Röyadayam. Hər tərəf yaşıllıq, hər tərəf gül-çiçək. Buludu görünməyən mavi səmalarda uçuram. Günəş məni istisiylə isidir, sərinləmək üçün dənizə enirəm. Üzürəm, üzürəm yorulmadan, boğulmadan sakit, dumduru dənizdə üzürəm.
Sonra isə adamların arasında gəzirəm, hamı xoş təbəssümlə, qayğıkeş-qayğıkeş mənə baxır, mehribanlıqla ətrafıma yığışırlar. Ürəkdən sevinir hamı. Hər şeyə sevinirlər - yaşadıqlarına, özlərinin də, mənim də həyatda olmağıma...
Gözlərimi açıram. Yuxudan ayılıram. Həyatdayam. Ətrafımda üzündə sevinc olan kimsəni görmürəm. Yaxında-uzaqda ürəkdən sevinən kimsə yox.
Hər kəs xoşlamadığı bir işlə məşğuldur - çiyinlərində digərinin ağır bir yükü, üzlərində qaşqabaq, gözlərində kədər. Zəncirlə bir-birinə bağlanmış qullar kimi. Hamı qarışqa kimi nəyisə, harasa daşıyır.
Həyatda varlığım kimsəni sevindirmir. Yuxudakı kimi mavi səmalara qalxıb uçmaq istəyirəm, qollarımı qaldırıram, yanlarıma düşür.
Yuxuda güldüm, həyatda ağladım. Tapdıqlarım kədər oldu. Yuxuda tapdım, həyatda itirdim. Axtardığım hədər oldu. Haraya çağırdım, harayıma gələn olmadı. Köməyə səslədim, səsim çıxmadı, köməyə gələnim olmadı. Yuxum həmişə tərs oldu. Kaş elə yuxularda qalaydım, kaş elə yuxularda yaşayaydım.