır. Onu kəsməyə mənim ürəyim gəlməz. Özü də körpəmiz ac qalar onu kəssək. Mən keçini kəsə bilmərəm, sən incimə.
Arvad ağlaya-ağlaya durub getdi işinə. Bir yol axatrmağa başladı. Beyninə bir fikir gəldi. Sevindi. Gedib haradansa neçə dənə qara bit gətirib saldı keçinin üstünə. Keçini pis qaşınmaq tutdu. Hər dəfə keçi qaşınanda ərinə göstərdi. İki gündən sonra isə ərinin yanında keçinin tüklərini araladı. Qara eybəcər bitləri ona göstərib dedi:
-Sənin sevimli keçin həyətlərdə pinti itlərlə oynaqlaşır, görürsən, itlərdən bit də keçib ona. Onu tez kəsməsən həm heyvanlara qara bit keçəcək, həm də onun bitinin toxumları bizim balamızın qarnına da keçəcək. Mənim yuxum düz çıxdı. Keçi bizə ziyan gətirməyə başlayıb. Onu tez kəsməsən, bədbəxtlik olacaq.
Muxtar kişi dedi:
-Arvad, bu qara bitlər küçə itlərində olur, mən ona dərman tapa bilərəm, gəl ondan ötəri bu əziz keçini kəsməyək!
Arvad hönkür çəkib ağladı:
-Bax, budu sənə deyirəm, onu bu gün kəsməsən, çıxıb gedəcəyəm dədəmin xarabasına.
Kişi naəlac xallı keçiyə baxıb ağladı:
-Mənim xallı keçim, mənim başqa yolum yoxdur, gərək səni kəsim.
Muxtar kişi getdi dəhrəsin itiləməyə ki, keçisini kəssin, arvad da sevincək durdu təndir qaladı ki, keçinin ətini sackababı eləsin.
Keçi sahibinin,- Muxtar kişinin etibarına yanıb-yaxıldı. Evə girib axırıncı dəfə Körpəni əmizdirdi. Gözlərindən qan-yaş tökdü. Gəldi durdu gözləri yaşlı sahibinin qabağında ki, bəlkə insafa gəldi. Gördü yox, sahibi insafa gələnə oxşamır. Baxdı Umnisə tərəfə. O da öz işində idi. Sevindiyindən təndiri möhkəm qalamışdı. Odunlar da yanıb qurtarmış, qıpqırmızı közə dönmüşdü. Keçi odu görəndə, onun da gözləri alovlandı. Hirsindən buynuzları yerində oynadı. Arvad sacı odun üstünə qoymaq üçün başı aşağı təndirə əyilmişdi. Keçi arxadan buynuzlarını uzadıb düz Umnisənin üstünə cumdu. Umnisə kəllə-mayallaq təndirə düşdü. Keçi də onun üstünə. Keçi alovun istisinə dözə bilməyib hoppanıb təndirdən çıxdı. Arvadın qışqırıq səsinə Muxtar kişi gəlib çıxınca onu təndirdən çıxartmaq mümkün olmadı. O qoyduğu sacın üstünə düşüb əməlli başlı sackababı oldu. Arvalı ordan çıxardana qədər sümükləri də yandı. Keçi isə onun üstünə düşmüşdü deyə, düşən kimi də hoppanıb qırağa çıxmışdı. Onun təkcə tükləri bir qarsalanmışdı, bir də bitləri yanmışdı. Keçi elə təzəcə təndirdən çıxmışdı ki, körpənin ağlamaq səsi gəldi. O, acmışdı. Keçi körpəni əmizdirmək üçün həmişəki kimi ayaqlarını aralayıb, əmcəyini körpənin ağzına tutdu. Əvvəlcə uşaq yemək istəmədi. Çünki keçidən ütülmüş tük iyi gəlirdi. Amma sonra ac olduğundan əlacı kəsildi, yedi.
Muxtar kişi gəlib onları belə görəndə keçini kəsmək fikrindən daşındı. Körpənin də canı pis arvaddan qurtardı, xallı keçinin də.
Nağılımız da burda qurtardı. Göydən üç qırmızı alma düşdü. Biri mənim, biri sənin, biri də nağılı danışan nənənin.