Bir qarışqa vardı - zəhmətkeş, əliqabarlı. Başını aşağı salar, işləyər, hey işləyərdi. Dindirəndə danışar, dindirməyəndə susardı. Ömrü-günü işləməklə keçmişdi onun. Qocalığında rahat yaşamaq üçün əziyyətə çox dözmüş, özünə yuva düzəltmişdi. Axırıncı çör-çöpləri daşıyırdı yuvasına ki rahat uzanıb-dincəlsin, illərin yorğunluğunu canından çıxarsın.
Birdən yuvanın üstündən keçən bir fil ayağını qarışqanın üstünə qoydu. Qarışqa da, onun yuvası da filin ayağı altına yapışdı. Qarışqa dincəldi. Özü də həmişəlik.