Gecə yarıdan keçib. Mən Vətənimdən yazıram quşlar isə elə hey oxuyur. Niyə yatmır quşlar? Həmişə gün batan kimi kimi yatan quşlar son vaxtlar, qışın ortasında gecə səhərə qədər oxuyurlar.
Bəlkə onlar oxumur, ağlayırlar, bəlkə onlar da vətənlərindən didərgin düşüblər, ona görə yuxuları ərşə çəkilib. Bəlkə quşlar fəryad edirlər...
Deyirlər son vaxtlar şəhəri gözəlləşdirmək üçün hardansa çoxlu quş gətiriblər. Bəlkə elə ağlayan həmin quşlardı. Vay zavallılar. Siz də bəlkə mənim kimi Vətənsiz qalmısız. Həmişəlik Vətəndən ayrı düşmüsüz. Vətən dərdi, həsrət yükü çox ağırdı, bunu qəriblər bilər. Vətən adı gələndə, dərindən “ah” çəkənlər bilər...
Susun, Quşlar, yatın, sakit, sakit. Yuxunuz gəlmir? Neyləyək, mənim də yuxum gəlmir. Elə isə, gəlin birlikdə ağlayaq. Mən də daha heç vaxt Vətənimi görməyəcəyəm, orda erməni var, orda düşmən var. Pis adamlar sizi daşlayan kimi, onlar da bizə daş atıb, bizi vətənimizdən didərgin salıb. Bu gecə gəlin bir oxuyaq, bir sızlayaq, yazıq quşlar, didərgin quşlar...
Müəllif: Gülzar İbrahimova