Sus, gözəl, danışma, sus!

 Sus, gözəl, danışma, sus!

İlahi, Qız, necə də gözəlsən. Tanrı səni necə xoş bir vaxtında yaratmış ki, bu qədər eyibsizsən. Ala gözlərin süzüləndə adamın ağlını başından alır, dodaqların açılmamış qönçəyə bənzəyir.

Qardan ağ çöhrən, gecə qaranlığından da qara saçların səni insan simasında mələyə oxşadır. Bu necə sehrli baxışlardır ki, məni ovsunlayıb, nitqimi əlimdən alıb, dilim çox çətinliklə söz tutur. Özümü güclə ələ alıram ki, səni bağrıma basmayım. Səni görənin heç ağlı başında qalarmı, Qız?

Hurisən, yoxsa pərisən? Hər kimsənsə, çox gözəlsən. Gəl mənim ol, gözəl. Yarım ol. Qoy, sənin kimi yarım olduğuna görə mənə həsəd aparsınlar. Yaxın gəl. Nə olar, bir az danış, söhbət elə. Qoy səsindən xumarlanım, bəxtəvər olum. De kimsən, nəçisən, nədə görürsən həyatın, yaşamağın anlamını?

...Dayan, gözəl, bəsdir daha, danışma, sus! O gül dodaqlarından qopan kəlmələrin səni kiçildir. Dediklərin qəlbimi göynədir. Ağzından çıxan sözlər bir anda gözümün qarşısındakı gözəlliyi məhv edir.

Sus, gözəl, danışma, sus. Mətləbdən, mənadan uzaq dediklərin gül çöhrəni heçə döndərir. Bircə anda arzuladıqlarımın hamısının üstündən qara xətt çəkir.

Sus, gözəl, danışma, amandır,sus!

Allah eşqinə, sus!

 

Cahil ağzını açan kimi

nöqsanı üzə çıxar

S.Təbrizi