“Ruhunuz şad olsun”, - deyə bilmədim sizə, mənim qeyrətli, namuslu bacılarım!
Yağı əlinə keçməməkçün qaya başından atılıb tikə-tikə olanın da ruhu şad olarmı heç? Düşmənə qismət olmamaqçün biləyindəki damarları baş sanjağı ilə deşib, özünə qəsd edənin də ruhu rahatlıq taparmı? Düşmən qəhqəhəsini eşitməməkçün özünə də, balasına da od vurub-yandıranın ruhu sevinərmi? Namusunu bala məhəbbətindən də üstün tutan cavan ana düşmən əlinə düşməsin deyə, gizləndiyi yerdə körpəsinin səsini kəsmək üçün boğub-öldürübsə, sonra da özünə qəsd edibsə, belə ananın ruhu şad ola bilərmi? Yağının belindən gəlmiş körpə balasını son dəfə əmizdirib, sonra isə onu ayaqlarından tutaraq divara çırpıb öldürənin də heç ruhu şad ola bilərmi? Ruhu şad ola bilərmi? Ruhu şad ola bilərmi?
Ruhu şad olmayan gəlinlərimiz, qızlarımız çoxdurlar. Lap çox. Müqəddəs Kitabımızda yazılanlara görə isə onlar günahkardırlar. Özlərinə qəsd etdiklərinə görə Yaradan tərəfindən bağışlanmır onların günahları. Tanrının yaratdığı varlığı məhv etdiklərinə, Tanrıya qarşı çıxdıqlarına görə.
Eşit məni, Allahım! Eşit məni! Mənə yaz, mənim adıma yaz onların olmayan günahlarını. Mənə ver cəzanı. Mənə əzablı, işgəncəli bir ölüm ver. O günahsız, təmiz mələkləri qoruya bilmədiyimə görə, onları düşmən qarşısında köməksiz, yalqız qoyub qaçdığıma görə, onlar kimi ölümün üzünə dik baxa bilmədiyimə görə. Ölümdən qorxduğuma görə, belə şərəfsiz bir ləkəni üstümə götürə bildiyimə görə. Mənim günahlarımı o günahsızlara, yazma, Allahım! Ver mənim cəzamı. Ver mənim cəzamı. Ver mənim cəzamı!!!