Od xəzinəsi
(Nağıl)
Biri vardı, biri yoxdu, Albaniya adlı bir məmləkət var idi. Bu məmləkət dünyanın bütün yerlərindən gözəl idi. Əfsanəvi gözəlliyi olan bu diyara dünyanın hər yerindən səyyahlar gələr, buranı gəzib qayıdandan sonra «gedib cənnəti gördük» deyərdilər. Bütün dünya hökmdarları bu məmləkətin adını «cənnət məkan» qoymuşdular.
Bütün dünyanı dolaşmış səyyah və kitablar yazan Yəqubi Əbu-l-Abbas Əhməd ibn Əbu məmləkətlərdən yazdığı «Kitab əl-büldan» kitabında Albaniya məmləkətini «bu dünyanın cənnəti» adlandırmışdı.
Albaniya məmləkətinin təmiz havası, yaşıllığı, suyu adamı valeh edərdi. Qızılgül qoxusu gələn havadan adam bihuş olardı. Məmləkətin hər məhəlləsindən sərin bulaq suyu axar, həmin bulaqların suyundan içən elə bil cavanlaşardı. Burada yetişən meyvələrin dadından adam doymazdı. Saysız-hesabsız bitkiləri min dərdə dərman idi. Suyu göz yaşı qədər duru olan gölü elə səfalı idi ki, adam onun kənarında bütün dərdlərini unudar, özünü bəxtəvər sayardı. Bu göl elə böyük idi ki, hətta ona dəniz də deyərdilər. Bu dənizdə dünyanın başqa dənizlərində olmayan, biri-birindən gözəl balıqlar var idi. Dənizin adına Quz dənizi deyərdilər.
Belə gözəlliklər içərisindəki adamlar da başqa yerlərin adamlarına baxanda elə bil ayrı cür idilər. Onlar öz aralarında kobud danışmaz, bir-birlərinə can deyib, can eşidərdilər. Məmləkətlərinə gələn qonaqları gülərüzlə qarşılayar, mehribanlıqla da yola salardılar. Bu «cənnət məkanında» qalmaq istəyən qərib qonaqların üzünə qapılar həmişə açıq olardı. Hətta məmləkətin nurani hökmdarı olan Aran şah ondan torpaq istəyən qəribləri belə boş qaytarmaz, onlara yurd salmaq üçün yer ayırardı.
Məmləkətdə nurani bir qoca öz qarısı ilə yaşayırmış. Qoca ömrü boyu zəhmətlə işləmiş, bir an belə işsiz dayanmamışdı.
Günlərin bir günü qocanın başına düşür ki, həyətdə quyu qazsın və həmişə sərin quyu suyu içsin. O fikrini qarısına bildirəndə qarı ona deyir:
-Ay kişi, başına iş qəhətdir, bu yaşında sən quyu qaza bilməzsən. Sərin su istəyirsən, indi gedərəm, bulaqdan bir sərnic doldurub gətirərəm.
-Yox ay qarı, mən istəyirəm həyətdə quyu qazam və hər gün həmin quyunun suyundan içək.
Qarı nə qədər deyirsə də, qoca söz eşitməyib, başlayır bağın ortasında quyu qazmağa. Səhərdən axşama qədər qazır. Amma quyuya su gəlmir ki, gəlmir. Bir gün keçəndən sonra qoca yuxudan durub gedir quyunun başına. Görür ki, quyunun dibindən su çıxmağına çıxıb, amma bu sudan nə isə çox qəribə bir qoxu gəlir. Qoca vedrə sallayıb sudan bir az götürür. Suyun dadına baxan kimi onu öskürək tutur, az qalır boğulsun. Qocanın səsinə qarısı gəlir:
-Ay kişi, nə olub sənə, niyə boğulursan?
Qocanın öskürəyi ara verən kimi cavab verir:
-Ay arvad, mən nə günah işləmişəmsə, qazdığım quyudan su əvəzinə acı su çıxır.
O sudan bir azca ovcuna doldurub qarının burnuna tutur. Qarının burnu tünd iyidən yanan kimi olur. Qarı «Allah, sən özün bu bəladan bizi saxla» deyib, qorxudan titrəməyə başlayır. Onlar görürlər ki, qəribə su get-gedə artır, quyunu doldurur. Qoca, quyudan çıxan bu qəribə suyun artmağını istəmədiyindən, quyunu doldurmağa başlayır. Qarı da ona kömək eləyir. Onlar həyətdəki çay daşlarından quyuya doldurmağa başlayırlar. Birdən onların atdığı daşlar bir-birinə necə dəyirsə, onlardan çıxan qığılcımdan quyunun suyu od tutub yanmağa başlayır.
Qoca və qarı bu işə məətəl qalırlar. Qoca diz çöküb Allaha yalvarmağa başlayır:
-Ya rəbbim, əgər qarşında bir günah işlətmişiksə, keç bizim günahımızdan, bizim suyumuzu atəşə döndərmə !
Qarı da qocasının dediklərini təkrar eləyir. Onlar diz çöküb Allaha yalvarır, alov isə get-gedə güclənir. Nə illah eləyirlərsə də, alov sönmür ki, sönmür.
Qonşuları soruşanda bağınızdan bu nə qara tüstüdür belə çıxır, qarı cavab verir ki, özümüz birə darımış odunları yandırırıq.
Onlar başlarına gələnləri sirr kimi saxlayırlar və bu haqda heç kəsə bir söz demirlər.
Alov düz üç gün, üç gecə davam eləyəndən sonra nəhayət ki, öz-özünə sönür. Dünya görmüş qoca fikirləşir ki, onların quyusundan çıxan bu qəribə qoxulu su nə isə çox tilsimli və qorxulu bir şeyə oxşayır. Qoca fikrini qarısına da söyləyir:
-Qarı, quyumuzdan çıxan bu su adi su deyil, o tilsimli suya oxşayır. Birdən bu su məmləkətimizə ziyan gətirər. Mən hökmdarımızın yanına gedib, olanları ona danışmalıyam. Qoy o, bütün bunlardan hali olsun.
-Düz deyirsən, ay kişi. Mənim bu yanar sudan heç gözüm su içmir. Get, olanları hökmdarımıza danış.
Qoca saraya gəlir. Dalandar onu sarayın darvazası ağzında qarşılayıb, gəlişinin səbəbini soruşur:
-Qoca kişisən, bu yaşında hökmdardan istəyin nədir ki, onu narahat edirsən?
Qoca dalandara «yanar su» haqqında heç bir söz demir:
-Başına dönüm, mən hökmdarımızı görməliyəm. Ona deyiləcək vacib sözüm var.
Dalandar qocanı fikrindən döndərə bilməyəcəyini görüb, onu vəzirin yanına göndərir. Vəzir şahın yanına gələnlərin məqsədlərini öyrənər və sonra bu haqda hökmdara məlumat verərdi. Ondan sonra hökmdar vacib bildiyi adamları ya öz hüzuruna çağırardı, ya da vəzir özü onları dinləyərdi.
Vəzir çox acgöz bir adam idi. Hər şeydə öz qazancını güdər, nə qədər də çox qızıl qazansaydı, gözü doymazdı. O, qocanın dediklərinə qulaq asandan sonra soruşur:
-Sən bu sirri daha heç kəsə danışmamısan ki?
Qoca deyir:
-Xeyr, mən bunu ancaq şahımıza deməyə gəlmişəm.
-Bəs o dediyin «yanar sudan» gətirmisən ki, şahımız görsün?- deyə vəzirin gözləri hiyləgərcəsinə parıldayır.
-Gətirmişəm, əlbəttə ki, gətirmişəm,- deyə qoca qoynundan içində yanar su tökülmüş balaca bir şüşə qab çıxardır.
Vəzir həmin sudan elə oradaca azca tökdü bir qaba. Sobada yanan odunlardan bir balacasını götürüb, qoydu həmin suyun üstünə ki, görsün qocanın dedikləri düzdür, yoxsa yalandır. Bu vaxt alov qabı bürüdü. Vəzir əvvəlcə qorxdu, sonra isə onun hiyləgər və ac gözləri atəşin işığında daha da alışıb yandı. Gözlərini atəşdən ayırmadan, bu «yanar su» ilə varlanmağı gözünün qabağına gətirdi. Bir də alov sönüb qurtaranda fikirdən ayıldı:
-Mən hələ şaha yalandan heç nə deyə bilmərəm. Sənin bağına gedib, özüm öz gözlərimlə hər şeyi görməliyəm.
Vəzir, sarayda heç kəsə bir söz demədən qocanı da götürüb onun həyətinə gəldi. Özü əlinə bel alıb həyətin bir tərəfindən quyu qazmağa başladı. Gecə yarıya qədər quyu qazdı. Bir az oturdu ki, dincəlsin, gördü quyu həmin qoxulu su ilə dolmağa başlayır. Vəzir qıraqda dayanıb ona tamaşa edən qoca ilə qarıya dedi:
-Mən quyunu bir az da dərin qazım ki, ordan çoxlu sehrli su çıxsın, siz də daxmanızdakı bütün böyük qablarınızı gətirib bu su ilə doldurun. Hökmdar bu sudan çoxdandır ki, axtarır. Mən səhər ertə həmin suları daşıtdıracağam saraya.
Vəzir qoca ilə qarını aldadırdı. O istəyirdi ki, qocalar ona kömək edib qabları doldursunlar, sonra isə sirri heç kəs bilməsin deyə qocaları öldürsün. Bu bədxah fikirdən xəbəri olmayan qocalar isə vəzirin bütün dediklərini edirdilər. Beləliklə, onlar gecə yarıya qədər daxmalarında olan bütün qabları quyudan çıxan su ilə ilə doldurdular.
Qocalar yorulub haldan düşmüşdülər. Vəzir isə yorulmaq bilmir, çoxlu var-dövlət sahibi olacağını gözünün qabağına gətirərək, quyu qazırdı. Qocanın axırda vəzirə yazığı gəldi:
-Ay vəzir, yorulmusan, gəl bir az dincini al, səhər açılanda yenə də qazarsan.
-Yox, siz gedin yatın, mən bir az da qazım,- deyə vəzir qocaları yatmağa göndərdi.
Sübh tezdən hələ camaat yuxudan oyanmamış qoca qalxdı ki, gedib vəzirə baş çəksin. Həyətə çıxanda gördü ki, quyudan çıxan qoxulu su bütün həyəti ağzına alıb. Hətta axıb qonşuların da həyətlərinə dolub.
Qoca dizinə qədər qoxulu suya bata-bata quyunun yanına gəldi. Nə görsə yaxşıdır? Gördü ki, vəzir həmin suyun içərisində boğulub ölüb. Gördüyü dəhşətdən fəryad qoparan qoca, çığırıb bütün qonşuları ayağa qaldırdı. Hamı yığıldı, köməkləşib birtəhər vəzirin meyidini quyudan çıxartdılar və çox çətinliklə quyunu daşlarla doldurdular.
Vəzirin ölüm xəbəri gedib Aran şaha çatan kimi o, qocanı yanına çağırtdırdı və dedi:
-Ey qoca, səni yurdumuzun ağsaqqalı kimi tanıyırlar. Hamı sənin adını hörmətlə çəkir. Danış görüm, nə baş verib sənin bağında? Mənim vəzirim niyə sənin bağındakı quyuda boğulub? Bu əcaib su niyə məhz sənin qazdığın quyudan çıxıb? Dünyagörmüş bir adam kimi sən necə baxırsan bu işə ki, həmin su məkanımızın böyük bir məhəlləsində torpağı zəhərləyib?
Baş verənlər qocaya çox pis təsir eləmişdi. Qoca utandığından başını aşağı saldı. Düzdü, bu işlərdə onun təqsiri olmasa da, şahın dediklərində həqiqət olduğunu düşündü və xəcalət çəkə-çəkə olanları başdan ayağa şaha danışdı.
Aran şah qocaya inandı. Qoca şüşədə gətirdiyi qoxulu suyu şaha verdi. Şah və saray adamlarının hamısı suyu iylədilər. Amma heç kəs bu qoxulu sudan baş açmadı. Şahın yanında özgə diyardan gəlmiş əcnəbi bir dərviş də var idi. O da qoxulu sudan bir şey anlamadı. Rəml atıb, fal açdı və nə gördüsə, birdən əcnəbi dildə nə isə qışqırdı:
-Nöyüt!
Şah onun sözünü başa düşmədi:
-Sən bizim dildə danış, görüm, nə deyirsən?
-Bizim dildə nöyüt, sizin dildə «şeytan qanı» deməkdir. Bu qızıldan da qiymətli bir sudur. Qızıl və var-dövlət özü isə həmişə insanlara fəlakət gətirib. Şah sağ olsun, özünüzü bu fəlakətdən qoruyun!
Hamı dərvişin dediklərindən qorxdu. Şah əmr etdi ki, dərviş daha nə bilir danışsın. Dərviş şaha təzim edib dedi:
-Müdrik şah, mənim bildiklərim bu qədərdir.
Nurani qoca dilləndi:
-Şah sağ olsun, dərviş düz deyir. Bu sehrli sudur. Ona azca od vurursan, o isə odunsuz-filansız suyu quruyana qədər yanır.
Qocanın gətirdiyi suya sobadan azca od götürüb qoydular. Su od tutub yanmağa başladı.
Hamı bir səslə «Allah, sən bu şeytan qanından bizi hifz elə» deyib, dua elədilər. Elə o gündən də yanar suyun adı nöyüt qaldı.
Həmin gündən əli bel tutan hər kəs həyətində quyu qazdı ki, nöyüt çıxartsın. Min bir əziyyətlə gedib meşələrdən odun qırıb gətirmək əvəzinə elə onu yandırsınlar. O gündən də Albaniya məmləkətinin gözəlliyi yavaş-yavaş məhv olmağa başladı.
Nöyüt isə yandıqca onun tüstüsü məmləkətin havasını çirkləndirir, göyün üzündə qara buludlar əmələ gəlirdi. Hətta adamların çoxu bu nöyütü qablara doldurur, əcnəbi ölkələrə aparır, satıb varlanırdılar. Kim həyətində quyu qazırdısa, həmin adamın həyətində ağaclar quruyur, bağ-bağçasında gül-çiçəklər solur, bütün yaşıllıq məhv olurdu.
Qazılıb quyulardan çıxan nöyütü adamlar işlədir, qalanı isə axıb dənizə tökülürdü. Göz yaşı kimi tərtəmiz olan dəniz belə, bu şeytan qanından məhv olub gedirdi. Əvvəllər suyun içərisində balıqları, yosunları, gözəllikləri görünən dənizin, suyu bulanır, balıqları ölüb suyun üzərində qalırdı.
Bunlarla yanaşı, Albaniya məmləkəti və onun camaatı günü-gündən varlanır, var-dövlətləri başlarından aşırdı. Məmləkət gözəlliyini itirsə də qızıla bürünürdü. Saraylar, hətta kasıb daxmalar da nöyütlə yanan çıraqların işığından bərq vururdu.
Amma çox təəsüf ki, bu var-dövlət məmləkətə çox bəlalar gətirdi. Başqa ölkələrin hökmdarları eşitdilər ki, Albaniya məmləkətində bir qəribə su peyda olub ki, od vuranda yanır, adına da nöyüt deyirlər. Həmin nöyütü sataraq məmləkətin adamları günü-gündən varlanırlar. Hər kəsin daxmasında nöyütlə yanan çıraq var. Hər yandan paxıl, pis gözlər Albaniya məmləkətinə dikildi. Heç vaxt müharibə görməyən bu ölkəyə basqınlar olmağa başladı. Aran şaha daha ağlının qüdrəti, xeyirxahlığı kömək edə bilmirdi. Dünyanın ən böyük, qüdrətli ölkələri bu məmləkəti ələ keçirmək üçün bir-birləri arasında müharibələr edirdilər. Haqlı-haqsız bilinmir, qan su yerinə axırdı.
Nurani qoca bütün bunları görür və bunda ancaq özünü təqsirkar sayırdı. O, son dəfə peşman-peşman dəniz kənarına gəldi.
Dənizin sahili ölmüş balıqlarla dolu idi. Qoca ölü balıqların içərisindən ləpələrin təzəcə sahilə gətirdiyi, nöyütlü dəniz suyundan zəhərlənmiş, çapalayaraq can verən balığı əlinə alıb dedi:
- Bu cənnət məkanımızı solduran, onu bəlalara düçar edən mənəm. Zavallı balıq, sənin də qatilin mənəm, gəl qucaqlaşaq, bir yerdə can verək, - deyib, balığı qoynuna qoydu və özü də həmişəlik gözünü yumdu.
Aradan neçə-neçə illər keçdi. Sonralar nöyüt Albaniya məmləkətini tamam dəyişdirdi. Hətta onun adı da dəyişib oldu Azərbaycan. Azər sözü pəhləvicə oda, bayican isə xəzinəyə deyilərdi. Doğrudan da, məmləkət günü-gündən od xəzinəsinə çevrilirdi. Get-gedə hər şey dəyişdiyi kimi onların adı da dəyişirdi. Hətta Quz dənizinin də adı dəyişib oldu Xəzər.
Qoy Ulu Tanrı xəzinəsi başına bəlalar gətirən bu məmləkətin həmişə üstündə olsun, onu pislərdən, xainlərdən və acgözlərdən qorusun!