Sirli-sehrli Dünya! Yaşamlı-ölümlü Dünya! Həm itirən, həm axtaran, kimləri xoş qarşılayan, kimlərə dərd aşılayan, gəlimli-gedimli Dünya!
Kimisini süründürür, kiminə qanad verirsən; birisini ağladanda, o birini güldürürsən… Qorxudur məni qəhqəhən, de, nədi məqsədin, Dünya? De, nədi istəyin, Dünya?
Pisləri qoyub gedirsən, yaxşını aparan Dünya! De, özün hara gedirsən? Nədir bu niyyətin, Dünya?! Dayan, Dünya, nə edirsən? Dünyanı dağıdan Dünya!
Daş dövründən daş qazandıq, ova çıxdıq ad qazandıq, dayanmadan var qazandıq, bəs hanı varımız, Dünya? Vardan-yoxa qaçan Dünya! Bizdən bezar olan Dünya! Sən niyə belə edirsən? Günəşdən od alan Dünya, nurdan niyə gizlənirsən?
Günəş - yeri-göyü şəfəqləndirən, isidən, odlu-alovlu Günəş! Bütün bəşərdə olanların yeganə şahidi, həmişə var olan Günəş!
Nə görmüsən bu vaxtacan, neçə dünya qurub Dünya, neçəsin dağıdıb Dünya? Nələrə şahid olmusan, bizə də de, biz də bilək, biz də bilək!!!
Deyirlər, zaman qaçır, tarixsə hey təkrarlanır. Dağılan təzədən yaranır. Olmuşları bilən Günəş, dünyanı isidən Günəş, olacağı bizə de, biz də bilək! Dünyada nələr olacaq, nə itəcək, nə gedəcək? Sonra nə təkrarlanacaq, buzlar nədən əriyəcək, yer-göy nə vaxt birləşəcək? Çarə edə bilməsək də, dayanıb onu gözləyək! Qonaqlı-qaralı Dünya kimləri yola salacaq? Kimsənin olmayan Dünya, sonda kimlərə qalacaq?