Gül də şəhid olarmış, Qərənfil!
Səni görən kimi hamının yadına Şəhidlərimiz düşür. Qanlı Yanvarda al-qanına boyanmış, günahsız Şəhidlərimiz.
Həmin gün sənin al-qırmızı rəngin bir günün içərisində necə də qaraldı, bircə günün içərisində ağaran saç kimi. Sən demə, taleyin yazı dəftərində bu da varmış.
Niyə məhz sənin taleyinə şəhidlik yazıldı, gözəl gülüm? Başqa güllər-çiçəklər əllərdə gəzəndə, sən Şəhidlər Xiyabanını bəzədin. Qızılgül, lalə sevənlərin əllərində olanda sən İlhamla- Fərizənin qəbirləri üstünə qoyuldun.
Nəzərmi dəydi sənin gözəlliyinə, Qərənfil? Bəlkə göz götürmədi günü-gündən gülə-çiçəyə bürünən Bakımızı? Yağı öz küçələrimizə öz qanımızı tökdü. Sən Qara Yanvarda xalı kimi sərildin işvəli-nazlı Bakımızın ayaqları altına və şəhid oldun.
Bəli, o müdhiş gecədə sən də şəhid oldun, bir çox günahsız kimi. Sən gözəl ləçəklərini günahsız qanlar tökülən yerə düzərək, həmin yeri tapdanmağa qoymadın. O gündən də taleyinə şəhidlik yazıldı.
Həmin gündən sən bizim gözümüzdə daha da gözəlləşdin, daha da ucaldın! Səni xoşlamayan da xoşladı. Sevməyən də sevdi. Bircə günün içərisində sən hamıya doğmalaşdın.
Şəhid çiçək! Sən bizim əziz tutduğumuz Şəhidlərimiz qədər bizə əzizsən. Sənin şəhidliyin bizim qəlbimizi həmişə göynədəcək.
Qərənfil, qeyrət çiçəyi! Ürəyimi göynədən dərdimi sənə demək istəyirəm, səninlə bölüşmək istəyirəm. Gedərsənmi mənimlə Gəlin qayasına? Gəlinlərimiz, qızlarımız erməni əlinə keçməsinlər deyə, özlərini qayadan atdıqları yerə. Mən əyilib onların son dəfə dayandıqları yeri öpərəm, sən də sərilərsən onların ayaq izləri olan torpağa.