Gecikmiş dərman

Gecikmiş dərman

(Nağıl)

Biri vardı, biri yoxdu böyük bir diyarda bir Sərhan xan vardı. Bu xanın üç oğlu və bir qızı var idi. Xan öz qorxmazlığını, igidliyini oğlanlarına öyrətməyə çalışırdı. Hər üçünə uşaq vaxtından at çapmağı, güləşməyi öyrədərdi.

Amma nədənsə böyük oğlanla ortancıl oğlan hər şeyi çox tənbəlliklə edər, kiçik oğlan isə onların əksinə yorulmaq bilməzdi. Bütün yarışlarda da kiçik oğlan qalib gələrdi. Xan öz oğlanlarına anadan olandan ad qoymamışdı. Sərhan xan hamıya bildirmişdi ki, mən oğlanlarıma göstərdikləri hünərə görə ad qoyacağam.

Xan qızı isə qız olmasına baxmayaraq böyük və ortancıl qardaşından fərqlənərək çox cəsarətli idi. O oğlan kimi at çapar, qılınc oynadar, qardaşları ilə bərabər nizə döyüşü öyrənərdi.

Sərhan xan böyük və ortancıl oğlundan narazı qalsa da, kiçik oğluna və qızına baxıb fəxr edərdi.

Övladları yetkinlik yaşına çatanda xan böyük bir ad qoydu mərasimi keçirtdi və bu mərasimdə O, oğlanlarına layiq ad verdi. Böyük oğlana Fərəməz, ortancıl oğlana Təhməz adı, kiçik oğlana isə Eloğlu adı verdi. Böyük oğlanları kiçik qardaşa verilən addan çox paxıllandılar. Amma atalarının sözü qarşısında bir söz deyə bilmədilər. Xan qızına anadan olan kimi ad vermişdi. Qızın Adı Banu çiçək idi.

Ad qoyma mərasimindən sonra böyük və ortancıl qardaşlar açıq-aşkar kiçik qardaşa paxıllıq etməyə başladılar. Onu tez-tez aldadır, nahaqdan incidərdilər. Kiçik qardaş isə bu haqda ataya heç nə deməzdi.

Bir müddət keçdi. Oğlanlar artıq həddi-buluğa çatmışdılar. Banu çiçək isə böyüyüb gözəl bir qız olmuşdu.

Qayğısız yaşanılan günlərin birində xanın ailəsi kədərli bir hadisə ilə üzləşir. Xan ağır bir xəstəliyə düçar olur. O nə yeyir, nə içir, günü gündən saralıb solurdu. Heç bir təbib, heç bir loğman onun dərdinə çarə tapa bilmirdi.

Həmin vilayətdə falçı bir qarı yaşayırdı. Falçı qarı noxudları töküb onların içində fala baxardı və çox düzgün yol göstərərdi. Sərhan xan həmin qarını çağırtdırıb ondan xahiş etdi ki, falına baxsın və ona çarə etməyə yol göstərsin. Və vəd etdi ki, əgər göstərdiyi yol düzgün və xeyirli olsa qarının öz ağırlığında ona qızıl verəcək.

Qarı xanın falına baxdı və dedi:

*- Hörmətli xan! Sənin ömrünə cəmi üç ay qalıb. Amma səni xilas etmək çox çətin də olsa mümkündür. Bunun üçün bir nəfər hünərli adam Qəddar dağa gedib oradan sənə dərman gətirməlidir. Mən də həmin dərmanı içirdəcəyəm sənə və elə xəstəliyin də elə o saatca yox olacaq. Qəddar dağ dənizin ortasında bir adada yerləşir. Əvvəlcədən deyim ki, həmin dağa kim getsə geri qayıtmır. Elə ona görə də həmin dağın adını qoyublar Qəddar dağ. Adaya girmək üçün yalnız bir yol var. Həmin yoldan keçən hər kəs burulğana düşüb məhv olur. Adaya girib dağa qalxmaq lazımdır və yeddi qardaş olan divlərin kiçik qardaşını öldürüb onun qanından bir fincan götürülməlidir.

Sonra isə dağın aşağısındakı böyük ağacda arılar neçə yüz illərdir ki, çoxlu bal toplayıblar. Həmin baldan da bir fincan götürüb qatmaq lazımdır div qanına . Bu dərman bütün dərdlərin dərmanıdır. Ancaq bunları elə etmək lazımdır ki, divlərin bundan xəbərləri olmasın . Yoxsa bircə göz qırpımında kimi görsələr yerlə-yeksan edərlər.

Mən bildiklərim bu qədərdir. Dərman dalınca kim gedərsə, onu qorxulu məcaralar, çətinliklər gözləyir. Həmin adamın başına nə gələcək mən onu deyə bilmərəm. Bircə onu deməliyəm ki, həmin adam çox cəsarətli, güclü olmalıdır.*

Xanın oğlanları və qızı da qarının bu sözlərini eşitdilər. Kiçik oğlan irəli geçib atasının əlindən öpdü və xahiş etdi ki, dərman dalınca getməyə atası ona izn versin. Paxıl qardaşlar Fərəməz və Təhməz bunu görən kimi tez Eloğlunun üstünə qışqırdılar ki, biz məgər ölmüşük ki, böyük qardaşlar dura-dura sən atamıza dərman gətirməyə gedəsən. Kiçiksən, keç otur kiçik yerində.

Kiçik qardaş çəkilib qəmgin – qəmgin bir tərəfdə oturdu.

Xan isə cəsarətli oğlanlarına xeyir dua verib, dərman dalınca Qəddar dağa göndərdi. Oğlanları yol boyunca Eloğlunun qarasınca danışdılar. Onlar pıçha-pıçla danışırdılar ki, nökərlər onların qeybətini eşitməsinlər. Birdən aralarında nə isə danışdılar və nökərlərə əmr etdilər ki, onlar yoldan qayıtsınlar. Nökərlər qardaşları tək buraxıb geri qayıtdılar. Böyük qardaş ortancıl qardaşa dedi:

*- Onsuz da bizim atamızın dərdi ağırdır. Belə ağır xəstəlikdən heç kim sağalmaz. Qarının isə dedikləri boş-boş şeylərdir. Mən onun dediklərinə inanmıram. Gəl biz özümüz bir az gəzək, dolanaq sonra da qayıdarıq. *

Ortancıl qardaş onun dedikləri ilə tezcə razılaşdı.

İki nankor qardaş isə atalarına dərman axtarmaq əvəzinə gedib qərib bir şəhərdə kef etməyə başladılar. İki ay keçəndən sonra geri döndülər. Qayıdanda bir dovşan tutdular, kəsib qanını bir şüşəyə doldurdular ki, güya dərman gətiriblər.

Onlar çatanda artıq ataları lap pis vəziyyətə düşmüşdü. Bir tərəfdən xəstəlik, digər tərəfdən oğlanlarından nigaran olması atanı lap əldən salmışdı.

Qardaşlar hamı ilə görüşəndən sonra özlərini vurdular yorulmuşluğa və getdilər yatmağa.

Xanın qızı isə kiçik qardaşla aparıb dərmanı qarıya verdilər. Qarı tapşırmışdı ki, dərmanı gətirəndə əvvəl mənə verin, mən özüm duasını oxuyub sonra içirdəcəyəm xəstəyə. Onlar belə də etdilər. Ancaq qarı onları çox məəttəl qoydu. Dərmanı verən kimi O, dərmanı iyləyib yerə tökdü . Eloğlu və Banu çiçəyin hirslərindən rəngləri qapqara oldu. Qarı onları sakitləşdirib başa saldı ki, bu div qanı yox, adi heyvan qanıdır. Qardaşlar nə Qəddar dağa gediblər nə divi öldürüblər, nə də onun qanını gətiriblər.

Bu xəbərdən qardaş-bacı hər ikisi bir-birlərinə baxdılar. Qarı başa düşdü ki, xanın qızı və oğlu ona inanmadılar. Ona görə də dedi:

*-Əgər siz mənə inanmırsınızsa, onda qardaşlardan soruşun ki, qanın götürdüyünüz div nə rəngdə idi? Onlar desə ki, ağ rəngdə idi deməli, onlar ora gedib çıxıblar, əgər desələr ki, bütün divlər kimi qara rəngdə idi, deməli yalan deyirlər. Bundan sonra kimsə yenidən səfərə çıxmalı , atanıza dərman tapıb gətirməlidir.*

Qardaş–bacı tez qaçıb Fərəməzi və Təhməzi yuxudan oyatdılar. Və divin rəngini soruşdular. Onlardan biri dedi ki, div balası boz rəngdəydi, o birisi isə dedi ki, qara rəngdəydi.

Banu çiçək və Eloğlu bunu eşidən kimi bir-birlərinə baxıb işin nə yerdə olduğunu başa düşdülər . Kiçik qardaş səfərə çıxmaq üçün bacısından izn istədi. Bacısı bildirdi ki, bu qorxulu səfərdir, ona görə də o qardaşını tək buraxa bilməz. Özü də onunla gedəcək. Onlar vaxtı itirmədən səfərə hazırlaşıb yola düşdülər. Böyük qardaşlarına isə bu haqda heç bir söz demədilər.

Qardaş-bacı soraqlaşa-soraqlaşa yeddi gün yeddi gecə yol getdikdən sonra gəlib çatdılar qarı deyən dənizin sahilinə. Gəmi sahiblərindən isə heç biri onlar deyən adaya getməyə razı olmadı. Ancaq sınıq-salxaq qayığı olan bir balıqçı eşidəndə ki, cavanlar atalarına dərman axtarmaq üçün tilsimli adaya gedirlər, onlara kömək etməyə razılaşdı.

Hava küləkli idi, dənizdə tufan ola bilərdi. Balıqçı buna görə əvvəlcədən onları xəbərdar etdi. Amma qorxmaz övladları heç nə maraqlandırmır, onlar yalnız atalarını xilas etmək haqda fikirləşirdilər. Buna görə də balıqçıya dedilər ki, bizi heç bir boran, tufan qorxutmur. Biz ölsək də atamıza dərman dalınca gedəcəyik. Balıqçının bu cəsarətli və atasını çox istəyən uşaqlardan çox xoşu gəldi. Və qərara gəldi ki, onları istədikləri yerə aparsın. Balıqçı nə qədər ki, gün batmayıb yola düzəldi.

Elə qayığa təzə oturmuşdular ki, Banu çiçək gördü ki, qayığın oturacaq yerinin altında bir gözəl balıq çabalayır. Sən demə balıqçı toru çəkəndə balıqlardan biri düşüb qayığa, elə oradaca da qalıb. Qayığın dibində də azca su olduğundan balıq ölməyib, sağ qalıb. Sağ qalsa da suyu az olduğundan çox çətinliklə nəfəs alırdı, az qalırdı ki, ölsün. Balıq elə gözəl idi ki, Banu çiçək ondan doyub suya ata bilmirdi. Dənizdən su götürüb onun üstünə tökürdü.

Birdən balıqçı avar çəkməkdən başını qaldırıb gördü ki, qızın əlində sehrli balıq var. Qızdan xahiş etdi ki, balığı ona versin, amma qız bildirdi ki, balıq susuz ölür, ona dəniz lazımdır. Balıqçı istədi Banu çiçəyin əlindən tutub balığı alsın, qız tez balığı öpüb dənizə atdı. Qardaşı da bacısının bu hərəkətini alqışladı.

Balıq suya düşən kimi canlandı. Və bir neçə dəfə qayığın dövrəsinə fırlanandan sonra üzüb uzaqlaşdı. Balıqçı isə onlardan küsüb yol boyu heç nə danışmadı.

Üç gün üç gecə yol getdikdən sonra gəlib Qəddar dağ olan adaya çatdılar. Amma qarının dediyi kimi adaya girmək üçün burulğandan keçmək lazım idi. Eloğlu bacısı ilə görüşüb, burulğandan necə olursa-olsun keçmək üçün özünü dənizə atdı. Dəniz elə bil bir anda təlatümləndi. Qayıq az qaldı aşsın. Cavanlardan küsmüş balıqçı qızın qorxduğunu görüb, onu sakitləşdirdi.

*-Sən sakit ol. Burada qorxulu bir şey yoxdur, əksinə sehrli ada gördü ki, sənin qardaşın necə cəsarətlə suya tullandı, o öz burulğanını yığışdırdı ki, sənin qardaşın həmin yerdən rahat keçə bilsin. Sehrli ada hər şeydən xəbərdardır. Və o sənin qardaşının xeyirxah olduğunu bilən kimi ona yardımçı olacaq. Banu çiçək bir az toxtadı və allaha dua edə-edə qardaşını gözlədi.

Eloğlu çox da yaxşı üzə bilmədiyinə görə elə burulğana düşən kimi özünü itirdi və ağzını açan kimi qarnı su ilə dolmağa başladı. Elə bu halda da atasını yadına saldı və ürəyində onunla vidalaşmağa başladı. Ürəyində atasından üzr istədi ki, ata bağışla mən sənin dərdinə dərman gətirə bilmədim. Ona görə də mən səndən qabaq öldüyümə heç də heyfsilənmirəm.

Elə bunları fikirləşə-fikirləşə gözlərini yumurdu ki, birdən haradansa Banu çiçəyin suya atdığı balığa oxşar bir böyük balıq gəlib, suyun dibinə gedən Eloğlunun altında üzə-üzə onu çıxartdı adaya. Sən demə bu balıq Banu çiçəyin suya atdığı balığın anası imiş. Oğlan gördüklərinə inana bilmirdi. Burada atasının tez-tez işlətdiyi kəlamı yadına saldı. Atası həmişə deyərdi: *-Balığı at dəryaya, balıq bilməsə də xalıq bilər.*

Amma Banu çiçəyin yaxşılıq etdiyi balıq özü yaxşılığın əvəzini çıxdı. Eloğlunu ölümdən xilas edib adaya gətirdi. Özünə gələndən sonra Eloğlu durub yola düzəldi ki, div qanı axtarıb tapsın. Qarşısında qarının dediyi Qəddar dağı gördü. Qəddar dağ çox gözəl idi. Eloğlu fikir verib gördü ki, dağın o tərəfindən divlərin çox eybəcər və qorxunc səsləri gəlir. Qorxdu, amma özünü itirmədi. Gizlin-gizlin onları pusağa başladı.

Gördü ki, altı zırpı div oturub yemək yeyirlər, yeddinci balaca ağ div isə heç nə yemir . O, sakitcə qıraqda onlara baxır. Birdən meşə tərəfdən bir div də gəldi. O divi görən kimi balaca ağ div qaçdı onun qabağına və körpə kimi süd əmməyə başladı. Eloğlu başa düşdü ki, ağ div hələ körpədir, qabağına qaçdığı isə onun anasıdır.

Eloğlu çox bikef oldu ki. Fikirləşdi ki, indi O,belə gözəl və körpə heyvanı necə öldürsün?

Bir yol axtarmağa başladı ki, bir fincan qandan ötrü onu öldürüb anasından ayırmasın.

Axır ki, xeyli fikirləşəndən sonra çıxış yolu tapdı. Otların arasından bihuşdarı çiçəklərini topladı. Onları əzib suyunu sıxdı bir qaba. Gözlədi gecə qaranlıq oldu. Divlərin anası axşamdan ocaq yandırmışdı və ocağa da bir böyük balina taxmışdı ki, oğlanları yuxudan duranda səhər yeməyi yesinlər. Hamı isə yatmışdı. Hamının yatdığına əmin olan Eloğlu gizləndiyi yerdən çıxdı və düzəltdiyi bihuşdarı suyunu sürtdü ocaqda bişən balinanın üstünə. Səhər divlər yuxudan duran kimi balinanı bir göz qırpımında yedilər. Elə yeməkləri ilə də huşlarını itirməkləri bir oldu. Bir oyaq qaldı balaca ağ div. Axı o ət yeyə bilmirdi.

Eloğlu ağ divə yaxınlaşıb olanları ona danışdı. Ağ div gördü ki, oğlanın onu öldürmək fikri yoxdur, oğlandan xoşu gəldi. Özü-öz barmağını çərtib qanını Eloğluya verdi. Eloğlu ona lazım olan qədər qan götürüb, öz köynəyi ilə divin barmağını sarıdı. Ağ div balın da yerini çox yaxşı tanıyırdı. Ona görə Eloğlu bunda da çətinlik çəkmədi. Atasının dava-dərmanını düzəldib, ağ divlə vidalaşıb ayrıldı.

Elə bu vaxt divlərin anası birinci ayıldı və Eloğlunu görən kimi bir şivən qopardı ki, gəl görəsən. Bütün divlər bir vaxtda ayılıb Eloğlunu dövrəyə aldılır. Heç bir kəlmə də soruşmadan onların adalarına gəldiyinə görə yeməyə hazırlaşdılar. Amma yedikləri böyük balinadan sonra heç birisinin iştahası olmadı ki, onu yesin. Bu vaxt balaca ağ div dedi :

*-Siz həmişə hər şey yeyirsiniz indi mən istəyirəm ki, onu da mən yeyim.*

Anası ona dedi ki, sən hələ balacasan, ancaq süd yeməlisən. Ağ div isə inadından dönmədi ki, dönmədi. Axırda naəlac qalıb, dedilər yaxşı indi ki , belədir, bizim yanımızda ye ,görək necə yeyirsən,

Ağ div razı olduğunu bildirdi və dedi ki, onda qoyun dənizin qırağında yeməyimi duzlu suya batırım yeyim ki, yeməyim dadlı olsun.

Onların hamısı gəldi dənizin qırağına. Eloğlu artıq inanmışdı ki, balaca div onu yeyəcək. Ağ div Eloğlunu suya yaxın gətirən kimi itələdi saldı dənizə.

Div qardaşlar üzə bilmirdilər deyə heç biri suya yaxın durmadı. Balaca qardaşlarına da heç bir söz demədilər. Çünki hamısı onu çox istəyirdi.

Eloğlu isə suya düşən kimi yenə də həmin balıq peyda oldu və onu qayığa çatdırdı. Qardaşı sağ-salamat qayıtdığına görə bacısı çox sevindi. Onlar vaxt itirmədən geriyə yollandılar.

İndi sizə kimdən deyək, kimdən xəbər verək böyük qardaşla ortancıl qardaşdan. Onlar bir-birlərinin arasında danışdılar ki, Eloğlu və Banu çiçək qayıtsa, onların yalanlarının üstü açılacaq və ataları onları cəzalandıracaq. Atalarına dedilər ki, sən xəstəsən biz səni aparıb bir az dənizdə gəzdirmək istəyirik. Atalarının narazı olmaqlarına baxmayaraq, zorla onu qayığa mindirib dənizin ortasına apardılar və oradaca da itələyib suya saldılar. Bundan sonra isə arxayın saraylarına qayıdıb, ağlayıb yas tutmağa başladılar. Hamıya da inandırdılar ki, ataları xəstəlikdən bezar olmuşdu özünü atdı dənizə öldürdü. Biz də onun dalınca suya atlandıq nə qədər axtardıqsa da onu tapa bilmədik.

Atalarına dərman tapdıqlarına görə sevinə-sevinə evlərinə qayıdan Eloğlu və Banu çiçək atalarının ölüm xəbərini eşitcək çox məyus oldular. Eloğlu gecikmiş dərmanı elə oradaca qaldırdı ki, yerə çırpıb sındırsın, falçı nənə onun əlini elə göydəcə saxladı və dedi:

*-Hirsli başla heç vaxt iş görmə. Səbrli ol. Səbr insana həmişə xeyir gətirər. Siz bu dərmanı çox böyük əziyyətlə tapıb gətirmisiniz. Bəlkə bu dərman kiminsə dərdinə dərman etməyə lazım olacaq.*

Qarı bunu söyləyib dərmanı Eloğlunun əlindən aldı ki, aparıb evində saxlasın. Bu vaxt haradansa iki qağayı uçub gəldi və qarr edərək qarının başının üstündə fırlanmağa başladılar. Qarı onların səsinə qulaq asan kimi Eloğlunu göndərdi dəniz sahilinə. Eloğlu əvvəlcə getmək istəmədi ki, mən atam üçün yas saxlayıram, sən də məni dəniz qırağına göndərirsən. Amma bacısının sözündən çıxa bilməyib getdi dəniz sahilinə. Bir xeyli sahildə veyil-veyil gəzəndən sonra nə görsə yaxşıdır. Atası bihuş halda üzüqoylu uzanıb qumun üstündə. Ləpələr də hərdən bir ona dəyərək, onu tərpədir. Tez atasını qucağına alaraq, gətirir evə. Hamı bu sirrə mat qalır. Qarıdan sirri açmağı soruşanda qarı cavab verir ki, qağayılar mənim başımın üstündə sizin atanız haqda danışdılar. Onlar quş dilində dedilər ki, vəfasız oğlanları xəstə atalarını atıblar dənizə, onu da Banu çiçəyin xilas etdiyi sehrli balıq xilas edib, sahilə gətirib.

Qarı xanı birtəhər özünə gətirdib, dərmanı içirdir xana. Xan o saat sağalır və Eloğlu ilə Banu çiçəyi bağrına basır. Qarı nənəyə iki özü ağırlığında qızıl verirlər. Həmin diyarda nənə olur hamıdan dövlətli nənə.

Camaat isə böyük və ortancıl oğulun işlərindən xəbərdar olan kimi onları daşa basıb şəhərdən qovurlar.

Bundan sonra xan kiçik oğlu və qızı ilə ömürlərinin axırına qədər xoşbəxt və firavan yaşayır.

Elə buradaca bizim nağılımız da başa çatır. Göydən üç alma düşür, biri nağılı eşidənin, biri nağıl deyənin, biri də almanı əkib-becərənin