Kimim vardı

                       
Kimim vardı ki səndən başqa, bu yaşımda çıxıb getdin, qaldım tək, tənha...
Həyatımda nə gözəllik vardısa, bircəsini də saxlamadın qalsın, hamısını apardın. Mənə qoyduğun dörd divar, mətbəx, bir də bomboş qalan qazanlar oldu. 
Axı mənim kimim vardı səndən başqa. Etbarsızmı deyim sənə, deyə bilmirəm. 
Kimim vardı ki, sevincimi danışım, bölüşüm, qanad açım, dünyanı qucaqlayım. 
Kədərli anlarımda kədərimi ortadan bölüm, yüngülləşim. Kimim vardı ki, ən dadlı tikəmi  tən bölüm, yeməyim, ona saxlayım. 
Gülməli anlarda qəhqəhə çəkim ürəkdən gülüm, göz yaşını görəndə silim, danlayım, “Uşaqsan?!”, deyim.   
Soyuq dəyməsin deyə, üstünü örtüm, oyanar deyə, özünü  öpməyim. 
İstidə əlindən tutum  sərində sərinləyim, soyuqda qucağında, nəfəsində isinim. 
Kimim vardı ki, dünyanın ən dadlı sevincini mənimlə paylaşsın. Mənsiz sevinə bilməsin, mənsiz gülə bilməsin, dünyanın ən dadlı yeməyini mənsiz yeyə bilməsin. 
Indi mənim o qocalara paxıllığım tutur ki, onları əbədi evlərinə, başı qara yaylıqlı, gözü yaşlı yarları yola salır... 
İndi dörd divardı, bir də mənəm. Sənsiz yemək yeyirəm. Qaşıq-qaşıq içərisinə iki damla göz yaşım damcı düşmüş yeməyi yeyirəm. Belə-belə, qaşıq qaşıq göz yaşımı içə-içə sənli günlərimin xatirəsi ilə yaşayıram. Kimim vardı ki, mənə göz yaşı yedirtdin... 

 

           Müəllif: Gülzar İbrahimova