Nə yazırsan, yazar, sakit-sakit, aram-aram, nə yazırsan qəm-qüssəli, qaşqabaqlı, gözü yaşlı, nə yazırsan?
Ürəyin nəylə dolub, boşaldırsan, boşaldırsan, heç boşalmır, nə yazırsan?
Kimdən yanıqlısan, yazar? Kimdən gileylisən? Yaza-yaza kimləri qınayırsan, kimləri yamanlayırsan?
Yaza-yaza bəlkə sevgilini axtarırsan, Yazar? İtkin yarını soraqlayırsan? Kimi axtarırsan? Kimi?
Yaza-yaza kimi tapıb, kimi sevirsən, kimi əzizləyib, kimi oxşayırsan? Bəlkə yaza-yaza vüsal gəzirsən? Kimdən yazırsan yazar, açıq söylə, kimdən yazırsan?
Kim qıydı canına, səni yazar eylədi? Kimlər qəlbini qırıb, sənə yamanlıq eylədi? Kim səni sevib, sənə çatmayıb, kimi sən sevib atmısan, peşman olmusan? Onlardanmı yazırsan yazar, kimdən yazırsan?
Hankı sel yarını aparıb? Hankı külək arzunu, hankı qasırğa ümidlərini dondurub, onlardanmı yazırsan, kimdən yazırsan?
Qələmin tarsız-sazsız sızım-sızım sızlayır, ağ kağızın göz yaşlarından islanır, kağız də ah-naləni götürmür, saralır. Sən isə hey yazır, yazırsan, nə yazırsan?
Yazdıqlarınla üsyan edirsən bəlkə Yaradana, təbiətə, zaman-zaman hər şeyi yaratdığına, sonra isə xəzana çevirib torpağa qatdığına? Bəlkə üsyan edirsən?
Ömür getdi, saç ağardı, baxt çağırdın baxtın soldu, tale səni qaçırtdı, yordu... Yorulmadın? Dərdi-sərdən yazdın, yazdın, acılardan yazdın, yazdın, heç doymadın? İndi nədən yazırsan?
Yazan oğuz, qələmi götür əlinə, məndən də yaz! Ayaq altda xəzan ki var, xəzandan yaz, xəzan mənəm.
Yağış göydən yağan zaman pəncərəndə tər damcı var, damcıdan yaz, damcı mənəm, göz yaşıyam. Məndən də yaz!
Bax, boynu bükük bənövşəyə, ondan da yaz, o da mənəm. Kökdən qurumuş ağacam, məndən də yaz, xarı güləm, xar olmuşam, məndən də yaz!
Ocaqdakı küldən də yaz, elə həmin kül də mənəm, yanıb, yanıb kül olmuşam.
Yaz, yazar, yorulma, yaz! Sən dərdini yaza bilməyənlərdən yaz!