Sənsiz qala bilmirəm. Hara gedirəmsə, səni axtarır, harda qalıramsa, səni fikirləşirəm. Qərarım gəlmir sənsiz, nəfəsim çatmır sənsiz. Tez sənə qaçıram. Qoynuna tələsirəm. Mənim sehrli, cazibəli Bakım. Gözəl Bakım, şirin Bakım!..
Özü həlim, dənizi sakit, havası şəfalı, isti ocağım. Özün kimi xoş Xəzərin, dalğasız, tufansız dənizin sənə necə də gözəllik verir. Füsunkarlığını necə də artırır.
Hər tərəfi qədim qalalarla, şah sarayları ilə dövrəyə alınmış, qədim Bakım! Keçmişi indisindən gözəl, bugünü dünənindən gözəl, naz-qəmzəli, işvəli Bakım! Gözəlliyinə göz dəyməsin!
Adamları istiqanlı, mehriban, qonaqlı-qaralı şəhərim! Qız-gəlinlərin xəzrindən, mehindən sığal alıb, bənzərsiz gözəllərə dönüblər. Ən yaşlı qocalarının da üzündə sehrli bir nuranilik var. Tanrı onları bədnəzərdən qorusun!
Qoynunda böyüyənlərin çoxunun şairliyə, sənətə, xeyirxahlığa meyl etməkdən üzlərində nur bəslənibdir. Dünyanın yazıçıları, şairləri, incəqəlbli adamları daha yaxşı bilərlər ki, bu qədər şairi, rəssamı, bəstəkarı, musiqiçisi, sənətkarı olan xalq, düşməni də olsa, heç vaxt əlinə silah alıb adam öldürmək istəməz. Yəqin, elə camaatın da özünə oxşayıb ki, pislik, xəyanət, kin-küdurətdən, qisas kimi niyyətlərdən çox-çox uzaq düşüblər. Allah onları pislərdən qorusun!
Mən səni olduğun kimi sevirəm, Bakım! Necə varsansa, elə də qal. Sən mənim gözümdə belə daha ucasan, Vətənim! Həmişə belə qal, olduğun kimi. Adamların da dəyişməsin. Sevgiləri gözlərindən, nurları üzlərindən əskik olmasın. İncəqəlbli, şairürəkli, dəyişməz qalsınlar. Sən də dəyişmə, Bakım, heç vaxt dəyişmə, olduğun kimi qal!!!