Niyə elə çalırsan, oğlan, niyə elə yanıqlı çalırsan? Skripkanı niyə elə ağladırsan? Onun nə günahı var?
Niyə yana-yana çalıb ürəkləri dağlayırsan? Bilmirsən ki, sevgidən yananlar var? Niyə yanıqlı-yanıqlı çalıb sevənləri, həsrət çəkənləri dəli edirsən? Bilmirsən ki, çaldığının səsi gələndə ürəkləri qubar olanlar var?
Niyə rəhmin gəlmir əzab çəkənlərə? Məgər bilmirsən ki, sən çalanda ürəkləri şam kimi əriyənlər var? Niyə rəhmin gəlmir sevənlərə? Bilmirsən ki, sevərək ayrılanlar var? Çaldığının səsini eşidəndə gözlərindən yaş axıdanlar var?
Ay insafsız, skripkanı niyə elə ağladırsan, niyə elə sızladırsan, bəs onun nə günahı var?
Yəqin, sən də sevmisən. Sevib həsrət çəkmisən. Əl çatmayan sevgini naləyə, fəryada çevirib dərdini skripkaya söyləmisən. Elə o vaxtdan da skripkan ağlayır. Aləmə car çəkə-çəkə dərdini sevənlərə deyir. O gündən də skripkanın qəmli səsi qoşulub nakam sevgililərin ürəkdən qopan ahlarına. Onlarla birgə nalə çəkir, fəryad edir.
Dayan, oğlan, dayan, çalan əllərin var olsun! Amma dayan, daha qəmli mahnılar çalma, dayan! Yazığın gəlsin sevib, həsrət çəkənlərə. Yazığın gəlsin sevgi deyə nalə çəkib, ölmək istəyənlərə, yazığın gəlsin. Çalma qəmli mahnılar, dayan! Özün də oyan, sevginin acı yuxusundan, düş xəyalındakı vüsal taxtından, çıxart xülya nəşəsini başından!
Bəsdir ürəkləri qubar etdiyin! Bəsdir ürəkləri titrətdiyin! Skripkanın səsi gələndə dərindən ah çəkənlərə, hönkür-hönkür ağlayanlara, için çəkib hıçqıranlara yazığın gəlsin. Yazığın gəlsin, dayan, çalma daha qəmli mahnılar, çalma, dayan!!!