Səndən yoxmuş
Qayıtdın, hər yanı gəzib-dolanıb, yenə yanıma qayıtdın. “Səndən heç yerdə yoxmuş”, - deyib yenə mənə döndün. Bircə onu başa düşmədim ki, niyə məni başqa yerdə axtarırdın. Mən ki sənin yanındaydım.
Məni tənha qoyub getdin, amma sonra yenə qayıtdın. Qayıtsan da, çox gec qayıtdın. Sənsiz qala bilmədiyim bir vaxtda getdin, ürəyim səndən dönəndən sonra qayıtdın. Bağrımbaşındakı isti yerin soyuyandan sonra qayıtdın.
Yanıma qayıdarkən məni yenidən tapdığına uşaq kimi sevindin. Çoxdan itirdiyi sevimli oyuncağını tapmış uşaq kimi.
Qollarını açıb, gəldin məni bağrına basasan. Mən də həmişəki kimi qollarımı açdım, amma qollarım yanıma düşdü. Sonra nə qədər elədimsə də, o sınmışları qaldıra bilmədim ki, səni qucaqlayam.
“Səndən yoxmuş”, - deyib bağrına basdın məni. Üşütdü səni bağrımın soyuqluğu. Dondurdu səni soyuğum.
Həmişəki kimi, ürəyimin çılğın-çılğın döyünən səsinə qulaq asmaq istədin. Eşidə bilmədin. Çünki yox idi həmin səs. Artıq heç nə qalmamışdı o şirin həyəcandan, o odlu ehtirasdan.
Səsin titrəyə-titrəyə “səndən yoxmuş”, deyib, gözlərində yaş getdin. Məni başqa yerlərdə axtarmağa getdin.
Niyə susursan?
(İkinci hissə )
Xoşbəxt günlərinin
qədrini bil ki, sonra
həmin günləri axtarmayasan