Tapdığın qisası
(Nağıl)
Biri var idi, biri yox idi, bir kənddə Muxtar adında bir molla var idi. Onun uzun illər övladı olmamış, ömrünün qürub çağında tanrı ona bir oğlan uşağı vermişdi. Uşaq gec olduğuna görə onun adını Tapdıq qoymuşdular. Onun cəmisi beş yaşında olmasına baxmayaraq, çox diribaş uşaq idi. Gücü çatan bütün işlərdə anasına kömək edirdi. Onun ən böyük işi isə evin qoyun quzusunu otarmaq idi.
Molla Muxtarın xətrini kənd camaatı çox istəyərdi. Molla qocalsa da, camaat onun hörmətini saxlayar, hər işdə onunla məsləhətləşərdilər, xeyirlərinə, şərlərinə onu çağırardılar.
Kəndin qazisi isə fırıldaqçının, kələkbazın biri olduğuna görə, camaat onu sevməz, heç onu saymazdılar. Qazi mollanın bu hörmətinə həmişə paxıllıq edər, ona ölüm-itim arzulayardı.
Bir gün qazi qonşu kənddə olan, özü kimi fırıldaqçı dostu molla Səftəri çağırıb gətirir öz kəndlərinə ki, gəl bizim kəndin mollası ol, mollamız qocanın biridir, bu gün sabahlıqdı. O da eləməyib tənbəllik, köçünü, küləfətini qonşu kənddən yığışdırıb gəlir bu kənddə yaşamağa.
Kəndin qazisi kəndin təzə mollası ilə camaatı tanış eləyir. Bir neçə ay keçir , amma heç kəs təzə mollanı tanımaq istəmir, hamı yenə də əvvəlki qaydada xeyrinə,şərinə molla Muxtarı çağırır.
Bir müddətdən sonra molla Səftər hirslənir, dərdini qaziya deyir:
-Ay qazi, sən məni yerimdən yurdumdan elədin, mən də köçdüm gəldim bura, amma bir dinar yiyəsi olmadım. Belə getsə, biz olan qalan qızıllarımızı da xərcləyib qurtaracıyıq.
-Heç tələsmə, mən o qocanı camaatın gözündən elə salım ki, onu məclislərdən camaat özü qovsun,- deyərək, qazinin hiyləgər gözləri gülür.
Ertəsi günü qazi bir lotuya tapşırır ki, gecəylə məçidin bütün odunlarını daşıyıb yığsın molla Muxtarın evinin dalına. Lotu onun dediyi kimi də edir.
Sübh tezdən məçidə namaz qılmağa gələnlər soyuqdan tir-tir əsirlər. Məçidin odunçusu and-aman edir ki, axşamdan bir tay odun doğrayıb yığıbmış məçidin həyətinə. Camaat məətəl qalır ki, görəsən kim cürət edib məçidin odunlarını oğurlaya bilər? Bu tərəfdən odunları oğurlayan lotu çıxıb deyir:
-Ay camaat, sübh tezdən molla Muxtargilin evinin yanından keçirdim, gördüm evlərinin dalı doğranmış odunla doludur, yadıma düşdü ki, gecə də ordan keçmişəm, amma bir dənə də odun görməmişəm. Bizim kənddə hər kəs odunu sübh tezdən doğrayır, amma deyəsən kəndin mollası ancaq gecələr işləyir.
Kəndlilər lotunun sözlərinə inanmadılar. Hamı durub getdi molla Muxtargilin həyətinə. Baxıb gördülər ki, lotu düz deyir, mollanın evinin dalı odunla doludur. Odunçu özü doğradığı odunları tanıdı. Molla Muxtar və onun arvadı nə qədər and-aman elədilərsə də, lotu dediyinin üstündə durdu.
Qazi də orada idi. O, camaatı öz sözləri ilə daha da qızışdırdı:
-Ay camaat, deyəsən bizim molla qocaldıqca ağıldan azalır. Necə ola bilər ki, kəndin mollası məçidə odun gətirmək əvəzinə, məçiddən odun oğurlayır? Buna bir son qoymaq lazımdır. Allahın evinə hörmətsizlik, həm də bizə-onun bəndələrinə hörmətsizlikdir.
Ayıb olsun sənə a molla Muxtar, sən kəndin mollası ola-ola belə işlər görürsənsə, bəs biz cavanlardan nə gözləyə bilərik?
Ay camaat, biz oğurluq eləyəni cəzasız buraxa bilmərik. Gəlin onu kənddən qovaq getsin. Qoy bu ona dərs olsun.
Molla Muxtar aqil adam idi. Qazi bunu deyəndə o saat başa düşdü ki, bu qurma, qazinin qurmasıdır. Amma heç nə demədi. Desəydi də, ona inanan olmayacaqdı. Buna görə də sakitcə susub durdu.
Qazinin sözünə isə heç kəs fikir vermədi, hərə bir tərəfə dağılışdı. Amma hərə özlüyündə fikirləşirdi ki, görəsən molla Muxtara nə olub?
Bununla qazi sakit olmadı. O, kənddə başı bir az boş bir qızı öyrətdi ki, gedərsən mollanın yanına dua yazdırmağa. Bir az mollagildə oturandan sonra hay-baraq qaldırarsan. Deyərsən ki, molla istədi mənim namusumu ləkələsin. Sonrası ilə işin yoxdur.
Qazi bir az şirnidən-zaddan qıza verib, onu yola saldı molla Muxtargilə.
Qız qazinin dediyi kimi də elədi. Hay-küyə qonşular yığıldı. Molla Muxtar isə bir ucdan deyirdi:
-Mənim balam, mən sənə nə dedim ki, belə hay-küy salmısan?
Qız isə mollaya məhəl qoymadan qışqırmağında davam edirdi. Səsə qazi gəldi. O, qonşuların arasında molla Muxtara dedi:
-Ayıb olsun sənə, ağsaqqal adamsan, gah məçidin odunlarını oğurlayırsan, gah cavan qıza sataşırsan.
Qız hönkür çəkib ağlayaraq, qaziyə dedi:
-Qazi ağa, başıva dönüm, qoyma, namus əldən gedir.
Qonşular hamısı bir ağızdan:
-Ayıb olsun sənə, a molla, - deyib hərəsi öz evinə getdi.
Üçüncü dəfə qazi mollaya daha böyük kələk qurdu. O, Molla Muxtarın çuxasına oxşar bir çuxa geyindi, başına onun əmmaməsinə oxşar əmmamə qoydu. Getdi gizləndi yol ayrıcında dayandı, gözlədi. Qazi bilirdi ki, «Yeddi qardaş» pirinə gedən yol buradan keçir, həmişə bu yolnan ziyarətə gedən olur.
Hava qaralmışdı. Gördü ki, qərib, qoca bir yolçu yoldan keçib ziyarətə gedir. Yolçunun yolunu kəsib, səsini molla Muxtarın səsinə oxşadaraq ondan pul ya da qızıl istəyir. Yolçudan olan qalan qızılını alandan sonra onu mökəm, ölüncə döyür.
Bu vaxt kolun dalından çıxmış dostu molla Səftər yalandan qışqırır qazinin üstünə:
-Ay molla Muxtar, öldürdün ki, yazıq qocanı, insafın olsun.
Molla Səftər qocanı aparır evinə. Bir-iki gün qocaya qulluq edir ki, ağzı söz tutub danışa bilsin.
Qoca özünə gələn kimi, götürür onu gəlir qazinin yanına. Əhvalatı olduğu kimi qaziya danışırlar.
Qazi güya heç nədən xəbəri yoxmuş kimi kimi, hadisəni eşidən kimi iki əlli başını tutur. Tez camaatı meydana toplayır və onları işdən hali edib deyir:
-Ay camaat, neçə illərdir ki, molla Muxtar camaatın ona verdiyi nəzir-niyazla ömrünü keçirib, harınlaşıb. İndi gözü ayağının altını görmür, qudurub. Ötən gün ziyarətə gedən qocanı tutub ölümcül döyüb, qol qabırğasını sındırıb, yazıq qocanın əlində nə qədər pulu varmış hamısını əlindən alıb.
Yazıq molla Muxtar beli əyilmiş qabağa yeriyib dedi:
-Ay kişi, mən sənin kimi qocaya heç əl qaldıraram? Ağlıvı başıva yığ. Allaha bax, tanrıya bax!
Qoca onun səsini eşidən kimi tanıdı və əyin başına baxan kimi qışqırdı:
-Budu, özüdür ki, var. O tərəfdən allah köməyi olmuş Səftər kişi gəlməsəydi, kafir oğlu az qala məni öldürmüşdü.
Molla Səftər yekə, eybəcər burnunu çəkə-çəkə irəli durdu:
-Mən danışmaq, sizin kəndin işinə qarışmaq istəmirdim. Amma molla Muxtarın insafsızcasına bu qocanı döyməsi məni danışmağa, olanları sizə düzgün deməyə məcbur etdi.
Mən həmin günü qocanı molla Muxtarın əlindən demək olar ki, güclə aldım. Molla yolçunu buraxmır və ona deyirdi, «Məgər kəndin mollası ölüb ki, kəndə heç bir xərac vermədən hər gün onun yolu ilə ziyarətə getsinlər?» Düzü mən heç gözləmirdim ki, molla Muxtar belə bir iş tutsun, amma sonra yadıma onun son vaxtlar elədiyi namussuzluqlar düşdü, dedim hə, bu kişi namusu, arı tamam yadından çıxardıb.
Sonrakı sözünü molla Səftər qışqırıb dedi:
-Onu daşlayıb, qocanın gününə salmaq lazımdır ki, başqalarına da dərs olsun.
Qazi əvvəlcədən hazırlaşmış, əlində, yekə bir daş tutmuşdu. O, molla Səftər danışıb qurtaran kimi, daşı birinci çırpdı molla Muxtarın başına. Kişinin başından qan açıldı. Sonrakı daşı döyülən qoca mollaya çırpdı. Ondan sonra molla Səftər yerdə daş qalmadı, vurdu günahsız molla Muxtara.
Nə isə yazıq kişini huşunu itirənə qədər daşladılar. Camaat mollanı güclə sürüyüb evinə apardı. Arvadı ərini bu halda görüb, özünü döyməyə başladı. Onun yaralarına məlhəm düzəldib qoydu. Bir neçə gün huşsuz halda yatıb qalan molla Muxtar ayılsa da, amma hələ də ayağa dura bilmədi.
Tapdıq balaca olsa da hər şeyi düzgün başa düşürdü. O bilirdi ki, atası çox yaxşı adamdır. Qazi isə çox pis adamdır. Atasının döyülməyi ona pis təsir etmişdi. O, anasına bu haqda çoxlu suallar verirdi. Anası onun suallarından lap bezmişdi. Bunu başa düşən uşaq anasına dedi:
-Ana mənim gücüm çatay, gedim qazini döyüm?
Arvad xəstə ərinə baxa-baxa lap hövsələsiz olmuşdu. O uşağın üstünə qışqırdı:
-Sən böyüyərsən, sonra gedib onu döyərsən, indi isə get heyvanları dağdan düşürt, gətir. Qazi elə heybət məxluqdur ki, onunla heç vəhşi canavar bacarmaz.
Tapdıq yenə sakit durmadı:
-Ana, qurd güclü olay, yoxsa qazi?
Hövsələdən çıxmış ana daha balaca Tapdığın sözlərinə cavab vermədi. Uşaq fikirli-fikirli evdən çıxdı. Onun balaca başında ancaq qazidən qisas almaq dərdi var idi. O, indi balaca olmağına çox heyifsilənirdi. Bu fikirlə Tapdıq qalxdı dağın başına ki, heyvanları düşürtsün.
Tapdığın bir canavar dostu var idi. Uşaq hər dəfə heyvanları otarmağa aparanda, qoyun-quzuları onun yanında qoyur, evə gəlirdi. Canavar da sürüyə bir heyvanı yaxınlaşmağa qoymurdu. Tapdıq evdən gətirdiyi yeməyi canavara yedirdirdi. İndi də dağı qalxa-qalxa balaca Tapdığın beyninə bir fikir gəldi. Təzədən dağdan endi. Girdi anbara. Anbarda qoyun dərisi var idi. onu götürdü və qabda bir az bal götürdü. Anası görməsin deyə, yavaşca anbardan çıxdı. Düz qalxdı heyvanların yanına.
Canavar onu görən kimi qaçıb yanına gəldi. Dilini çıxardıb Tapdığı yalamağa başladı. Tapdıq evdən gətirdiyi yeməyi onun qabağına qoydu. Qurd şirin-şirin yeməyi yedi. Qurd yeməyi yeyib qurtarana qədər Tapdıq balı sürtdü onun canına. Sonra isə dərini balla yapışdırdı qurdun üstünə. Qurd oldu eynən iri bir qoç. Başına da tüklər yapışdırıldığından qurdun parıldayan vəhşi gözləri görünmürdü. Tapdıq heyvanları aparıb tövləyə saldı, qoça oxşayan qurdun isə boynuna ip bağlayıb, qaziyə hədiyyə verməyə apardı.
Gəlib çatdı qazinin evinə. Qazinin arvadı bəzənmişdi, toya gedirdi. Uşaq ona dedi:
-Dədəm Molla Səftəyə nəziy edib ki, sağalsın, bu qoçu ona pay veysin. Özü də dedi ki, qoçu qazi ilə bölsün.
Arvadı çox sevindi. Qoç çox böyük idi. Uşağa dedi:
-Allah nəziri qəbul eləsin. Dədən düz eləyib, qazi evdədir, sən keç evə indi molla Səftəri də çağıraram. Tapdıq evə keçdi. «qoçu» da özü ilə qazinin yanına apardı. Arvada dediklərini qaziyə də dedi və «qoçu» oradaca qoyub evdən çıxdı. Bu vaxt molla Səftər sevincək özünü yetirdi. Qazinin arvadı da çıxıb toya getdi. Molla Səftər evə girən kimi Tapdıq arxadan qapını bağladı.
Tapdığın yanında sakitcə durmuş «qoçun» ipini qazi əlinə alıb çəkən kimi qurd vəhşiləşdi. Cumdu qazinin üstünə. İri balta kimi dişlərini onun ətli qarnına sancdı. Molla Səftər qışqırıb qaçmaq istədi. Amma qapı bağlı olduğundan bayıra çıxa bilmədi. Qurd onun səsinə qazidən yarımçıq ayrıldı. Heç qazinin yerə tökülmüş bağırsaqlarını yeyib qurtarmamış, cumdu molla Səftərin üstünə. Boğazından dişləri ilə yapışan kimi, molla səsini həmişəlik kəsdi. Tapdıq qapının dalında durmuşdu. Elə ki, qazi ilə mollanın səsi kəsildi, yola düzəlib gəldi evlərinə. Anası onu görən kimi qışqırdı:
-Səhərdən səni axtarıram, haradaydın?
Tapdıq qorxa-qorxa anasına dedi:
-Cetmişdim qazi ilə molla Səftəri öldüyüm.
Anası elə bildi Tapdıq onunla zarafat eləyir, dalına bir-iki sillə çəkdi.
Bu vaxt kəndə hay-həşir düşdü ki, qazi ilə molla Səftər ölüb. Ana bunları eşidəndən sonra, Tapdıqdan olanları öyrəndi və aparıb uşağını təndirdə gizlətdi. Tapdıq bir gün təndirdə qalandan sonra ana gördü ki, heç kəs uşaqdan şübhələnib onu axtarmır, onu təndirdən çıxartdı. Onlar ömürlərinin axırınacan xoşbəxt ömür sürdülər.
Nağılımız da qurtardı, göydən çoxlu-çoxlu ağ çiçəklər yağdı. Biz də həmin çiçək yağışında islanaraq, ürəyimizdə gözəl-gözəl arzular tutduq.