Professor Qara Namazov


 Professor Qara Namazov 2009-cu ildən Gülzar İbrahimova

yaradıcılığını Bakı Dövlət Uneiversitetiinin tələbələri üçün

aşağıdakı şəkildə dərsliyə salıb.

 

  Gülzar İbrahimova uşaq psixologiyasını dərindən bilən bir yazıçıdır. Bəlkə də çox uzun bir müddət keçmişdir ki, Azərbaycanın nağıllar tarixində belə maraqlı, uşağı dərindən düşündürən yeni nağıllar yazılmamışdır.      

 Bu nağıllar uşaqları vətənpərvərliyə, sədaqətli olmağa, mehribançılığa, qəlbən təmizliyə çağırır. Vətən sevgisi, ata-anaya hörmət, sevgiyə sədaqət, bütün bunlar hamısı nağıllarda qabarıq şəkildə verilmişdir.  Demək olar ki, hər bir nağılda xeyirxah adamla şər adam müqayisə edilmiş, pisə qarşı nifrət hissi oyadılmışdır. Yazıçı eyni zamanda pisə qarşı mübarizliyə və barışmaz olmağa da nağıllarda üstünlük verir.

 Ən başlıcası onu qeyd etmək lazımdır ki, yazıçı xanım, bizim əvvəlki xalq nağıllarımızda və başqa yazıçıların nağıllarında rast gəlmədiyimiz bir mövzuya toxunmuşdur. O,  nağıllarda keçmiş tariximizdən nümunələr gətirməklə, tarix boyu azərbaycan xalqının düşməni olan erməni millətçilərinin də pisliklərini, xainliklərini, uşaqlara həqiqəti gizlətmədən, ustalıqla  çatdırmışdır. Belə  mövzulara toxunduğuna görə onun nağılları daha da maraqlı alınmışdır. Buna misal olaraq kitabdakı «Pis qonşu» nağılını göstərmək olar.  

Gülzar xanım nağıllarda təbiət gözəllikliklərini ustalıqla təsvir etmiş, uşaqları yaşıllığı, heyvanları sevməyə, onları qorumağa  çağırmışdır. Bu mövzuya isə «Su pərisi» nağılında daha çox  toxunulmuşdur. 

 Kitabın sonunda iki şer-nağıl verilmişdir ki, bunlar da xeyirin şərə qalib gəlməyindəndir. Hər iki şer-nağıl çox maraqlıdır.

 «Təmraz və Gün» nağılında Qobustanın tarixi keçmişi nağıllaşdırılmışdır. Keçmişdə yadellilərin Qobustana hücumu, onların qənimət əldə etməkdən ötrü işğalı, həmin dövrdə camaatın səcdə etdiyi müqəddəs Günəş, o dövrdə yaşamış tayfalar həqda nağılda geniş yazılaraq tarixi faktlar nağıllaşdırılmışdır.

 «Od xəzinəsi» nağılında neftin yaranma fərziyyəsi yenə də tarixi faktlarla nağıllaşdırılmışdır. Neft ələ keçirməkdən ötrü başqa ölkələrdən olan işğalçıların məmləktimizin başına müsibətlər gətirməsi göstərilmişdir.

«İlham və Fərizə» nağılı «20 Yanvar» faciəsində şəhid olmuş bir-birlərini hədsiz dərəcədə sevmiş cavan ər-arvada həsr olunub. Müəllif onların başlarına gələn faciəni nağıllaşdırılmış şəkildə uşaqlara çatdırmağa çalışır.

«Tülkü balası nağılında» müəllif paxıl və ifritə ögey ananın körpə uşağın başına gətirdiyi müsibəti göstərir və sonda onun öz fitnəsinin qurbanı olduğunu açıqlayır.

«Sehrli təbib» nağılında bizim çoxdan adını əzbər bildiyimiz Hippokratın kim olduğunu və ona təbibliyi kim öyrətdiyini, nəyə görə həkimərin onun adına olan and içdiklərini mahirliklə oxucuya çatdırmışdır.

«Dünyanın ən güclü canlısı» nağılında müəllif uşaqlara başa salmağa çalışır ki, dünyada ən güclü varlıq insandır. Buna görə o, sehrin gücündən istifadə edərək, balaca oğlanı bütün heyvanlara döndərir. Başına çox məcəralar gəlmiş oğlan sonda başa düşür ki, həqiqətən də ən güclü insandır. Bu yazısında nağılçı xanım tanınmış söz ustası Baba Pünhanın da adını əbədiləşdirməyə çalışdırmışdır. Uşaqların dilində şirnləşdirmişdir. 

 Bir çox nağıllarda ermənilərin pis simasını açıb oxucularına göstərməyə çalışmışdır. Buna misal olaraq «Pis qonşu», «Günahsız qarı» nağıllarını göstərmək olar.

 Həmçinin «Gülzar nənənin nağılları» mavhir müğənni Qədir Rüstəmovun Xocalı hadisəsi zamanı başına gəldiyi bir maraqlı əhvalat nağıllaşdırılmışdır.

 Təzə çapdan çıxmış «Yeddi rəngli göy qurşağı qardaşlarıqnın nağılları»nda» qələmə alınmış yeddi nağılın yeddisi də dünya tarixində olmuş hadisələrdir. Bu nağılda müəllif eyni əsrdə baş vermiş ən böyük faciəvi tarixi hadisələri uşaqlara nağıl şəklində çatdırmağa çalışmışdır.

  Daha sonra Gülzar xanımın Sehrli nağıllar və sonra isə Nağıllar kitabı çapdan çıxmışdır ki, bu yeni kitablarda da müəllif daha yeni mövzulara toxunmuş, Məhəmməd Peyğəmbər haqqında nağıl yazmış, onun haqqında az məlumatı olan balacalara, eyni zamanda böyüklərə uşaq dili ilə sadə formada Peyğəmbərimizin həyatını öyrətməyə çalışmışdır. Yenə də faktlara əsaslanıb tarixi mövzulara toxunmuş keçmişimizi uşaqlara öyrətməyə çalışmışdır. Naxçıvanın Əlincə qalasından, Təhmasib şah dövründəki hadisələrdən, Azərbaycanın gözəl güşələrindən olan Qəbələnin təbiət gözəlliyini təsvir edən nağıl və digər maraqlı nağıllar çap edilib.

 Gülzar xanım keçmişimizi oxucularına öyrətməyə və keçmişimizə hörmətlə yanaşmağa çağırır. Bu baxımdan Zərdüşt haqqında nağılı misal göstərmək olar. Qisas nağılında nağıl əfsanəvi qəhrəman xanım hökmdar Tomiris haqqındadır. Oğlunun qisasını Kir hökmdardan alan Tomiris xanım oxucu gözündə yüksəklərə qaldırılır və həmişəlik uşaq və yeniyetmə yaddaşına yazılır.              

  «Dəniz balası» nağılında müəllif heç kəsin toxunmadığı bir mövzuda nağıl uydurmuş və xəyanət nəticəsində dənizə atılmış körpə şahzadəni Su aslanının balalarına qoşaraq su səltənəntində onu böyütmüşdür. Səhrada və dənizdə baş verən maraqlı və qorxulu hadisələr nağılı daha da şirnləşdirir.

  Müəllifin dediyinə görə onun 100-dən çox nağılı artıq çap edilib oxucularını tapıb. Amma yazılmış və hələ çap edilməmiş nağılları da ondan iki dəfə çoxdur. Və o öz oxucularını sevindirir ki, həmin nağılların sayı günü-gündən çoxalmaqdadır. İmkan olduqca onları çap etdirməyə söz verir. 

 

Gülzar İbrahimova (1958)

 Zəngəzur mahalının Mehri rayonunun Aldərə kəndində doğulmuşdur. 1959-cu ildə ailəsi Bakıya köçmüşdür. 1970-1976-cı illərdə AXTİ-nun (İndiki İqtisadiyyat universiteti) axşam şöbəsində oxumaqla 1 saylı Bakı Tikiş fabrikində sıravi fəhləlikdən mühəndislik və sonralar icra aparatında bir-birindən fərqli müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. Gənc mütəxxəssis qısa zamanda zəngin təcrübə qazanmış,  gördüyü,  müşahidə etdiyi hadisələr haqqında mətbuatda informativ yazılarda çıxış etmiş və bundan sonra bütün fəaliyyətini uşaqlar üçün nağıllar və hekayələr yazmağa yönəltmişdir.

 Gülzar xanım qısa müddətdə 25-ə qədər kitab çap etdirmişdir; «Dünyanın ən güclüsü», «Tənbəlin nağılı», «Tülkü balası», «Su pərisi», «Od xəzinəsi», «Göy qurşağı qardaşlarının yeddi nağılı», «Sehirli nağıllar», «Dəniz balası», «Dəşhətli nağıl», «Göydə neçə ulduz var» və b. kitablarında müxtəlif mövzulu nağıllar və şerlər toplanmışdır.

 Nağılların məziyyəti ondadır ki, müəllif nağıl vasitəsilə yurdumuzun ən qədim dövrlərində baş verən tarixi hadisələr, eləcə də, sərkərdələrin qəhrəmanlığı haqqında uşaqlara maraqlı bilgilər verir. Uşaqlar ulu keçmişini ilkin olaraq nağıllar vasitəsilə öyrənirlər.

Torpağımızda neftin kəşfi («Od xəzinəsi»), Roma qoşunlarının Qobustana yürüşü («Təmraz və gün»), Gəncə zəlzələsi haqqında («Göyoğlanın hekayəsi»), Karfagenlərlə romalıların döyüşü («Ağaoğlanın hekayəsi»), Atəşpərəstlik haqqında («Qaraoğlanın hekayəsi»), Süleyman şahla bağlı hekayət («Qırmızın hekayəsi»), Hindistan məmləkətində cüzam xəstəliyi haqqında («Yaşılbaşın hekayəsi») və b. bu tipli nağıllar zəngin məzmun və mündərəcəyə malikdir. Bu nağıllarda Gülzar xanım çox maraqlı rənglər və bədii formalar seçərək tarix və yarımtarixi rəvayətləri uşaqların yaş səviyyəsinə uyğun təsvir edir. Uşaq həm öz yurdunda, həm də dünyada baş verən hadisələr haqqında ilkin təsəvvür  əldə edə bilir;

Zərdüşt və onun «Avesta» abidəsi, Tomrisin Kirdən intiqam alması, Qədim yunan təbibi Hippokratın şəxsiyyəti («Sehrli təbib») və onun məşhur Hippokrat andı, Məhəmmməd Peyğəmbərin müqəddəsliyi və quranın yaranma tarixi, Babək və onun qəhrəmanlığı. Naxçıvanın Əlincə qalası, Təhmasib və şah dövrünün hadisələri və. s bəhs nağıllar bu qəbildəndir. Bu tarixi hadisə və şəxsiyyətlər haqqında bilgilər yeniyetmələrdə aydın təsəvvür yaradır.

 Müəllifin çox maraqla oxunan əsərlərindən biri «Dəhşətli nağıl» adlanır. Nağılda kainatın yaranması, təbiətdə və insanların həyatında baş verən hadisələr, zəlzələlər, daşqınlar, insanlığın yolundan azması nəticəsində quşların qırılması olayları insan qəlbinin daşlaşması nəticəsində baş verdiyini inandırıcı təsvir edir.

 Xalq yaradıcılığında və klassik ədəbiyyatda olduğu kimi müasir ədəbiyyatda da Xeyir və Şər konflikti davam edir. Bu bəşəri və həlli müşkül olan bir problemdir. Zərdüşt etiqadının mayası olan Xeyir və Şər min illər boyu insanlığın mübarizə predmetinə çevrişlmişdir. Zərdüşt nağılında bu mövzudan bəhs olunur. Nağılda Zərdüştün doğulması, xüsusi tərbiyə alması, müqəddəsliyi, yaratdığı «Avesta» dinində Xeyir və Şər təlimi, xeyirxahlığın insanlara gətirdiyi xoşbəxtlik təlimini misallarla təsbit edir.

Zərdüş deyir: Üstündə gəzdiyiniz torpaq, isindiyiniz od, müqəddəsdir. İnsanlar torpağın, suyun, odun müqəddəsliyini qorumalıdırlar. Bütün insanlar bir-birlərinin qayğısına qalmalı, dost olmalıdırlar. Bir-birlərini incitməməli, heç kəs torpaq üstündə, mal üstündə bir-birilə savaşmamalıdırlar. İnsan insanın qədrini bilməlidir. Tanrının yaratdığı bütün canlılar yalnız və yalnız onun əmrilə dünyalarını dəyişə bilərlər.

 Zərdüşt təlimi min illər boyu şifahi və yazılı ədəbiyyatın ideya mənbəyi olmuşdur. Gülzar xanım da nağıllarının bir çoxunu bu mövzuya həsr etmişdir; «Dəniz balası», «Qarışqa qardaşlar», «Nəcmiyyə və ögey ananın nağılı», «Qəddar ovçu haqqında nağıl», «Paxıl bacının nağılı», «Günahsız qarı», «Tapdığın qisası» və başqa nağıllarında birinin insanlığı, yaxşılığı, xeyirxahlığı, nəcibliyi, insanlığa məxsusən ali məziyyətləri təqdir edildiyi  halda, o birisinin ən alçaq sifətləri – hiyləgərliyi, xəbisliyi, paxıllığı, qonşunun yaxşı işlərini gözü götürməməsi, yaxşılığa qarşı tor qurması, insanlığa xas olmayan cəhətləri ifşa olunur.

Bu nağılların məziyyəti bir də ondadır ki, müəllif yaxşının yaxşı cəhətlərini, pisin pisliyini birbaşa yox,  çox mürəkkəb yollardan, çətin imtahandan keçirə–keçirə hər birininin fərdi cizgilərini zəngin boyalarla təqdim edir. Gülzar xanımın fantaziya dünyası hüdudsuz olduğundan qəhrəmanlarını çətin sınaqlarından keçirə bilir. Yeri gələndə sehirli qüvvələrdən və vasitələrdən də istifadə edir. Bu nağılda realist hadisələrdə sehirli qüvvələr bir-birini əvəz edir. Yuxarıda xatırladığımız nağıllarda bu motivlərin hər ikisindən məharətlə istifadə olunmuşdur.

«Dəniz balası» nağılında dənizə yaxın səhrada zəngin dövləti olan gənc padşah evlənmək üçün İran, Ərəbistan və Hindistanın Şahzadə qızlarını qonaq dəvət edib, onların ağıl və bacarığını yoxlayıb özünə qız seçmək istəyir. Şahın verdiyi suallara qızlar cavab tapa bilmirlər. Ancaq hind şahzadəsi Sindinin xidmətçisi Ağça sualların cavabını ona öyrədir. Şahın verdiyi suallar və Sindinin cavabları maraqlıdır:

1-ci sual- Ovçunun atdığı ox ceyranın sağ ayağından dəyib sol qulağından çıxmışdır.     Cavab – Ovçu oxu atan zaman ceyran sağ ayağı ilə qulağını qaşıyırmış. Odur ki, ceyranın ayağına dəyəndən sonra sağ qulağına girmiş sol qulağından çıxmışdır.

2-ci sual- Tanrının yaratdığı nemətlərdən od, su, dəmir həmişə bir-birlərinə düşmən sayılıblar. Bunun səbəbi nədir?        Cavab- Od sudan qorxur, çünki yalnız su ona qalib gəlir söndürə bilir. Dəmir isə oddan qorxur. Çünki, oddan başqa heç bir şey dəmiri əridə bilmir. Dəmir də suyu sevmir, su dəmiri paslandırıb çürüdür. Ona görə də od-su dəmir bir-birinə düşmən sayılır.

3-cü sual- Bir gün ərzinədə bütün dünyanı gəzməyin ən asan yolunu kim mənə deyər?

 cavab- Günəşin izi ilə getməklə bir günə bütün dünyanı gəzmək olar.

4-cü sual- O nədir ki qızıldan çox qiyməti var, nə dadı var, nə rəngi, nə qoxusu, insana çox gərəyi var, nə satılar, nə alınar.

 cavab- Bu sudur. Tanrının insanlara hədiyyəsi müqəddəs olan su. Susuz həyat mövcud ola bilməz.

 Göründüyü kimi şahın sualları düşündürücü və müdrük sualdır. Şah özü də ağıllı hökmdardır, istəyir xanımı ağıllı olsun. Dar gündə şaha kömək etsin, ağıllı məsləhətlər versin.

 Sualların cavabları da mənalı, inandırıcı və məntiqli cavablardır.

 Müəllif «Qisas» nağılında Tomrisin Kirlə apardığı savaşda Kiri öldürüb başını qan çəlləyinə salması motivini əsas götürmüş, hadisəni nağıl yolu ilə təsvir etmişdir. Tarixi hadisələrin nağıl vasitəsilə oxucuya çatdırılması ulu tarix haqqında gənclikdə həm aydın təsəvvür yaradır, həm də onlarda vətəndaşlıq duyğularını qüvvətləndirir.

 Həmin silsilədən olan «Çirkin qul» nağılında isə Şəmsəddin Eldəgəzin qul olarkən dönə-dönə satılması, nəhayət qeyri-adi bacarığı ilə sarayda hörmət və nüfüz qazanması, beləliklə də özü hakim fövqünə qalxması təsvir olunur. Bu da xalqımızın məşəqqətlərlə dolu tarixinin bir səhifəsidir.

 Eldəgəzin oğlu Cahan şahla bağlı «Ən varlı məmləkət» nağılında monqolların Naxçıvana hücumu, Əlincə də xəzinə axtarmaları, lakin əliboş geri dönmələri maraqlı yadda qalan nağıllardır.

 Nağılların məzmunundan aydın olur ki, Gülzar xanım tarixi hadisələri yaxşı bilir, həm də həmin hadisələri  nağıl şəklinə salmağı bacarır. Yeniyetmələrə ulu keçmişimizi ilkin olaraq nağıl yolu ilə öyrətmək yazıçının əsas qayəsidir. Bakıda Xəzər sahilində neftin üzə çıxması havanın zəhərlənməsi, Xəzərdə balıqların qırılması, beləcə bir tərəfdən ölkəyə fəlakət gətirməsi, o biri tərəfdən acgöz insanların neft alveri ilə günü-gündən varlanması təzad yaradır.

 XII yüzildə Gəncədə baş verən dəhşətli zəlzələ, zəlzələdən sonra gürcülərin insanları qarət etmələri də Gülzar nənənin önə çəkdiyi mövzulardandır. «Göy qurşağı qardaşlarının yeddi» silsiləsindən «Göyoğlanın hekayəti»ndə  qoca Gəncə faciəsini ağlaya-ağlaya Göyoğlana danışır, hələ bu azmış, kimi Gürcülərin Gəncə qapısının bir tayını aparmalarını, onların vəhşi talançılığını da söyləyir.

 Gülzar nənə mümkün  olmayan hər hansı bir hadisəni sehrin gücü ilə həyata keçirə bilir, oxucunu inandırır, yeri gələndə ədəbi şərtliklərdən də istifadə edir. « Dünyanın ən güclü canlısı», «İşıldaböcəyin sirri», «Tərs padşahla üç bacının nağılı», «Ən qiymətli nemət», «Körpə uşağla xallı keçinin nağılı», «Qarışqa qardaşlar», «Nəcmiyyə və ögey ananın nağılı», «Bir qurtum su», «Ağrı daşı» və b. bu qəbildədir.

 Müəllif insanın bütün canlılardan güclü olmasını təsdiq etmək üçün Baba Pünhan (müəllif şair Baba Pünhanı nəzərdə tutur) tərs uşağı tükdən istifadə edib qarışqadan başlamış filə qədər bütün heyvanlara döndərir. Bu macəralardan sonra tərs uşağ inanır ki, insan bütün canlılardan güclüdür.

 Vəhşi təbiətli Şavəddin (İşıldaböcək) zorla evləndiyi arvadına tapşırır ki, qızı olsa öz əlimlə qılıncdan keçirəcəyəm. Dünyaya qız gəlir Ana-Almaz ərinin qorxusundan qızını aparıb çöldə bir çalada dəriyə büküb torpağa basdırır. Gecələr gedib əmizdirir. Şirəçi Qulam yeri qazarkən təsadüfən qızı tapıb evə gətirir. Çox gözəl olan və həmişə başında işıldaböcək gəzən bu övladsız ailəyə xoşbəxtlik gətirir.

 Deməli Şavəddin arvadına, doğma qızına qarşı vəhşidirsə, əksinə Şirəçi Qulam qadını ilə ən nəcib, insana xas olan ülvi hisslərə malikdir.

 «Tərs padşahla üç bacının nağılı»nda isə çirkin ifritə qız tilsimlə üç gözəl bacının gözəlliyini özünə köçürür, onları da tilsimə salır. Padşahın elçilərinin köməyilə bacılar da, daşa döndərilmiş ataları da tilsimdən xilas olurlar, gözəllikləri də özlərinə qayıdır.

 Qeyd edək ki, Xeyirlə Şərin mübarizəsində Şər həmişə qurduğu tora özü düşür, cəzasını alır. Cəmiyyətdə də təbii olaraq belə bir qanunauyğunluq vardır.

«Körpə uşağla xallı keçinin nağılı»nda olduğu kimi doğularkən yetim qalan uşağı saxlamaq üçün ata evlənməli olur. Ögey ana uşağı acından öldürüb evə sahib olmaq istiyir. Uşağın acından ağladığını duyan çox həssas keçi gecələr uşağı əmizdirir. Bunu görən ögey ana isə ərini məcbur edir ki, keçini kəssin. Bunu da hiss edən keçi bu hiyləgər qadını itələyib təndirə salır. Keçi də xilas olur, körpə də.

 Gülzar nənənin nağıllarında hiyləgər, paxıl, şər qonşuların xəbis əməlləri ifşa olunur. «İlham və Fərizənin nağılı» bu mövzuya həsr olunmuşdur. İlham dəmirçidir, zindanın üstündə hər şey düzəldir, düzəltdiyi qılıncların üstündə də öz adını həkk edir. Fərizə İlhamın insanları öldürmək üçün qılınc düzəltdiyinə etiraz etsə də hiyləgər qonşuların qana susadıqlarını görüb İlhamla razılaşır. Bir gün həmin xəbis qonşular hücum edib el-obanı qırır, evləri yandırır. Fərizə bu dəhşətləri görüb İlhamın yanına qaçır. Xəbis qonşular İlhamın qayırıb onlara bağışladığı qılıncı onun ürəyinə soxub öldürmüşdülər.

 Deməli, Gülzar nənə 20 yanvarda ruslarla ermənilərin yurdumuza soxulub əliyalın, günahsız insanları qətlə yetirdiklərini nağılvari boyalarla qələmə almışdı.

 Müəllif nağılın daha təsirli çıxması üçün hətta canavarın belə çöldə bir-birinə olan inistik hissini gözləri ilə müşahidə etmiş, ovçu tərəfindən yaralanmış ağ canavara görə qara canavar üzünü necə göylərə tutub ulayır, sonra da gözyaşı tökür. Eyni hadisə az sonra İlham və Fərizənin başına gəlir.

 «Pis qonşu», «Günahsız qarı» nağılları da hiyləgər ermənilərin törətdikləri vəhşiliklərdən bəhs edilir. Eləcə də məhşur müğənni Qədir Rüstəmovun Xocalı hadisələri zamanı başına gələn hadisələr maraqlı təsir vasitələri ilə nəql olunmuşdur.

 Gülzan nənə əhvalatları sadəcə olaraq nağıllaşdırmır. O, müxtəlif bədii üsullardan istifadə edərək sücet qurur, əhvalata bəzək vurur, xalq nağıllarının dilinə uyğunlaşdırır, onun bədii formalarından ustalıqla istifadə edir. Yaşadığımız dövrdə olmuş olayları nağıl şəklinə elə uyğunlaşdırır ki, sanki bu əhvalat keçmişdə baş vermişdir.

 Nağılçının yarı realist, yarı fantastik sücetli nağılları da var ki, hadisələr həm dənizdə, həm də quruda baş verir, «Su pərisi» və «Dəniz balası» bu sıradandır. Dünyanın ən gözəl dənizlərindən birində dənizdə boğulanları xilas edən naməlum qüvvə Şahnur adlı gənci çox düşündürür. Şahnur sirri öyrənmək üçün özünü dənizə atıb «xilas edin» - deyə haray salır. Yarı dünya gözəli qız, yarı balıq olan su pərisi Şahnuru xilas edir.  Beləcə Su pərisi ilə Şahnur bir-birlərini sevirlər. Təəssüf ki, sonrakı hadisələr onları məhvə doğru aparır. Ancaq hadisələr çox təbii və  inandırıcı qurulmuşdur. Şübhəsiz ki, suda yaşayanla (həm də yarı balıq) quruda yaşayanın həyatı baş tutmaz. Amma gənc oxucular üçün maraqlı fantastikadır. İnsanın suda yaşamaq ideyası yazıçıları həmişə düşündürən mövzulardan olmuşdur.

Gülzar nənə «Dəniz balası» nağılını da bu məqsədlə yazmışdır. Bunun üçün də o fantastik boyalardan istifadə edərək təzə doğulan şahzadəni şahın paxıl qadını dənizə atır. Körpə dəniz aslanının südü ilə böyüyür. Ancaq tanrı ananın yalvarışlarını eşidib Dəniz balasını ananın özünə qaytarır. Deməli insan quruda yaşamaq üçün doğulmuşdur. O harada doğulur doğulsun Yer oğludur. Yerə dönməlidir. Yazıçı körpə qəhrəmanını bu sınaqlardan keçirib onu yenə də öz mühitinə qaytarır.     

      Bu qəbil nağıllar uşaqlarda dəniz haqqında, dənizdəki canlı həyat və bilgilər haqqında yaxşı təsəvvür yaradır.  Müəllifin «Göydə neçə ulduz var?» - şeirlər kitabında şeirlər sual şəklində qurulmuşdur. Bu suallar uşaqları düşündürür, axtarışa sövq edir, biliyini zənginləşdirir.

  Təqdim olunan kitablarda uşaqlar təzə tapmacalar öyrənirlər. Kitabın adı da belə adlanır "Tapmacalar".

 1- ci kitabda Gülzar xanım tapmaca kitabını çap edərkən kiçik yaşlı uşaqlarda zehni inkişaf etdirici və öyrədici, düşündürücü bir məqsəd güdmüşdür.

 2- ci kitab " Hansı peşəni seçim" kitabındakı şeirlərlə yazıçı xanım balacalara erkən yaşlarından özlərinə peşə seçməyi öyrətməklə yanaşı, onlara müxtəlif peşələrə hörmətlə, məhəbbətlə yanaşmağbı öyrədir.

 3-cü kitab "Su pərisi və balıqçı"  şeir-nağılı digər iki kitaba nisbətən yaşca böyük uşaqlar üçün yazılıb. Orda təbiətin gözəlliyindən, onu qorumaqdan, insanların qəddarlığından və qısası xeyirlə şərin mübarizəsindən bəhs edilir. İçərisinə məhəbbət mövzusu qatılan bu şeir-nağılla müəllif insanları mehribanlığa, qəddar olmamağa çağırır.  

 Müəllif hazırda 1001 nağıl kitabını 10 cildlə , hər cild 100 səhifədən az olmamaqla çapa hapzırlamaqla məşğuldur.     

prof. Qara Namazov