Günəş hələ çıxmayıb. Sahildə bir cavan gəzirdi - tək-tənha, yorulmuş, yaşamaqdan bezmiş. Gözlərini dikib ləpədöyən qumluğa. Sanki itirdiyini axtarır. Nə qədər axtarırsa, tapa bilmir... Ləpələri qınayır: “Bax, burda olmalıydı, bizim qoşa izlərimiz. Ləpələr onları da yuyub-aparıb. İnsafsız ləpələr!”. Dizüstə çöküb, zülüm-zülüm ağlayır.
Bir də gördü, insafsız dediyi ləpələr bir balıq çıxardı sahilə. Balıq susuzluqdan çapalayır, az qalırdı, ölsün. Amma nədənsə, suya getmək əvəzinə sahilə can atırdı. Susuz yaşaya bilməsə də, dəniz səmtə üzmürdü.
Cavanın yazığı gəldi balığa. Tez ona yaxınlaşdı. Əlinə götürdü. Balıq əlindən sürüşüb yerə düşdü. Balığı təzədən əlinə götürüb suya saldı.
Balıq üzüb-getmək əvəzinə, yenə sahilə qayıtdı. Cavan bu işə məəttəl qaldı.
Balıq cavandan aralı bir yerdə sudan çıxdı və yenə də çapalamağa başladı. Cavan bu dəfə də onu götürüb dənizə atdı. Balıq yenə sahilə üzdü. Bu qəribə işə mat qalan oğlan balığı əlinə götürdü. Onun qan çanağına dönmüş gözlərinə baxdı. Balığın gözlərində öz qəmli-kədərli gözlərini gördü. Balığa yazığı gəldi. Danışdı onunla. Dərdini soruşdu onun: “Niyə mənim kimi özünü məhv edirsən? Dərdin nədir? İstəyin, arzun nədir?».
İlahi, özün möcüzənə bax! Balıq insan kimi dil açdı, danışmağa başladı. Gözlərindən qan-yaş axıtdı. Başına gələnləri cavana danışdı.
Sən demə, hər ikisinin dərdi birdir. Sonu ayrılıq, iztirabla qurtaran sevgi.
Cavan ağrı-acısını, müsibətini balığa danışdı. Ağlaya-ağlaya bir-birlərinin dərdlərinə qulaq asdılar. Lap sonda isə ayrıldılar. Balıq sahildə qaldı, cavan dənizə girib görünməz oldu.
Bir neçə gündən sonra həmin “İnsafsız ləpələr” cavanı balığın yanına gətirdilər.