Nurani babalarımız, ağbirçək nənələrimiz. Gəlin, birağızdan “İndiki cavanlar çox pisdirlər”, - deyib onları qınamayaq. Mərdi qova-qova namərd eləməzlər. Məgər cavan olanda aranızda heç pis, tənbəl yox idi? Məgər o vaxtlar bütün cavanlar böyük-kiçik yeri bilən idilər?
Yox, bugünün, indinin cavanları dünənkindən ağıllıdırlar. Dünənkindən savadlı, dünənkindən işgüzardırlar. Heç olmasa, bugünün cavanı bizim cavan vaxtlarımızdan fərqli olaraq bilir ki, Vətəni haradır. Biz cavankən rusların “Otkuda naçinaetsya Rodina?” mahnısına, yəni “Haradan başlanır Vətən?” mahnısına qulaq asardıq və mahnının təsirindən gözlərimiz yaşarardı. Şəxsən mənə elə gələrdi ki, Vətənim Uzaq Sibir çöllərindən başlayır.
İyrənc rus təbliğatı öz güclü təsirini göstərər, rusların qələbəsinə sevinər, onların kədərinə onların özlərindən də çox yanardıq.
Amma bugünün gənci həqiqəti bilir. O bilir ki, onun doğma diyarı haradan başlanır, harada qurtarır. Dostu kim, düşməni kimdir. Vətənini sevir. Ona itaət edir, bayrağına hörmət edir, onu öpür, bayrağın altında qürurla durur.
Cavanlarımıza belə şeyləri başa salmağa ehtiyac yoxdur. Onlar çox şeyi yaşlı nəsildən də yaxşı bilirlər. Azərbaycanımızın cavanları gözüaçıq, diribaş, həm də güclüdürlər.
Bəli, çox güclüdürlər. Onların gücü təkcə dünyanın ən güclü, ən murdar mafiyalarına çatmır. Siyasi oyunlara yaxşı bələd olan gənclərimiz bilirlər ki, belə dəhşətli mafiyaların siyasət meydanında topa çevrilmək nə deməkdir. Buna görə də hər addımlarını ölçüb-biçir, olunan haqsızlıqlara səbirlə dözürlər. Bəzənsə onların da səbir kasaları dolub-daşır, onlar səbirsizləşir, nifrətlərindən, qəzəblərindən boğulurlar. Raminlərə dönüb, düşməndən qisas almaq üçün od tutub-yanırlar.
Qınamayın cavanları! Bu günə qədər görün nə qədər cavanımız Vətən yolunda şəhid olub. Adları heç yerdə çəkilməyən, qəhrəman adı almayan Milli Qəhrəmanlarımız saysız qədərdir. Sinəsini işğalçı rus tankının qabağına verib, “Bura mənim vətənimdir, rədd ol buradan!” - deyən və özünü Vətənə qurban verən İlhamlarımız, el-obasını düşməndən qorumaq üçün son nəfəsinə qədər vuruşub-həlak olan Əliflərimiz, kamerası qanına bulaşmış Çingizlərimiz, düşməndən qisas almaq üçün çiyin-çiyinə cəbhəyə gedən və biri şəhid olan, digəri əlilə dönən qardaş-bacı Kamandar və Məleykələrimiz olub.
Döyüşdə ölümcül yaralanmış ağsulu əsgər İlqar can verərkən bayrağımızı istəyib. “Bayrağımızı üstümə örtün, ölə bilmirəm!” - deyib. Bayrağımızı üstünə örtəndən sonra o, rahat can verib, dünyasını dəyişib.
Görün, nə qədər cavan torpaqlarımız uğrunda şikəstə dönüb. Bugünün özündə də nə qədər cavanımız cəbhəyə getmək üçün, düşməndən qisas almaq üçün hərbi komissarlıqlara müraciət edir. Belə ürəkli cavanlarımız həddən çoxdurlar, saysızdırlar.
Məgər onlar indiki cavanlar deyil? Qınamayın cavanları! Heç belə cavanları olan da gileylənər ki, “İndinin cavanları pisdir?».
İndi gəlin, bir yerdə etiraf edək ki, elimizin cavanları tarixboyu indikindən qeyrətli, bugünkündən ağıllı, dərrakəli, uzaqgörən, dünyagörüşlü olmayıblar. İndinin cavanları çox yaxşıdırlar, həmişəkindən də yaxşı. Qınamayın cavanları, qınamayın!