Yandırıb-yaxdı

Yandırıb-yaxdı 

Süpürgə evə təzə gələndə çox sevindi, çox həvəsləndi. Ev-eşiyə sığal çəkdi. Onu tərtəmiz təmizlədi. Qoymadı ev çirkli qala.

Gələn qonaqlar evin təmizliyindən danışdılar. Ev sahibəsinə “Sağ ol!” dedilər. Amma süpürgəyə heç kəs qiymət vermədi. Onu tərifləmədi. 

Bir neçə ay keçdi. Süpürgə köhnəldi, yararsız hala düşdü. Amma yenə də ev-eşiyi tərtəmiz süpürürdü. Çubuqları qırılsa da, buna baxmır, hər yanı tərtəmiz edirdi.

Bir gün evə təzə süpürgə gətirdilər. Köhnə süpürgə sevindiyindən həmişə qaldığı yeri də təzə süpürgəyə verdi. Özü də dayanmadan bütün günü işlədi. Həyəti, ağacdan tökülən sarı payız yarpaqlarını tərtəmiz süpürdü. Sahibə yarpaqlara od vurub-yandırdı. Sonra süpürgəni də oda atdı. Köhnə süpürgəni od yox, ev sahibəsinin etibarsızlığı yandırıb-yaxdı.