Nəcmiyyə və ögey ananın nağılı

Nəcmiyyə və ögey ananın nağılı

(Nağıl)

 Biri var idi, biri yox idi, bir Nəcməddin adında, fağır və yoxsul bir kişi var idi. Arvadı öləndən sonra O, on iki yaşlı, Nəcmiyyə adlı qızı ilə tək qalmışdı.

Bir müddət keçəndən sonra Nəcməddin kişi kənd camaatının təkidi ilə evlənir. O, qonşu kənddən Fəxrənsə adında «yaxşı» bir qadını evinə gətirir. «Şirin dilli, mehriban, işgüzar » arvadın heç bir ay keçmir ki, iç üzü açılır. Sən demə o, çoxdanışan, acıdil, tənbəl, ifritə bir arvad imiş.

Nəcmiyyənin anası sağ olanda həmişə ona deyərdi ki, yaxşı adamları tanrı xəlq eləyir, pis adamlar isə timsah yumurtalarından çıxırlar. Ögey ananın hər dəfə kobud, rəhmsiz hərəkətlərini və yalanlarını görəndə Nəcmiyyə fikirləşirdi ki, yəqin o da timsah yumurtasından çıxıb.

Bir dəfə analığı deyəndə ki, atamgilə gedirəm, Nəcmiyyə soruşmuşdu:

-Məgər sən timsah yumurtasından çıxmamısan?

Bunu eşidən ögey ana hikkələnmiş, qızcığazı doyunca döymüşdü. Nəcmiyyə həmin gün ilk dəfə doğma anasının yanına getmək üçün darıxmışdı.

Ögey ana bütün günü özünü xəstəliyə vurar, evin, həyət-bacanın, mal-heyvanın ən ağır işlərini qızcığaza gördürərdi.

Nəcmiyyə atasını çox istədiyindən bunların hamısına dözürdü. Fəxrənsə bütün gününü qonşularla qeybət eləməklə keçirir, axşam əri evə gələnə yaxın, uzanırdı yatağa ki, bütün günü işləmişəm, yorğunluqdan ölürəm. Avam ər də ona inanırdı.

Bir gün Nəcmiyyə mal-heyvanı tövləyə salanda analığı dedi:

-Çəpişləri hələ tövləyə salma, keçiləri əmirlər, bizə içməyə süd qalmır. Get keçiləri sağ, mən çəpişlərin yanındayam, onları özüm içəri salaram.

Həyətdə arvadın başı qonşu ilə söhbətə nə təhər qarışırsa, çəpişlər tamam yaddan çıxır, həmin qış gecəsində səhərə qədər şaxtada qalırlar həyətdə.

Səhər Nəcməddinin qışqırtısı hamını yuxudan oyadır. Üç çəpişin üçü də soyuqdan donmuşdu.

Fəxrənsə bunu görəndə ondan da betər qışqırmağa başlayır:

-Sən bizə övlad yox, başa bəla oldun. Bəs mən sənə deyəndə çəpişləri sal içəri, dedin indi salacağam, bəs niyə günahsız çəpişləri soyuqdan dondurdun? Bu qədər allahsızlıq olar? Ay səni zəlil olasan, ay səni bu çəpişlər kimi soyuqdan donasan?

Bunu eşidəndə atası günahı olmayan qızına möhkəm bir şillə ilişdirdi. Nəcmiyyənin ağzı qanla doldu. Qız nifrətlə ögey anasına baxdı. Evə qaçıb öz doğma anasının paltarlarını qucaqladı və ağlaya-ağlaya onu belə daş ürəkli adamlar arasında tək qoyub getdiyinə görə qınadı. Ağlayıb anasına yalvardı ki, ögey ana əlində qalmış qızını da öz yanına aparsın.

Fəxrənsə arvad isə, qızı günü-gündən atasının gözündən salırdı. Su küzəsini sındırır, atırdı onun üstünə, xörəyi yandırırdı, deyirdi qızın yandırıb, bir sözlə, qızı hər vəchlə atanın gözündən salmağa çalışırdı.

Aylar, günlər keçdi, ögey ananın bir qızı oldu. Gecələr xorhaxorla yatmağa adət eləmiş ögey ana, bir gecə körpəni durub beşiyinə qoymağa tənbəllik edir və onu öz yanında yatırdır. Gecə arvad necə yatırsa , ətli qolunu körpənin üzünə qoyur və körpənin nəfəsi çatmır, boğulub ölür.

Ərinin onu boşamağından qorxan arvad, uşağın boğulduğunu bilən kimi sakitcə onu gətirir qoyur yatmış Nəcmiyyənin yanına.

Səhər tezdən Nəcmiyyə görür ki, körpənin rəngi həmişəkindən qaradır, tez onu götürüb gəlir analığının yanına ki, baxsın görsün ona nə olub. Analığı gözünü açmadan deyir ki, mənnən işiniz olmasın, gecə yuxusuz qalmışam. Nəcmiyyə uşağı aparır atasının yanına. Ata görür uşaq bayaqdan ölüb. Vay-şivən qoparır. Ögey ana qaralmış körpəni elə bil birinci dəfə idi görürdü. Elə qışqırdı ki, qonşular səsinə tökülüb gəldi. Qonşuları görüb bir az da qızışdı:

-Mən bədbəxt gecə yarıdan keçmiş, gördüm mənim binəva körpəm yatmır, apardım ki, Nəcmiyyə, bala, başına dönüm, gözüm yumulur, al bir azca sən bax körpəyə, mən gedim gözümün acısını alım. Kaş əllərim quruyaydı, mən balamı öz əllərimlə ona verdiyim yerdə. O da mənim göyçək balamı gözü götürmədi deyə, boğub öldürdü.

Yalandan özünü didib-tökən Fəxrənsə fikirləşdi ki, elə məqamdı, qızdan birdəfəlik canını qurtara bilər. Üz tutdu fərsiz ərinə:

-Budu ha, sənə deyirəm. Çıxart bu qızı mənim evimdən. Bu qız çoxdan quduzlaşıb. Mən onunla bir yerdə qala bilmərəm. O bu saat bu evdən çıxıb getməsə, mən özümü öldürəcəyəm.

Nəcməddin həyasız arvadının qorxusundan danışmadı. İfritə ögey ana sakitləşmirdi. Bu dəfə o üzünü Nəcmiyyəyə tutub qışqırmağa başladı:

-Ləçərin biri ləçər, sən ancaq bizə bədbəxtlik gətirirsən, çıx bizim evimizdən, hara istəyirsən get!

Qızcığaz yazıq-yazıq atasına baxdı. Ata başını aşağı saldı. Nəcmiyyə qəfildən atasının üstünə atıldı. Onu son dəfə öpüb, evdən çıxdı. Soyuq qış qarı hər yanı dondurmuşdu. Qızın əyni nazik olduğundan, titrəyirdi. Nəcmiyyə fikirləşirdi ki, dərdini bilən olsa, yetim qızdan bir parça çörəyi heç kəs əsirgəməz. Bu fikirlə də birinci getdi qonşularındakı Fatı qarıgilə. Fatı qarı şirin dilli olsa da həddindən artıq xəsis arvad idi. Süfrəsindəki çörək qırıntılarını quş qonub yesəydi, onu tutub kəsər, ətini yeməmiş ondan əl çəkməzdi. Hansı quşu tuta bilməsəydi, yanıb tökülər, əlacsız qalıb qarğış elərdi ki, «haram xoşun olsun».

Nəcmiyyəyə qulaq asandan sonra, yalandan bir az ağlamsındı və dedi:

-Sənin dərdini başa düşürəm, ancaq mənim nəvəm qərib ölkədən məktub yazıb göndərib ki, bir-iki günə gəlirəm, hazırlıq gör. Bizdə qalsan çox darısqallıq olar. İndi özün başa düş, o da gəlib görsə mənim evimdə başqası qalır, qorxuram birdən küsər, qayıdar.

Nəcmiyyə bilirdi ki, Fatı qarının heç kimi yoxdur. Ona görə də daha heç nə deməyib, küskün-küskün üz tutdu karvansaraya. Karvansaray başçısı Nəcmiyyənin kimin qızı olduğunu yaxşı bilirdi. Bir də yaxşı bilirdi ki, qızın pulu yoxdur ki, qaldığı evin pulunu ödəsin. Sonra qız pul vermədiyinə görə onu karvansaraydan çıxartsa camaat onu qınayacaqdı ki, yetim uşağı pula görə qışın soyuğunda saldı bayıra.

Karvansarayın başçısı bütün bunları fikirləşib dedi:

-Qızım, bax bu saat mənim karvansarayımda bir nəfər də olsun qonaq yoxdur. Qış düşəndən mənim karvansarayımda haradansa bir ruh peyda olub, burada qalan qonaqlara rahatlıq vermir. Gecə yatandan sonra otaqları gəzir.

Nəcmiyyə dedi:

-Mən nə ölüdən qorxmuram, nə də ruhdan. Mənim qalmağa yerim yoxdur, soyuqdan donuram, mənə yer ver, gedim isinim.

Kişi bu yerdə qışqırdı:

-Sən hələ uşaqsan, sən bilməzsən nə qorxuludur, nə qorxulu deyil. Çıx get öz evinə. Adam öz evindən çıxıb getməz.

Nəcmiyyə gözucu açıq pəncərənin arasından içəri baxdı. İçəri qonaqlarla dolu idi. Qonaqları görəndə o boyda kişinin ruh barədə yalan danışdığını açıq-aşkar başa düşdü. Kor-peşiman geri qayıtdı.

Nəcmiyyə daha heç kəsə yalvarmaq istəmədi. Fikirləşdi ki, getsin qonşu kəndə, orada ayrı karvansara var, böyüyü də qadındır. Yəqin ona yer verər. Bu fikirlə yola düşdü qonşu kəndə. Qonşu kəndə gedən yol meşənin içərisindən keçirdi. Nəcmiyyə qaranlığa düşməsin deyə yeyin addımlarla girdi meşəyə. Gün batmışdı. Meşə alaqaranlıq görünürdü. Həm isinsin deyə, həm də qurd-quşa rast gəlməsin deyə qaçmağa başladı. Elə bir az qaçmışdı ki, ayağı ilişdi bir ipə, düşdü ayı tələsinə. Tələ dərin qazıldığından içi qaranlıq idi. Sən demə, bir div balasının da ayağı ilişib ipə, o da düşüb bu tələyə.

Qız diqqətlə baxıb div balasını görəndə, az qaldı bağrı çatlasın. Div balası da qaranlıqda yaxşı seçrilmədiyindən elə bildi ki, hansısa heyvandır, düşüb tələyə. Sevindi, çünki, yaman acmışdı. Onu bir əlli göyə qaldırıb istədi yesin, ay işığında gördü ki, bu bir qəşəng qızdır. Amma çox sakit dayanıb. Qızı yerə qoyub ondan soruşdu:

-Mənim atam da həmişə adam əti yeyir. Hər dəfə də o, adam əti yeyəndə, adamın qışqırtısı bütün mağaranı, meşəni götürür. Sən isə elə sakit dayanmısan ki, elə bil mən səni yox, başqasını yeyirəm. Bunun səbəbi nədir?

Nəcmiyyə cavab verdi:

-hər kəs üçün canı əzizdir. Amma mən indi onsuz da bu soyuq meşədə donuram. Sən məni yesən, heç olmasa sənin qarnında isinərəm.

Div əvvəlcə elə bildi ki, qız zarafat edir, ondan xoşu gəldi. Qızı götürüb var gücü ilə tulladı tələdən yuxarı və dedi:

-Mən səni yemirəm. Səndən çox xoşum gəldi. Gülməli qıza oxşayırsan. Get yaşa!

Nəcmiyyə isə getmək əvəzinə div balasını xilas etməkdən ötrü, çoxlu odun yığıb atdı tələyə. Bu odunları ayağının altına yığan div balası, nəhayət ki, tələdən çıxdı. Onlar dostlaşdılar.

Div mağaraya getməyə hazırlaşırdı ki, gördü qız oturub ağacın altında heç yerə getmir. Səbəbini soruşdu. Nəcmiyyə başına gələnləri divə danışdı. Div qıza qulaq asandan sonra, ona yazığı gəldi. Onu özü ilə götürüb mağaraya gəldi.

Mağaraya çatanda, gördü ki, böyük qardaşları onu axtarmağa gediblər. Çıxdı mağaranın qabağında bir nərə çəkdi ki, səsi bütün meşəyə yayıldı.

Nəcmiyyə qorxudan istədi yavaşca sürüşüb aradan çıxsın, amma bala div bunu görüb, onu zorla oturtdu sobanın qırağında ki, isinsin. Sobanın qırağında Nəcmiyyənin soyuqdan göm-göy olmuş arıq canı təzəcə isinirdi.

Birdən göy guruldadı, ildırım çaxdı, hər yanı tozanaq bürüdü. Altı dənə zırpı-zırpı div qardaşları nərə çəkə-çəkə mağaraya girdilər. Kiçik qardaşlarının sağ-salamat qayıdıb gəldiyini görəndə sevindilər.

Divlər özləri ilə bir maral balası da ovlayıb gətirmişdilər. Ayaqlarını isə qamış ilə bağlamışdılar ki, qaçmasın. Balaca maralın gözlərindən yaş axırdı. Yəqin ki, hələ süd əmən bu bala anası üçün ağlayırmış. Qorxa-qorxa bütün bunlara göz qoyan Nəcmiyyə ürəyində maral balası ilə danışır, ona «yazıq bala, sən də mənim kimi yetimsən», deyirdi.

Div qardaşlarının başları kiçik qardaşlarını sorğu-suala tutmağa qarışmışdı, bu vaxt Nəcmiyyə balaca maralı açıb buraxdı. Divlərdən biri bunu gördü və qaçdı ki, onu tutsun, maral balası qıvraq olduğundan, meşədə gözdən itdi.

Bu anda Nəcmiyyə gördü ki, bütün divlər iştahla ona baxırlar. Bala div özünü qabağa verib dedi:

-Məni tələdən baxın, bu balaca qız çıxardıb. Heç kəsin onunla işi olmasın!

Bunu deyib bala div qızın başına gələnləri də qardaşlarına danışdı.

Böyük div qıza yaxınlaşıb dedi:

-Sən bizim ən balaca qardaşımızı tələdən, adamların əlindən qurtarmısan. Nə istəyirsən de, biz sənin üçün hər şey eləməyə hazırıq.

Qız ağlaya-ağlaya dedi:

-Mənim bu etibarsız dünyadan istədiyim anam və atam idi. Anam haqq dünyasındadır. Atam isə əzazil bir arvadı evimizə gətirib. Mən onların hər ikisini itirmişəm. Mənə indi həyatda heç bir şey lazım deyil.

Divlər Nəcmiyyəni iki gün yanlarında saxladıqdan sonra böyük div dedi:

İndi get, gəldiyin karvansarayın yanına. Görəcəksən orada bu iki gündə iki hündür imarət tikilib. Biri ağ rəngdə, biri qırmızı. Qırmızı imarəti karvansaray edərsən. Ağ imarətdə özün yaşayarsan.

Nəcmiyyənin sevincindən gözləri yaşla doldu. Anası öləndən sonra o hələ heç kəsdən belə mehribanlıq görməmişdi. Qız divlərlə halallaşıb, yola düzəldi. Meşə ilə qayıdanda, gördü ki, divlərdən xilas etdiyi balaca maral anası ilə dayanıb yol qırağında.

Maral insan kimi dil açıb danışdı:

-Mənim balaca maralımı sən divlərin əlindən xilas etmisən. O, həmişə səninlə olmaq istəyir.

Qız balaca maralı öpüb, onu özü ilə götürdü. Anasına isə söz verdi ki, balasını həmişə gətirəcək meşəyə və onları tez-tez görüşdürəcək.

Onlar yola düzəlib, gəlib karvansaraya çatdılar. Nəcmiyyə gözlərinə inanmadı. Yan-yana iki gözəl imarət tikilmişdi. Onların biri ağ, biri isə qırmızı rəngdə idi. Hər bir imarətin sütunu yerinə Nəcmiyyənin heykəli qoyulmuşdu. Qız sevincək ağ imarətə girdi. İçəri qızılı rəngdən bərq vururdu. İmarətin içərisində isə qızıl və gümüş işləmələrlə işlənmiş bəzəkli ğir sandıq var idi. Nəcmiyyə sandığı açanda gözləri qamaşdı. Sandığın içərisindəki ləl-cavahirat elə bil alışıb yanırdı.

Qırmızı imarətin üstünə dəvə karvanı əks olunduğundan, onun karvansaray olduğu bilinirdi. Köhnə karvansarayda qalanların hamısı, təzə imarəti görüb, ora gəldilər.

Karvansarayın böyüyü işi belə görüb, hikkəsindən öz karvansarayını bağlayıb, çıxdı getdi odunçuluqla məşğul olmağa.

Həmin günü Nəcmiyyə, maral balası ilə öz imarətində gecələdi. Səhərisi günü aləmə yayıldı ki, Nəcmiyyə haradansa xəzinə tapıb, özünə iki gündə iki imarət tikdirib.

Analığı tənbəllik eləməyib, durdu əri ilə birgə gəldi, güya Nəcmiyyəyə gözaydınlığı verməyə. Gələn kimi də düşdü qızın ayağına ki, sən gedəndən gözümə yuxu getmir. Keç mənim günahımdan, yoxsa bağrım çatlayar.

Nəcmiyyə onu ayağa qaldırdı.

-Onlar hamısı keçmişdə qalıb, -dedi.

Bunu eşidən analığı, qızın ona qarşı heç bir kini olmadığını görüb onu dilə tutdu:

-Bala, özün bilirsən ki, atanla mən çox pis dolanırıq. Sənə qızılları kim verib, onun mənə yerini göstər, biz də bir ağ günə çıxaq.

Nəcmiyyə sandığı göstərib dedi:

-Mənim bu qədər qızıl nəyimə gərəkdir? Burada o qədər qızıl var ki, hamımıza bəs edər.

Acgöz arvad Nəcmiyyəni eşitmək istəmir, qızılları ona verənin yerini öyrənmək istəyirdi.

Axır ki, o, öz istədiyinə nail oldu. Divlərin yerini öyrəndi. Dayanmadan onların mağarasına getdi. Nəcmiyyənin ögey anası olduğunu və çox pis dolandıqlarını onlara danışaraq, onlardan çoxlu qızıl istədi. Böyük div onu yola salıb dedi:

-Get, evinizə çatan kimi görəcəksən ki, evinizin yerində göy rəngli imarət var. Həmin imarət də, içərisindəki sandıq da sənindir.

Ögey ana bir kəlmə dinmədən yoluna düzəldi. Arxadan div onu səslədi:

-Ay arvad, yadından çıxdı, «sağ ol», demədin.

Arvad dönüb divə tərs-tərs baxdı. Amma yenə heç nə demədi. «Uşağa da bir sandıq qızıl verir, mənə də, sonra istəyir, hələ ona bir sağ ol, da deyim?» – deyə arvad donquldana-doquldana getdi.

Evlərinə çatanda gördü ki, sökülüb, dağılmış evlərinin yerində göy rəngli, böyük bir imarət var. Girdi evə. Gözünə dəyən birinci sandıq oldu. İstədi sandığı açsın, əri gəldi. Arvad haray-həşir salıb, onu bayıra çıxartdı və dedi:

-Div mənə dedi ki, imarət, içərisindəki sandıqla yalnız sənindir.

Kişi nə qədər yalvardısa, bu soyuqda onu bayıra çıxartmasın, xeyri olmadı. O, kor-peşiman balasının yanına getdi.

Nəcmiyyə atasını görəndə çox sevindi. Atası soyuqla, qarla gəlmişdi deyə, buzlamışdı. Onun üstünə isti şal salıb, sobanın yanına apardı. Ona süfrə açdı. Cürbəcür dadlı yeməklər gətirdi.

Onlar ata-bala yeyib-içməkdə olsun, görək ögey ana necə oldu?

Acgöz ögey ana, ərini qovan kimi, sandığı açdı. Sandıq ağzına kimi qızılla dolu idi. İstədi qızıllardan birini əlinə götürüb, baxsın. Əli yandı. Balağını əlinə sarıyıb, elə bir-iki qızıl götürmüşdü ki, qızılların altından böyük bir alov püskürdü. Acgöz arvad sandığı qucaqladı ki, qızıllara heç nə olmasın. Alov bütün imarəti ağzına aldı. Bir an içərisində möhtəşəm imarətdən əsər-əlamət belə qalmadı.

Bir də alov sönəndən sonra gördülər ki, acgöz arvad qollarını geniş açıb, sandığı qucaqlayıb. Amma o elə yanmışdı ki, qapqara kömür idi. Hamı Fəxrənsənin pisliyinə, acgözlüyünə nifrət elədi. Ona, haqq dünyada gözün doysun və günahların bağışlansın, - dedilər.

Camaat köməkləşdi ki, arvadı sandıqdan ayırıb basdırsınlar, nə elədilərsə də, onu sandıqdan heç cürə ayıra bilmədilər. Nurani, ağsaqqal bir qoca irəli çıxıb dedi:

-Dəyməyin ona, onu elə belə basdırmaq lazımdır, bəlkə gözü doya. Ona baxan görsün ki, doğrudan da dünya malı dünyada qalmalıdır. İndiyə qədər hələ heç bir kəs, özü ilə haqq dünyasına heç bir şey apara bilməyib.

Nəcmiyyə də nurani qocanın bu qiymətli sözlərindən sonra sandığındakı bütün qızılları payladı. O, ömrünün axırına qədər dərd-sər bilmədən yaşadı. Elə istəyirdim ki, «nağılımız sona çatdı» deyəm, bir də gördüm ki, maral balası gəlib sürtünür ayağıma. Başa düşdüm ki, anasını istəyir. Başladım nağılın ardını danışmağa.

Nəcmiyyə atasını şala bürüyüb, sobanın yanına aparanda, maral balası buna fikir vermiş, birdən anası yadına düşmüş və darıxmışdı. Nəcmiyyə bir-iki gün baxıb gördü ki, o, atasını qucaqlayıb öpəndən sonra maral bikef olur. O saat başa düşdü ki, bala maral anası üçün darıxıb.

Nəcmiyyə maralı da götürüb, getdi meşəyə. Onu anasına çatdırdı. Ana-bala bir-birlərini duz kimi yaladılar. Qızın ürəyi sakit oldu. Oradan da getdi div dostları ilə görüşüb, sonra arxayınlıqla gəldi imarətinə.

Bax bu yerdə nağılımız doğrudan da qurtarır, göydən nədənsə tək bircə alma düşür. Mən də bilmirəm bu almanı necə bölüşdürüm, ona görə də bir dişləm götürüb verirəm sənə. Sən də bir dişləm alandan sonra, kimi çox istəyirsən verərsən ona. Belə-belə bu alma nəsillərdən nəsillərə keçər.