Paxıl bacının nağılı

Paxıl bacının nağılı

(Nağıl)

 Biri var idi, biri yox idi, qədim zamanlarda bir şah vardı. Şah ömrünün başa çatdığını hiss edəndə arvadını və oğlu Təmrazı yanına çağırıb onlara dedi:

-Mən ömrümü yaxşıdan, pisdən başa vurdum. İndi ölürəm və taxtı-tacımı oğlum, sənə vəsiyyət edirəm. Anandan muğayat olarsan. Rəiyyəti özündən incik salmazsan. Bircə səndən xahişim odur ki, elə qızla evlən ki, öz ata-anasının qədrini bilsin. Elə qız alsan, o sənə də, anana da həmişə hörmət edəcək. Sənin adını həmişə ucaldacaq.

Bunu deyəndən sonra şah gözlərini həmişəlik yumdu. Bir neçə müddət atasına yas saxlayan oğul, axır ki, keçib onun yerində əyləşdi. Ölkəni idarə etməyə başladı.

Günlər keçir, Təmraz şahın evlənmək vaxtı ötürdü. Bir gün o, anasının yanında bu haqda söhbət açıb, fikrini ona dedi. Ana dedi:

-Oğlum, sən çox ağıllı fikrə gəlmisən. Mən özüm bunu sənə demək istəyirdim, amma qorxurdum ki, razı olmayasan. Elə günü bu gündən başla qız seçməyə. Ürəyinə yatan olan kimi, toya başlayaq.

Oğlu dedi:

-Ana, mənim üçün bu çox çətin olacaq, gərək sən də mənə kömək edəsən.

-Əlbəttə, mənim oğlum, sənə bu işdə mütləq kömək edəcəyəm.

Bunu deyib ana öz otağına getdi. Tanıdığı bütün qızları yadına salıb, oğluna qız axtarmağa başladı. Axır qərara gəldi ki, bir ziyafət düzəltdirsin və bütün qızları ora çağırsın, bəlkə bu yolla oğluna qız tapa bildi.

Şah anası, fikirləşdiyi kimi də elədi. Səhərisi bütün tanıdığı gözəl qızlar ziyafətə gəldi. Təmraz şah bütün qızlara göz qoydu, qızlar biri-birindən gözəl olduğundan, oğlan heç birini seçə bilmədi.

Bu iş beləcə bir neçə dəfə təkrar oldu. Şah lap çaş-baş qalmışdı.

İşi belə görən vəzir deyir:

-Şah sağ olsun, iş ki, belədir, bütün gözəl, ağıllı qızları sabah yığaq meydana. Sonra da bir quş uçurdaq, quş uçub kimin başına qonsa, o da olsun şahın xanımı.

Bu fikirlə hamı razılaşır. Səhərisi günü şəhərin bütün gözəl, ağıllı qızlarını seçib yığırlar meydana. Carçı car çəkib meydana yığılmanın səbəbini camaata çatdırır. Hamının ürəyi çırpınır ki, kaş bəxt quşu onun başına qonaydı.

Vaxt çatır, şeypurlar çalınır, quş göyə uçurdulur. Hamı həyəcanla quşun kimin başına qonacağını gözləyir. Quş isə göydə bir neçə dəfə dövrə vurandan sonra, gedib qonur ağacda dayanıb, gözlərini döyə-döyə qızlara baxan kərtənkələnin üstünə. Kərtənkələ də sakitcə oturur, yerindən tərpənmir. Bunu görən şah adamları quşu tutub qəfəsə salırlar.

Səhərisi gün eyni qızları meydana yığırlar ki, quşu təzədən uçurtsunlar. Quş yenə də uçub qonur həmin kərtənkələnin üstünə.

Ertəsi günü meydanı hər tərəfdən torla bağlayırlar ki, bəxt quşu uçub meydandan aralı gedə bilməsin. Bəxt quşu doğrudan da meydandan qırağa çıxmır. Amma o, bu dəfə də meydanın içərisində qızların arasında dayanan kərtənkələni çox asanlıqla tapır və qonur onun başına. Hamı bu işə mat-məətəl qalır. Kərtənkələnin yanında çox gözəl bir qız var idi. O, işi belə görən kimi başlayır səs-küy qaldırmağa:

-Quş mənim başıma qonmaq üçün uçub gəlmişdi, amma yerdə kərtənkələni görəndə qondu onun üstünə. Yəqin ki, hörmətli şahımız seçimində yanılmaz.

Şah baxır ki, bunu deyən qız doğrudan da çox gözəldir. Ayrılıqda o qızdan, ananın da xoşu gəlir. Şah anası qızı çağırtdırıb, onun adını soruşur:

-Sən kimlərdənsən qız, adın nədir?

-Adım Yasəməndir, -deyə qız adının Pərnaz olduğunu gizlədir və dul Səlimənin qızı olduğunu deyir.

Yasəmənin bir az kobud danışığı şahın anasını bir qərara gəlməyə qoymur. Amma qalmaqal düşdüyündən şah özü də çaşıb, qalır. Beləliklə də şah, o qədər gözəllərin arasından özünə qız seçə bilmir.

Axşam fikirli-fikirli yatan şah gecə qarma-qarışıq yuxular görür. O, yuxuda görür ki, atası gözü yumulu uzanıb, amma ölməyib, kərtənkələ isə atasının üstünə behişt suyu tökür.

Təmraz şah durub yuxusunu anasına danışır. Ana-bala bilmirlər neyləsinlər. Ana deyir:

-Oğlum, gəlsənə qismətinə nə çıxıbsa onunla da evlənəsən. Əgər sənin bəxt quşun, üç dəfə bir kərtənkələnin üstünə qonursa, deməli, bu sənin qismətindir. Sən ondan üz çevirə bilməzsən. Mən belə başa düşürəm ki, bu kərtənkələdə nə isə bir sirr var. Biz onu saraya gətirməliyik.

Şah isə anasının sözünü təsdiqləyərək deyir:

-Düz deyirsən ana, mən də sən dediyini fikirləşirdim. Gəl biz elə də eləyək. Kərtənkələyə kəbin kəsdirib gizlincə sarayda saxlayaq. Meydandakı gözəl qızı da toy ilə gəlin gətirərik. Amma gəl bu sirri səninlə məndən başqa heç kəs bilməsin. Belə etsək qismətimiz bizdən küsməz.

Ana-bala belə də edirlər. Kərtənkələni saraya gətirmək üçün ana kəniz paltarı geyinir, yaşmaq vurur ki, heç kəs onu tanımasın. Sonra da yola düzəlir ki, gedib kərtənkələni tapsın. Gəlir meydanın qırağındakı yamacları axtarmağa. Görür böyük bir fındıq ağacının altında iki balaca kərtənkələ var. Bilmir ki, bunlardan hansı onun gəlinidir. Qalır fikirləşə-fikirləşə. Birdən ağlına bir şey gəlir. Bir fındıq sındırır. Fındığın içini yumbaladır, yamac aşağı, güya fındıq əlindən düşdü. Bunu görən kərtənkələlərdən biri sürünə-sürünə gedir fındığı gətirir qoyur xanımın qabağına. Ana da o saat başa düşür ki, gəlinləri bu kərtənkələdir. Götürür onu əlinə gətirir saraya.

Bir neçə müddət keçir, kərtənkələ gizlin ananın otağında saxlanılır.

Şah özünə qırx gün, qırx gecə toy eyləyib Yasəmənlə evlənir.

Gəlin biz, təzə gəlini şah sarayında qoyaq, onun gözü yaşlı anasından danışaq.

Pərnazın anası Səlimə xala çox yaxşı arvad idi. Onun iki qızı olandan sonra əri ölmüş, qızlarını tək böyütmüşdü. Böyük qız Pərnaz qara, eybəcər, pis xasiyyətli bir qız idi. Kiçik qızda isə bu xasiyyətlərin tam əksi var idi. Onun gözəlliyindən hamı danışar, işgüzarlığından deyərdilər. Onun adı isə Yasəmən idi.

Pərnaz həmişə anasını acılayar, Yasəməni gözəl, onu belə çirkin doğduğuna görə danlayardı. O, həmişə kiçik bacısının paxıllığını çəkərdi. Bir dəfə yemək yeyəndə ana peşiman oldu ki, qızı Yasəmənə dedi:

-Qızım, sən günü-gündən gözəlləşirsən, bulaq başına, ya uzaq bir yerə gedəndə ehtiyatlə ol ki, səni qaçırmasınlar.

Elə arvad bunu deməyini gördü. Pərnaz hikkəsindən qaynar yeməyi atdı düz Yasəmənin üzünə. Yasəmənin üz-gözü yandı. Düz bir aya güclə sağaldı. Yaxşı ki, üzündə yanıq yerləri qalmadı.

Ana Pərnaza bir-ikisini çırpsa da, o, bilirdi ki, bu paxıllıq qızı gec-tez məhv edəcək.

Səlimə xalagilin qonşuluğunda bir falçı nənə yaşayırdı. Çox yaxşı arvad idi. Küsənləri barışdırar, dərdi olanlar onun yanına gələr, onlara fal açar, hərəni bir cür sakitləşdirərdi. Fala da çox düzgün baxardı.

Bir yay həmin falçı qarı heyvanlarını da götürüb getmək istəyir yaylağa. Gedəndə Səlimə xalanı çağırıb ona deyir:

-Səlimə, qızım mən gedim, yaylaqda bir az havamı dəyişim, sən mənim evimnən, eşiyimdən muğayat olarsan. Evdə elə bir dəyərli bir şeyim yoxdur. Bunu sən məndən yaxşı bilirsən. Amma dədə-babadan qalma fal kitablarımız var. Sən özün də bilirsən ki, mənim pisliknən-zadnan işim yoxdur. Qorxuram onlar pis adamın əlinə keçər, götürüb kiməsə pislik eyləyərlər.

Səlimə xala qarını arxayın eləyib dedi:

-Qarı nənə, mən səni qonşu kimi yox, ana kimi çox istəyirəm. Lap yaxşı eləyirsən ki, gedirsən dincəlməyə. Özüm hər gün sənin həyət bacana baxacağam. Qoymaram bağına heyvan-zad girə, korlaya. Arxayın get, nə vaxt istəsən onda da qayıt gəl.

Arvadların danışığını o vaxt Pərnaz eşidir. Yasəməni çağırır və ona deyir:

-Qarı çıxdı getdi, gəl gedək görək o deyən kitablarda nə yazılıb?

Yasəmən bacısı ilə razılaşmır:

-Biz qarıdan icazəsiz onun kitablarına əl vura bilmərik. Bu yaxşı deyil. Özü gələr, icazə verdiyi kitabları alıb oxuyarıq. Pərnaz isə ona qulaq asmır. Gedir pəncərədən girir qarının evinə. Baxır ki, taxçada böyük bir kitab var. Bu qarının fal kitabı idi. Başlayır onu oxumağa. Oxuyur, xoşuna gəlmir. Bu kitabda kimisə-kiminləsə barışdırmaq, xəstəliyi yüngülləşdirmək, səfərə çıxanın işini avand etmək kimi dualar yazılmışdı. Pərnaz kitabı bir tərəfə atır. Sonra qız yenə evi eşir ki, daha maraqlı kitablar tapsın, qarının dediyi kimi, kiməsə pislik etmək kitabı. Bir də eşidir ki, anası onu əliyandım çağırır, tez qaçır evə. Bacısı nə qədər soruşur hardaydın, heç kimə bu haqda bir söz demir.

Gecə olur, hamı girir yerinə ki, yatsın. Pərnaz anasını, bacısını yuxuya verib, lampa götürür, gedir qarının evinə. Qaranlıqda pəncərədən keçir evə. Başlıyır evi dağıdıb kitab axtarmağa. Birdən ayağı ilişir yerdəki kilimə. Kilimi qaldırır, görür kilimin altında bir taxta var. Taxtanı qaldırır, görür bu balaca ambar kimi yerdir. Burada üç dənə böyük-böyük kitablardan başqa heç nə yoxdur. Başlayır kitabları bir-bir vərəqləməyə. Baxır ki, kitablardan ikisi ancaq yaxşılıq eləmək üçündür. Üçüncü kitabı təzəcə əlinə alır ki, göy guruldayır, ildırım çaxır, hər yer silkələnir. Əvvəlcə işgəncə verilən adamın səsinə oxşar səslər gəlir, sonra tükürpədici qışqırtı, daha sonra isə qəhqəhə səsi gəlir. Pərnaz eşitdiyi səslərdən qorxur, amma kitabı əlindən yerə qoyub çıxmaq da istəmir. Bu eybəcər səslərin içərisində də o, kitabı vərəqləməyə başlayır. Kitabı oxuduqca vahimələnir, amma yenə də oxuyur. Kitabda əsl Pərnaza lazım olan pislik duaları var idi. Cadu, tilsim, qara dua, ifritlərin məkanları haqda yazılar, onların görüşdüyü yerlər, bir çox dəhşətli yazılar yazılmışdı. Bütün bunları səhərə qədər oxuyan Pərnaz səhərin açılmağını görəndə tez gedir evə ki, anası yuxudan durmamış, evdə olsun. Tərslikdən anası yuxudan durub, qızını axtarır. Görür ki, qızı qarıgil tərəfdən gəlir, soruşur:

-Səhərin gözü açılmamış orda nə işin vardı, getmisən?

Pərnaz bir yalan tapıb deyir:

-Səhər yatmışdım, gördüm qarıgilin bağı tərəfdən dana səsi gəlir, dedim qarı yazıqdır, birdən heyvan girər, əkdiklərini korlayar.

Anası qızının xeyirxahlığına inanmasa da açıb-ağartmır. Yazıq arvad bilmir ki, həmin gecədən qızı başlayıb cadu-piti öyrənməyə.

Pərnaz axşamı yenə də səbirsizliklə gözlədi. Gecə yenə də hamını yuxuya verib, getdi qarının evinə. Yenə də həmin qorxulu səslərin içində başladı bəd dualardan oxumağa. Axır ki, istədiyini tapdı. Kiminsə gözəlliyini əlindən almaq üçün nə etmək lazımdır? Adamı hər hansı bir heyvana necə döndərmək olar? Kiminsə gözünü kor etmək, kimisə lal etmək, kimin isə ağlını əlindən almaq üçün hansı tilsimlərdən istifadə etmək lazımdır? Başladı həmin dualardan əzbərləməyə. Gördü dua çoxdu, hamısını əzbərləyə bilməyəcək, kitabı götürdü gəldi və aparıb öz tövlələrində gizlətdi.

Pərnaz əvvəlcə kitabın gücünü yoxlamaq üçün bir siçan tutdu. Sonra da kitabda yazıldığı kimi, bir əlini qoydu siçanın üstünə, bir əli ilə yanmış şamı yanı üstdə tutdu. Şam əriyib qaba tökülə-tökülə ona kərtənkələ duası oxudu. Şam əriyib tamam qurtardı və başladı bərkiməyə. Bərkiyib qurtaran kimi balaca qara siçan dönüb oldu balaca, yamyaşıl kərtənkələ. Pərnazın sevindiyindən az qaldı huşu getsin. Nəhayət ki, bu kitab ona öz çirkinliyinə görə qisas almağa kömək edəcəkdi. Axır ki, Pərnaz da gözəlləşə biləcəkdi. Amma kitabı evə aparmaqdan qorxdu ki, birdən anası görər və onun əlindən alar.

Belə bir sevinc içərisində Pərnaz kitabdakı həmin səhifələri cırdı və özü ilə götürüb gəldi evə. Bacısı Yasəmən sahədə anasına kömək eləməkdən gəlmişdi. İsti onu birtəhər eləmişdi. Su camını doldurdu ki, içsin, bir az sərinləsin.

Pərnaz gördü ki, Yasəmənin gözəl çöhrəsi günün altında yandığından bir az da gözəlləşib. Paxıllıqdan alışıb yandı, daha gözləyə bilmədi. Əlini bacısının üstünə qoyub dedi:

-Bax mən indi sənə elə bir sehr göstərəcəyəm ki, sən suyunu içə bilməyəcəksən. Bunu deyib Pərnaz əvvəlcə bir dua oxudu. Elə duanı oxuyub qurtaran kimi, Yasəmən gördü ki, bacısı Pərnaz eynən özü sifətdə oldu. Pərnazın sevindiyindən qəhqəhəsi hər yanı götürmüşdü. Amma yazıq Yasəmən özünü görmürdü ki, o özü də Pərnazın eybəcər sifətindədir. İstədi suyu ağzına yaxınlaşdırsın, bu vaxt sifətinin eybəcərliyini camdakı suya düşən əksində gördü. Cam əlindən düşüb çilik-çilik oldu. Dəhşətdən qışqırıb anasını çağırdı. Ana isə hələ də sahədə olduğundan evində baş verənlərdən xəbəri yox idi.

Pərnaz yalandan Yasəməni sakitləşdirib dedi:

-Sən bir sakit ol, indi mən hər şeyi yerinə qoyacağam, sən əvvəlkindən də gözəl olacaqsan.

Pərnaz bunu deyib əlini qoydu bacısının üstünə. O biri əli ilə də yanan şamı yanı üstə tutub, dua oxumağa başladı. Dua oxunub qurtaran kimi və şam donan kimi Yasəmən dönüb oldu balaca, yaşıl kərtənkələ. Götürüb onu saldı dərin bir qabın içərisinə ki, çıxıb qaça bilməsin. Tilsim kitabının səhifəsini isə atıb sobada yandırdı ki, anası görməsin.

Bədbəxt ana sahədən yorğun-arğın qayıtdı. Pərnazı soruşdu. O, elə bilirdi ki, onun yanındakı gözəl qızı Yasəməndir.

Pərnaz isə səsini Yasəmənin səsinə oxşadıb dedi:

-Pərnaz dedi ki, gedirəm qarı nənənin yanına. O, qayıdanda qayıdacağam.

Ana çox hirsləndi:

-Pərnaz kimdən soruşub, qarı nənənin yanına getdi? O, məgər özbaşınadır?

Ana bir xeyli deyinəndən sonra bir az sakitləşdi. Elə həmin səhərisi eşitdilər ki, şah evlənməyə qız axtarır. Pərnaz durub geyindi, bəzəndi, meydana yola düşdü. O ürəkdən bir qəh-qəhə çəkmək üçün qabdakı kərtənkələni də yerə salıb dedi:

-Sən də get bir meydana, bəlkə şah oğlunun xoşuna gəldin, səni özünə arvad seçdi.

Meydanda isə nə oldu, nə baş verdi, biz onları bilirik.

Toydan sonra gəlinin gözəlliyindən xoşlanan şah, onun şahlığa layiq olmadığını, ürəkbulandıran sözlər danışdığını, ətrafdakılarla kobud rəftarını görür, onu ürəyinə yaxınlaşdıra bilmirdi. Günü-gündən gəlin şahın gözündən düşürdü.

İndi sizə kimdən deyim, kimdən danışım, qarıdan. Yuxusunu qarışdıran qarı nənənin ürəyinə damır ki, kitablarını kim isə oğurlayıb. Bir ayı gözləməyib, yaylaqdan tez qayıdır. Evinə girən kimi görür, heç bir kitabı qoyduğu yerində deyil, hərəsi bir tərəfə atılıb. Kilimi qaldırır, düşür altdakı evə. Nə görsə yaxşıdır? Ən böyük və qorxulu tilsim kitabı yoxdur. Əl qatır özünə:

-Ey dadi bidad, mən neylədim, niyə kitabları gözümdən qoydum? İndi kiməsə pislik eləsələr, mən o biri dünyada atama nə cavab verəcəyəm?

Qonşudan ağlamaq səsi eşidən Səlimə arvad səsə gəlir. Görür qarı gözünün yaşını yağış kimi tökür. Əvvəlcə Səlimə arvad elə bilir ki, onun qızı Pərnaza nəsə olub. Tez soruşur:

-Bəs Pərnaz hanı?

Qarı bu sualdan bir az sakitləşib, gözlərini bərəldir?

-Necə yəni Pərnaz hanı? Mən nə bilim sənin qızın hanı?

Səlimə arvad biləndə ki, Pərnaz qarının yanına getməyib, qışqırtısı aləmi bürüyür. Hamı yığılır ki, bəlkə dul arvada bir köməkləri dəyə.

Başını itirmiş qarı nənə birdən elə bil ayılır:

-Vay, kül mənim qoca başıma, bir mənə deyən yoxdur ki, niyə durub fala baxmırsan ki, görəsən Pərnaz haradadır?

Bunu deyib qarı durub fal açdı. Fal göstərdi ki, Pərnaz şah arvadıdır.

Qarı nənə bunu bilən kimi düşdü Səlimə arvadın üstünə ki, bəs deyirdin, Pərnaz itib, odur eey, Pərnaz şahın xanımıdır.

Səlimə ağlaya-ağlaya dedi:

-Sən qocaldıqca, sənin baxdığın fal da qocalır. Mənim Pərnaz qızım yox, Yasəmən qızım şahın arvadıdır. Hələ ərə getməmişdən o, mənə dedi ki, Pərnaz getdi qarı ilə yaylağa.

Qarı heç vaxt səhv etmirdi. Amma Səlimə arvadın bu sözlərindən sonra yenə də fal açdı. Bu dəfə də eyni cavab oldu.

O, Səlimə arvadı ağlaya-ağlaya qoyub, özü əmin olmaq üçün ki, şahın arvadı Yasəməndir, getdi düz saraya.

Saray keşikçisi xanıma xəbər apardı ki, sənin yanına bir qoca qarı gəlib, Pərnaz o saat işin nə yerdə olduğunu bildi. Dedi, qarını yanına buraxsınlar. O, bilirdi ki, qarı onu görən kimi, biləcək iş nə yerdədir. Ona görə də qarını kor eləməyi vacib bildi. Özü isə qarı gələnə qədər, onu kor eləmək üçün tilsim oxudu və qarı içəri girən kimi tilsimli suyu onun üstünə atdı. Qarının gözləri tutuldu. Əmr etdi ki, kor qarını zindana salsınlar və bu haqda şaha heç nə deməsinlər.

Biçarə kimsəsiz qarı zindanda qalmaqda olsun, sizə kimdən deyim, kimdən xəbər verim, kərtənkələdən. Kərtənkələ hər gecə hamı yatandan sonra gizlincə bacısının otağına gedər, başını kitabların içərisinə soxaraq,oradan nə isə oxumağa çalışardı ki, bəlkə özü-özünə çarə edə bilsin. Amma nə fayda, heç bir şey edə bilmirdi. Bu gecə də, o bacısının otağına gələndə gördü ki, Pərnaz aynanın qabağında dayanıb öz-özünə nəsə danışır:

-Qoca qarıya bax, istəyir mənim sirrimi açsın, məni saraydan qovdursun. Sən bunun ifritəliyinə bir bax! İndi zindanda çürüyərsən, ağlın başına gələr.

Pərnaz bunu deyəndə elə qəh-qəhə çəkib güldü ki, kərtənkələ yerindən dik atıldı. Qorxudan otaqdan çıxıb qaçdı. Gəldi şah anasının yanına. Xanım yatmışdı. Kərtənkələ başladı arvadın üzünü yalamağa. Arvad yuxudan qorxu içərisində oyandı. Gördü üzünü yalayan kərtənkələdi, onu götürüb yanına qoydu ki, özü ilə yatırtsın. Kərtənkələni tumarlayanda gördü ki, kərtənkələ yaşdır. Durub lampanı yandırdı. Gördü kərtənkələnin gözlərindən yaş leysan kimi yağır. Bildi ki, burada nə isə bir sirr var. Kərtənkələ qapıya yaxınlaşıb dönüb xanıma baxdı. Elə bil ki, baxışları ilə xanımı hara isə çağırırdı. Şah anası durub düşdü kərtənkələnin dalına. Kərtənkələ onu düz zindana apardı. Zindanda gəldi qarının yanında dayandı. Qarı əli ilə kərtənkələni tumarlayanda hönkür-hönkür ağladı və dedi:

-Biçarə Yasəmən, mən kitablarımı gözdən qoymasaydım, heç kəs səni bu günə sala bilməzdi. Bütün günahlar məndədəir. İndi isə həmin kitablar Pərnazın əlinə düşüb, mən sənə heç bir kömək edə bilmərəm.

Bu sözləri eşidən şah anası bildi ki, burada böyük bir sirr var. Özünü qarıya tanıtdırıb, danışdı ki, necə olub kərtənkələni saraya gətiriblər. Qarı isə sehrli və tilsimli kitablarının Pərnaz kimi pis bir qızın əlinə düşdüyünü danışdı. Şah anası o saat istədi əmr etsin ki, Pərnazı tutsunlar, amma qarı onu dayandırıb dedi:

-Həmin kitab çox güclü bir kitabdır. Əvvəlcə qoy gizlincə kərtənkələ getsin, kitabın üstünə su töksün, həmin su quruyana qədər, kitab təsirsiz olacaq. Ondan sonra biz nə isə eləyə bilərik.

Kərtənkələ bunu eşidən kimi tez sürünə-sürünə getdi Pərnaz yatan otağa. Elə otağın içərisində xanım içmək üçün su qoyulmuşdu. Balaca ağzını bir neçə dəfə su ilə doldurub, gətirib tökdü tilsim kitabının üstünə. Gördü ki, kitabın üstü tamam yaş oldu, getdi qarıya xəbər verdi.

Qarı, şahın anası və kərtənkələ gəldilər Pərnazın otağına. Pərnaz yatmışdı. Elə ki, gələnləri gördü, dik qalxdı ayağa. İşin nə yerdə olduğunu başa düşdü. Qayınanasını kərtənkələyə döndərmək üçün onun əlindən tutdu ki, güya ona nə isə bir sirr açmaq istəyir. Bir əli ilə yanan şamı tutub dua oxudu. Bunu bir neçə dəfə təkrar elədisə də, bir şey alınmadı. Başa düşdü ki, burada qarının əli var. Divardan asılmış xəncəri götürürdü ki, soxsun qarının qarnına, gördü xəncər taxtadan düzəldilib ki, otağa yaraşıq versin. İç üzü açıldı.

Tilsimli kitabın üstü quruyan kimi, qarı şah anasına deyir ki, kitabın axırıncı səhifəsini oxusun və əlini çəksin qarının gözlərinə. Ana bunları edən kimi qarının gözləri açılır. Bundan sonra qarı tilsimi sındırıb, Yasəməni əvvəlki kimi gözəl eləyir. Yasəmən isə gözəlləşən kimi Pərnaz əvvəlkindən də çox pis bir sifət alır. Onu salırlar zindana ki, o heç vaxt, heç kəsə pislik edə bilməsin.

Şah isə təzədən qırx gün, qırx gecə toy eyləyib kərtənkələ cildindən çıxmış, gözəl Yasəmən ilə evlənir. Elə toy təzəcə qurtarmışdı ki, leysan bir yağış başlayır. Deyirlər toy qurtaranda yağış yağırsa, bu xoşbəxtliyə nişanədir. Hər kəs həmin yağışın altında islanarsa, o, bütün arzularına çatar. Onda nə qədər islansan da naxoşlamırsan. Mən də sənə arzulayıram ki, heç vaxt naxoşluq, azar, bezar görməyəsən, istədiyin bütün arzulara çatasan.