Tanrının biçarə canlısı! Gecələri səhərə qədər Ayla nə danışırsan?
Yəqin, tənhalıq ah-vayını Ayla bölüşdürürsən. Yaxşı ki dərdini deməyə bir varlıq tapmısan. Mənə yazıq...
Bədbəxt canlı! Amma onu da bil ki, Ay özü heç vaxt sevgilisinə çatmasa da, heç olmasa, uzaqdan da onu görə bilir. Sənsə mənimlə həmdərdsən, gəl, mənimlə dərdləş. Oturub sevgiyə, vüsala bir yerdə matəm quraq.
Eşit ürəyimin səsini. Gör, orada nə qədər ağı, nə qədər qara bayatı var. Damarımdan axan qanın qaralığına bax! Adı işıqlı, özü qaranlıq dünyada şamsız qalan aşiqə bax. Canından artıq sevdiyindən əbədi ayrılıb tənha qalana bax. Sonra da dərdini Aya, ulduza söyləyəndə birağız da məndən de!
Tənha aşiq! Gözlərin sevginin nurundan, həsrət odundan par-par parıldayır, gecənin qaranlığına işıq saçır. Yalqız qalmısan yarından uzaq düşəri. Yəqin, elə o vaxtdan da adın Yalquzaq qalıb. Tənha gəzib-dolaşıb sevgilini axtarmısan. Tapa bilməyib acığından, hikkəndən yırtıcıya, vəhşiyə dönmüsən. Qarşına çıxanı parça-parça eləmək, çeynəmək, qanına qaltan eləmək istəyirsən. Sakit ol, mənim kimi, sakit, sakit...
Gecələr qayaların başına çıxıb, qaranlıqda Aya baxıb o qədər ağlamısan, o qədər ulamısan ki, camaatın bir bədniyabət canlı kimi səndən zəhləsi gedir. Bunu səni tanımayanlar belə düşünürlər. Yaxından bələd olanlarsa müqəddəs canlı sayırlar səni. Ta qədimdən Türk Dünyasının sədaqət rəmzisən.
Yalquzaq! Mən də səni ən sədaqətli, ən mehriban varlıq kimi sevirəm. Yarından ayrı düşəri yalqız-yalqız gəzirsən. Boynunu uzadıb Aya sarı ulayır, hey ulayırsan. Təkcə öz sevgilini istəyirsən. Təkcə öz yarını gözləyirsən. Kaş ki səndə olan etibarın azca qədəri mənim sevgilimdə olaydı!..