Tələbə yoldaşlarım! İyirmi ildən sonra yenidən görüşmək istəyindəsiniz. Rəngarəng, maraqlı həyatınız bitəndən, uşaqlarınız böyüyəndən sonra. Həyatınızın yarıdan çoxunu yaşayandan sonra.
Görüşün! Sevincinizi, kədərinizi bir-birinizlə bölüşün. Amma bağışlayın məni, görüşə bilməyəcəyəm sizinlə. Fikrimcə, bu gecikmiş görüş kimsəyə gərək deyil.
Görüşsək, baxa bilmərəm üzünüzə. Sizi cavan, üzügülər görmüşəm. Xatirimdə belə qalmısınız. İndi, iyirmi ildən sonra həyəcansız nejə baxa bilərəm sizin dəyişmiş üzünüzə, solmuş, təravəti getmiş çöhrənizə, qırışmış alnınıza, ağarmış saçlarınıza? Mən necə baxa bilərəm?
Bu, təbiət qanunu olsa belə, bununla barışıb üzünüzə biganə baxa bilmərəm. Sakit-sakit, göz yaşı tökmədən. Məni bağışlayın, elə buna görə görüşünüzə gələ bilməyəcəyəm.
Tutaq ki, görüşdük. Hal-əhval tutduq bir-birimizdən. Danışdıq, gülmək istəməsək də, güldük, keçmişləri yada saldıq, kövrəldik, ağladıq. Nəyi qaytaracaq bu görüş bizə? Axtardığımız nə olacaq, tapdığımız nə?
Cavan olarkən ayrılmışıq, indi qocalığa doğru gedəndə görüşsək, bu, cavanlıq xatirələrimizə yara vurmazmı, qəlbimizi parçalamazmı? O gözəl qayğısız, dərdsiz vaxtlar görüşmüşdük, indi görüşsək, dərdimizin üstünə dərd gəlməzmi?
Tutaq ki, görüşdük, uşaqlarımızdan söhbət açdıq, bu vaxt uşağı olmayanımızın halı necə olacaq? O bizim söhbətimizə necə qoşulacaq?
Məni bağışlayın, mənim mehriban tələbə yoldaşlarım! Görüşməyəcəyəm sizinlə. Mən də çox dəyişmişəm. Alnımın qırışlarını görəndə “Necə dəyişmisən?!” sözünü eşitməməkçün; əl tutanda qırışmış əllərimizi görməməkçün görüşünüzə gələcəyəm.
Bir vaxt həyat eşqindən alışıb-yanan ala gözlərin qara kölgəsini, gözəl qədd-qamətlərin bükülməsini, yaxud şişmanlığa dəyişməsini, qalın, gur saçların yerinə seyrəlmiş saçlar, yaxud ortası dazlaşmış başlar görməyim deyə gəlməyəcəyəm görüşünüzə!..
Sevgidolu baxışların izi qalıb üzümüzdə, o izləri silməkçün gəlməyəcəyəm görüşünüzə. Ürəyim ilk məhəbbətimin nakam vüsalına sevgi nəğməsi qoşub. O nəğməni qorumaqçün gəlməyəcəyəm görüşünüzə. Qulaqlarımda qəhqəhələrimizin əks-sədası qalıb. O əks-sədanı saxlamaqçün gəlməyəcəyəm görüşünüzə. Gəlməyəcəyəm, axtarmayın məni, dostlarım, gəlməyəcəyəm!
İnciməyin məndən, ürəyim sizin üçün çox-çox darıxsa da, illərlə sizinlə görüşə həsrət qalsam da, gəlməyəcəyəm. Gənclik illərinin xatirələrini qoruyub-saxlamaqçün gəlməyəcəyəm. Sizləri yaddaşımda həmişə cavan qorumaqçün gəlməyəcəyəm görüşünüzə. Gəlməyəcəyəm! Heç vaxt gəlməyəcəyəm!!!
Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunun (indiki ADİU) «Sənayenin
planlaşdırılması fakültəsi»nin
1250-ci qrup tələbələrinə ithaf
edirəm
Gülzar İbrahimova
2005-ci ilin qışı