Birinci qar yağır - aram-aram, asta-asta. Adamların başına, küçələrə, səkilərə, evlərin damına, ağacların budaqlarına, hər yana səpələyir dənəciklərini, torpağa ağ xalı döşəyir sanki.
Yolla gedən adamların bəzisi tələsir, bəzisi isə qarın asta-asta yağmasından xoşlanaraq addımlarını ləngidir...
Qarsa aram-aram yağmağında davam edir. O, qarın altında yol yeriyən adamların üzlərinə sığal çəkib, onlarla görüşür. Sonra isə adamların başına, qocaların qırışmış üzlərinə, damarı çıxmış əllərinə sığal çəkir.
Qar elə yağır ki, adama həm həzin, həm də möhtəşəm bir simfoniyanı xatırladır. Həmin simfoniyanı hələ heç kəs çalmayıb, hələ heç kəs bəstələməyib. Hər kəsin ürəyindədir həmin musiqi. Uşaqların öz musiqisidir bu simfoniya, cavanların sevgi nəğməsi, qocaların ümid səsidir bu simfoniya.
Qarın yağmasına hamı sevinir. Ən çox da uşaqlar. Onlar qarın belə həzin yağmasına sehrli bir möcüzə kimi baxırlar. Elə bil, nağıllar aləminə düşürlər. Düşdükləri aləmdən ayrılmaq, möcüzələr aləmindən adi həyata qayıtmaq istəmirlər.
Heç bir xoş hava uşaqlara bu qədər xoşbəxtlik bəxş edə bilmir, aramla yağan iridənəli qardan başqa. Heç bir təbiət mənzərəsini onlar belə şən, qəhqəhə ilə qarşılaya bilmirlər, qarlı günlərdən başqa. Ürəklərində sevinc simfoniyası yaranır, bu musiqidən ayrılmaq istəmirlər.
Belə həzin qar sevənlərin ürəyində sevgi, vüsal həsrəti yaradır. Onu coşdurur, təlatümə gətirir. Sanki həzin qar ən güclü simfoniyasını sevənlərə hədiyyə edib. Bu qar onların məhəbbətini daha da gücləndirir. Sevənlərə sevgi payı göndərir.
Qocalar sevinir, “Bu il də qarı gördük, şükür sənə Tanrı”, - deyirlər. - “Görəsən, o biri il qarı görmək qismətimdə olacaq, yoxsa, yox?” - nigaran-nigaran fikirləşib, Tanrıya şükür edirlər.
Qarın yaratdığı bu həzin simfoniya onların ürəyində “əlvida” musiqisinə çevrilir. Qocalar bir vaxt belə bir gözəlliyi görməkdən məhrum olacaqlarını yadlarına salanda gözləri dolur.
Qar isə yağır... Yavaş-yavaş, öz həzin melodiyasını çala-çala - ürəklərə, qəlblərə yağır. Kimisini sevindirən, kimisini… Birinci qar yağır, aram-aram, asta-asta yağır, yağır...