Yağış pəncərəmdə gözyaşlarına bənzəyən tər damcılar qoyur... Yox, mən daha ağlamıram, sənli günlərimin yağışları yadıma düşüb, həmin yağışları xatırlayıram... Sən necəsən?
Hər şey ötüb-keçib, şirinli-acılı xatirələr zamanın axarında itib-gedib. Demə, sevgi adı altında bizi aldadan məhəbbət də, gülüş də, sevinc də, sədaqət də, səadət də, hər şey aniymiş, unudulanmış. İllərlə zərrə-zərrə yığılmış, ürək tellərinə düzülmüş sevgi dənəciklərini bir anda dağıtmaq necə asanmış...
Dözmək mümkünmüş bir-birindən gözəl günlərsiz qalmağa, dözmək mümkünmüş itib-gedənlərə. Dözmək mümkünmüş xatirələri yadda saxlamağa. Çox asanmış, mən dözürəm olanlara, bəs sən necə?..
Ayrılığa da, həsrətə də dözmək olarmış, sən demə... Sevib-qoşa gəzənlərə laqeyd-hissiz baxmaq olarmış, sən demə. Ayrılıqdan da ayrılmaq olarmış, sən demə... Ayrı qalmaq mümkünmüş, sən demə... Görürsən, mən sağ qalmışam, yaşayıram, salamatam; bəs sən necəsən?..
Suda əksimə, aynada özümə baxıram. Onların ikisi də məni tək göstərir, tək. Yumruğumu sıxıb suya çırpıram, aynanı sındırıb çilik-çilik edirəm! Əllərim yaralanır, qanım yerə tökülüb ürək şəkli alır. Heç olmasa, o ürəkləri tapdalama! Görürəm səni, yanımdasan, üzbəüz dayanmışıq, gözlərinə baxıram, səninlə danışıram, səndən soruşuram… Səndən soruşuram: bəs sən necəsən? Bəs sən necəsən?..