Sabahın xeyir, Günəş! Sabahın xeyir, Müqəddəs Varlıq !
Sübh şəfəqləri adamın çöhrəsinə nur çiləyir, heç vaxt solmayan gözəlliyin göz qamaşdırır, adam istəsə də, sənə çox baxa bilmir.
Görəsən, varmı Səndən gözəli, dünya gözəli?
Əlbəttə, yox! Sənə tay ola bilməz. Yoxdur cahanda elə gözəl ki, onun gözəlliyi əbədi olsun və gözəlliyinə dünyanın bütün canlıları sevinsin, istisinə isinsin. Zaman, dövran dəyişsə də, o, cavan qalsın, qocalmasın.
Allah özü Səni bədnəzərdən qorusun!
Sən Tanrının canlılara ən böyük hədiyyəsisən, Günəş!
Gözəllik ilahəsi! Nədən ətrafında qara buludlar dolaşır? Nədən hərdən gözəlliyin həmin qara buludlar arasında gizlənir?
Bəlkə bu qara buludlar yerdən qalxan odların, alovların, amansızlıqların qara tüstüsüdür?
Bəlkə bu qara dumanlar yerin-göyün ah-naləsidir, səndən imdad diləyir ?
Ey bütün cahanı isidən odlu Günəş! Haqsız tökülən qanlardan doymuş Yer səltənətinə dayaq ol! Köməyini Yerdən əsirgəmə! Özün kimi Müqəddəs Varlıq olan Torpağı pis nəfəslərdən qoru!
Buz qəlbli insanların ürəyindəki buzları ərit ki, onlar pis niyyətlərindən çəkinsinlər. Nur şüalarından qəlblərinə şəfəq ver ki, rəhmə gəlib dayansınlar.
Yaxşı ki Sən varsan, Günəş! Həmişə var ol! Allah eləməmiş, sən olmasan, insanlar buz qayalıqlar arasında daha da buzlaşarlar.
Var ol, Günəş! Daim başımızın üstündə ol! Öz istini bizdən əsirgəmə!
Tanrı Səni bizə çox görməsin, Ey dünyamızın Müqəddəs Çırağı!