(Nağıl)
Biri var idi, biri yox idi, qədim zamanlarda Təbriz məmləkətində Təhmasib adlı zülmkar bir padşah vardı. Rəiyyətinin güzəranı şahı çox az düşündürərdi. O, vergi yığılmasına daha çox diqqət yetirər, bir də kef məclisləri qurmağı xoşlardı.
Şah özü kimi qəddar birisini – Allahqulu bəy Ustaclını Təbriz darğası qoymuşdu. Camaat Allahqulu bəyin zülmündən, haqsızlığından cana doymuşdu. Allahqulu bəy isə şahın gözündə işgüzar adam kimi ucalmaq üçün sənətkarlıq vergisini, divan vergisini günü gündən artırırdı.
Yoxsulluqdan təngə gəlmiş camaat həm vergini verə bilmir, həm də səslərini çıxarmağa, etiraz eləməyə qorxurdular.
Allahqulu bəyin Mustafa adlı bir mulazimi, yəni vergi yığanı var idi. Mustafa çox pis adamdı. Özü də həm çox danışan, həm də zəhlətökəndi. Girdiyi həyətdən vergi almamış çıxmazdı. Ev sahibi vergini verə bilməsəydi, ona cəmi bir gün vaxt verər, özünə də əlli şallaq vurdurardı. Hamının ondan zəhləsi gedərdi.
Günlərin bir günü Mustafa Dərcuyə məhəlləsinə gəlib vergi yığmağa başladı. Bir neçə həyətdən vergi yığandan sonra Nargilə nənənin həyətinə də girdi ki, xalça toxuyub satdığına görə ondan sənətkarlıq vergisi alsın. Nənə vergi yığanı görən kimi zülüm-zülüm ağladı:
-Ay nainsaf, mənim nəyim var ki, hər gün gəlib məndən vergi istəyirsən, günümü qara edirsən?
Mustafa dedi:
-Xalça toxuyub satırsansa, sənətkarlıq vergisi verməlisən. Bu nə mənim, nə də Allahqulu bəyin əmridir. Bu hamımızın başımızın ağası, mötəbər Təhmasib şahın əmridir. Bütün əhli-təbriz əmri yerinə yetirməyə borcludur.
-Şaha da qurban olum, onun əmrinə də. Amma heç olmasa aman verin toxuduğum xalçanı dəyər-dəyməzinə satım, sonra vergisini verim, - deyə nənə mulazimə yalvarmağa başladı.
Mustafa isə heç vaxt, heç kəsin yalvarışına qulaq asmağı sevməzdi, dedi:
-Qarı bu saat, ya beş qızıl vergi verməlisən, ya xalçanı, ya da...
Qarı başa düşmədi ki, kişinin səsi birdən-birə niyə kəsildi:
-Ay kişi, gerisini de görüm, sonra nə istəyirsən, niyə səsini kəsdin?
Mustafa udquna-udquna danışsa da həyasızcasına istəyini qarıya bildirdi:
-Ya da o gözəl qızını mənə verməlisən ki, səninlə işim olmasın!
Qarının hirs təpəsinə vurdu, ağzından çıxanı Mustafaya dedi:
-Mənim heç kor pişiyim də olsa, onu qıyıb sənin kimi murdar adama vermərəm. Beş-altı gümüş sikkəm qalıb, onları verim, rədd ol burdan, bir də qapımı döymə, xalçanı satan kimi özüm gətirib vergini verərəm.
Mustafanın qəddar üzü bir az da qəddarlaşdı:
-Qarı, görək kim peşman olacaq? Sən, yoxsa mən? Baxarıq!
Sonra həyasız mulazim gümüş sikkələri nənədən alıb getdi.
Nargilə nənə dul arvaddı. Çox kasıb dolanırdı. Hamı da bilirdi ki, Nargilə nənənin şah xəzinəsinə verəsi bir quruşu da yoxdur.
Amma Mustafa hər gün qoca arvadın həyətinə gəlir, vergini ödəməyəcəyi təqdirdə onu zirzəmiyə salacağı ilə hədələyirdi. Nargilə nənə nə illah eləyirdisə də, Mustafa ondan əl çəkmirdi. Nənə ağlayıb yalvarsa da, nainsaf mulazim insafa gəlmirdi ki, gəlmirdi.
Nargilə nənə qoca olsa da, yaxşı xalça toxuyandı. Amma çox qoca olduğundan beş-altı aya bir xalça toxuyardı. Cavanlıqda övladı olmadığına görə əri onu boşamışdı. Sonralar isə tək arvad kimsəsiz bir qızı övladlığa götürüb böyütmüşdü. Qızın adı Nərgiz idi. Nərgizin on üç yaşı vardı. Çox gözəl qız idi. İri, qara gözləri, ağappaq üzü, az qala yerə dəyən, gur saçları vardı. Nənəsi qıza saçlarını yumurtanın sarısı ilə yumağı öyrətmişdi. O da nənəsi deyəni edir, ona görə də qızın saçları uzanır, elə hey uzanırdı.
Nərgiz nənəsini çox istəyirdi. Nənə təkcə xalça toxuyur, qalan bütün ev işlərini, biş-düş işini, həyət-baca işini, üstəlik meşədən odun gətirib, doğramaq işlərini Nərgiz eləyirdi.
Onların qonşuluğunda Həbib adlı altı yaşlı bir oğlan uşağı var idi. Hərdən Nərgizə köməyə gəlirdi. Deyirdi ki, ver odunları mən doğrayım, sənə kömək edim.
-Əlini dəhrə kəsər, sən odun doğrayan deyilsən, - qız deyər, uşağa firnidən-şirnidən verib yola salardı.
Qız onu öpüb yola salanda, Həbib sevinər və qaçıb bütün qonşulara yayardı ki, «nisanlım məni öpdü».
Dərcuyə məhəlləsində bütün subay oğlanların Nərgizdən xoşu gəlirdi. Amma Nərgiz nənəsini tək qoymaq istəmir, hələ «tezdir» deyə, ərə getmirdi. Ögey qız nənəsinə bu cür mehriban olduğuna görə, məhəllə camaatı da qızı çox istəyirdi.
Günlərin bir günü mulazim Mustafa yenə də vergi yığmaqdan ötəri Nargilə nənənin darvazasını döydü. Nənə evdə yox idi. Çaya getmişdi ki, rənglədiyi yun sapları çayın suyunda bir əl yusun. Nərgiz darvazanı açdı. Mustafa irişə-irişə qıza dedi:
-Nə oldu, fikirləşdin, mənə gələcəksən, yoxsa nənəndən zorla vergini alım?
Nərgizin bu kişidən zəhləsi gedirdi. Eşitmişdi ki, onun iki arvadı, beş uşağı var. Özü də hər dəfə gələndə ona şorgöz-şorgöz baxdığı bəs deyil, hələ bir əlinə fürsət düşən kimi həyasız-həyasız subay qıza evlənmək istəyini də bildirirdi.
Nərgiz yumruğunu düydü ki, kişinin daz başına ilişdirsin. Amma «lənət sənə, kor şeytan» deyib, özünü saxladı. Belə eləsəydi, Mustafa onu zirzəmiyə salmaq adı ilə özü ilə apara bilərdi. Birtəhər sakitləşib dedi:
-Ay kişi, nə qədər sənə demək olar, nənəm toxuduğu xalçanı hanadan kəsməyib. Kəsən kimi satacaq, satan kimi də vergini verəcək. O ki qaldı mənim ərə getməyimə, mən nənəmi bu qoca yaşında tək qoyub, heç yerə gedən deyiləm. Bir də bu sözü mənə demə.
Kişi dişlərini ağartdı. Şit-şit qızın üzünə hırıldadı:
-Onda nənən də evdə yoxdur, qoy bircə kərə üzündən öpüm, sonra bir müddət siznən işim olmayacaq, dedi və qızın üstünə yeridi.
Nərgiz qorxdu, geri çəkilmək istədi. Qolu Mustafanın əlinə keçdi. Mustafa onun qolundan möhkəm tutdu ki, qız qaça bilməsin.
Nərgiz kişidən canını qurtarmaq üçün çapaladı, amma gücü çatmadı. Hirsləndi. Dirsəyi ilə boğazının hulqumundan elə vurdu ki, kişi yerə yıxıldı. Qız özünü itirmədi. Uzun, qalın saçlarını kişinin boğazına dolayıb, onu boğmağa başladı.
Bu vaxt həyətdə oynayan Həbib səsə gəldi. Balaca oğlan gördü ki, Nərgiz bir kişini uzadıb yerə, onu boğur. Fikirləşdi ki, bu yəqin tilsimkardır. Qaçıb yerdən dəhrəni götürdü. Onun küt tərəfi ilə Mustafanın daz başından elə vurdu ki, kişinin huşu getdi. Qız onun boynuna doladığı saçlarını açdı. Həbibə dedi:
-Sağ ol, dostum, sən olmasaydın mən bu murdarı öldürüb qatil olardım.
Həbib dedi:
-Mən sənin dostun yox, nisanlınam!
Nərgiz güldü, uşağı bağrına basıb, öpdü. Həbib isə yenə də şadlığından düz məhəllənin ortasına qaçdı. Gördüklərini məhəllə kişilərinə danışdı. Sevinə-sevinə dedi ki, «nisanlım məni öpdü».
Amma hər dəfə uşağın sözünə gülüşən məhəllə kişiləri, cavanları bu dəfə gülmədilər. Hamısı birdən qalxıb Nərgizgilin həyətinə getdilər.
Nərgiz sürüyə-sürüyə Mustafanı darvazadan bayıra salmışdı.
Bu vaxt məhəllənin ağsaqqalı Nərgizə yaxınlaşdı. Mustafa ilə nəyə görə savaşdığını soruşdu. Qız kişinin yaramaz hərəkətlərini ağsaqqala danışdı.
Ağsaqqal üzünü cavanlara tutdu:
-Cavanlar, Dərcuyə məhəlləsinin namus qisasını bu binamusda qoymayın!
Cavanların səsi aləmi götürdü:
-Haydı, namus qisasına! Haydı!
Mustafa özünə təzə gəlmişdi ki, cavanların təpiyi altına düşdü.
Allhqulu bəyə xəbər çatdı ki, onun mulazimini öldürüblər. Darğa təzədən Dərcuyə məhəlləsinə bir neçə mulazim göndərdi. Allahqulu bəyin zülmündən və vergi verməkdən cana doymuş məhəllə dəliqanlıları onları da öldürdülər.
Bundan xəbər tutan Təhmasib şah həmin məhəlləyə qoşun göndərdi. Vergi zülmündən cana doymuş bütün təbrizlilər xəbəri eşidən kimi üsyana qalxdılar.
Təhmasib şah səhvini başa düşdü. Həmin gündən sənətkarlıq və divan vergisini ləğv elədi. Təbrizlilərin canı vergi verməkdən qurtardı.
Bundan sonra Dərcuyə məhəlləsinin ən igid oğlanı Nərgizə elçi düşdü. Yeddi gün, yeddi gecə toy eyləyib Nərgizi gəlin apardılar.
Bu xəbəri eşidən balaca Həbib «sevdiyi qızı» başqasına verdiklərinə görə hamıdan küsdü. «Nisanlımı başqasına əyə veymisiz» deyib, yeməkdən imtina elədi. Nə qədər elədilər, yemədi. İki gün ac qaldı ki, ölsün.
Onu Nərgizin yanına apardılar. Qız onu bağrına basıb öpdü. Həbibin sevindiyindən kin-küdurəti yadından çıxdı. İştəhası açıldı. Doyunca yedi. Hamı yedi-içdi arzusuna çatdı, biz də səninlə arzu-muradımıza çataq!