Tək

Tək

İnsan! Tanrı Səni tək yaradıb. Tək yarandığın kimi də tək yaşayırsan. Tək yaşayıb həyatını başa vurursan, tək də dünyadan gedirsən...

Sən Yaradanın yaratdığına hörmət edib özünü sevməlisən; əgər kimsəni özündən artıq sevib ona ruhunda yer versən, Tanrıya acıq gedər, onu ya Sənin əlindən alar, ya da Səndən uzaqlaşdırar.

Sən həmişə təksən... Bu təklik bəzən səni darıxdırır. Tək qalmaq istəmirsən, elə bilirsən, həyatında kimsə çatmır. Ürəyinə yaxın olan kimsəni tapanda sevinirsən. Elə bilirsən, axtardığını tapmısan. Amma sevinc içərisində tapdığın səni çox ani sevindirir. Sonra yenə də tək qalırsan. Bundan bədbinləşirsən. Elə bilirsən, hər kəs kiminləsə canbir qəlbdədir, Sənsə təksən.

Hər kəsin tək olduğunu Sən görmürsən. Bunu bilmək üçün tanıdığın insanlarla yaxından təmasda ol, dərdləş. Onda əmin olarsan ki, tək olan təkcə Sən deyilsən. Tək olmayanlar isə həyatın ani bir anında ani sevinclərlə aldananlardır. Az müddətdən sonra onlar da təkləşirlər. Bundan sonra isə daha da bədbinləşir, hətta dünyadan küsür, yaşamaq belə onlar üçün qiymətsizləşir. 

İnsan! Bil ki, Tanrı Səni tək yaradıb. Sən tək də olmalısan. Buna qəmgin olma. Tanrı qəzəblənər. Sənə verdiyi nemətlərin ən qiymətlisini - sağlamlığını, əqlini, zəkanı geri alar. Sənə verdiyi hər şeyə görə Tanrıya şükür elə.

Kimsəni gözləmə ki, o Sənin həyatını bəzəyəcək, Sənin dərdlərinə, ağrı-acılarına qulaq asacaq, ona çarə edəcək, Səni sevindirəcək. Sən tək yaranmısan. Tək yaşamalı, həyatdan tək də getməlisən!!!