İnsanın nə qədər yaşayacağını yalnız Tanrı bilir. Amma bəzən ölümün qoxusu özündən əvvəl gəlir. Bunu birinci həkimlər, sonra xəstənin özü, daha sonra doğmaları hiss edir.
Çox sevdiyim rəfiqəmi – igid cəbhəçi, bir əli silahlı, bir əli qələmli, üç şəhid qardaşlı, ürəyi yaralı Məleykəni itirəcəyimdən qorxaraq mən də hazırda belə bir hiss yaşamaqdayam. Bu xanım qıza həsr elədiyim qəmli yazılarımla Sizi də kədərimə şərik edirəm.
Səma mələyi
Məleykə səmaya uçur. Mələk qanadında, mələk timsalında, mələk libasında. Vətən deyən dili qabar, Vətən həsrətli dodaqları çatlı, qardaş-qardaş deyə inləyən ürəyi parça-parça...
Məleykə səmalara qalxır. Götürdüyü Məleykə Səma təxəllüsü ilə birgə. Qarabağ döyüşlərində qövr etdiyi yaralardan. Vətən, torpaq dərdini çəkməkdən parça-parça olmuş qəlbi ilə, çatmadığı arzularını da götürüb sonsuz səmaya qalxır.
Balaca, darısqal evinin bir küncündə Azərbaycan bayrağını saxlayan Məleykə indi də bayrağı ölüm qoxusu gələn xəstəxana palatasının bir küncünə qoydurub. «Bilirəm», deyir, «Mən ölən kimi ruhum Qarabağa uçacaq, kəndimizə, evimizə baş çəkəcək!».Tez-tez dönüb bayrağa baxır. Qanı qurumayan yarasından yox, ağrısından yox, şəhid dostlarından, sağ qalan cəbhə yoldaşlarından, dərdli anasından danışır.
İnsana bax! Ağrılarını ən güclü uyuşdurucu dərmanlarla azaldılan xəstənin danışıqlarına diqqət elə! İnsan! Diqqət elə! Vətənə qədərsiz sevgiyə, anaya sonsuz məhəbbətə bax! Aç gözünü İnsan, aç gözünü insan simasında mələyə bax!
Ağlamır Məleykə, sızlamır, ağrıları səngiyən kimi, dili söz tutan kimi kimə isə xoş söz deməyə çalışır, kimi isə sevindirməyə çalışır. Belədi bizim mehriban qızımız, mələk qəlbli Məleykə!
Bir gün yolun Qarabağdan düşsə, başını qaldırıb göyə bax, ağ buludlar arasında mələyə oxşar qanadlı bir bulud görsən bil ki, o Məleykədir, bizim gözəl qızımız, mələk simalı Məleykə!
Məleykə haqda xatirələr, yazılar, hekayələr...
İlk dəfə bir mənsur şer yazdım. Yazıçılar məclisində oxumaq üçün onu Məleykəyə verdim. Balaca bir şeri xeyli oxudu. Dönə-dönə. Sonra isə gözlərində yaş: «Bacı, bu şeri elə bil lap mənə yazmısan!», deyib, şeri özündə saxladı. Həmin şeri Sizə də çatdırmaq istəyirəm:
Sol, şehli çiçəyim…
Necə də gözəlsən, Qızılgül ! Gözəlliyindən aləm sevinir, ətrindən bağ-bağçalar məst olur. Tanrı səni çox qüsursuz yaradıb. Bütün güllər sənin kimi olmaq istəyir. Belə gözəlliyinə, bülbülün sənə aşiq olduğuna güllər sənə həsəd aparır.
Danışsana, gözəllər gözəli, dillənsənə. Sevinirsənmi gözəlliyinə? Gözəlliyin hamını sevindirən kimi, sənə də sevinc bəxş edirmi?
Amma çox qəmginsən, qızılgül! Nə qədər al-əlvan olsan da kədərin gözə çarpır. Kədərli həyatından gileyli olduğun göz yaşlarından bəllidir. Hər gün səhəri göz yaşları ilə açırsan. Kimin üçün darıxırsan, qızılgül? Kimin üçün göz yaşı axıdırsan? Kim səni sevib, kim səni atıb? Kim sənin qəlbinə dəyib ki, tikanlı olmusan? Kim qəlbini qırıb ki, tikanlarını hamıya batırırsan?
Kimin həsrətindən hər səhər yuxudan göz yaşı içərisində oyanırsan? Gecələri kimin həsrəti ilə yatırsan ki, sübh tezdən göz yaşlarına qərq olursan? Soruşanlara isə “şeh düşüb üstümə”, - deyirsən və ağladığını hamıdan gizlədirsən.
Bəlkə də elə kədərdən tez solmağa başlamısan? Gül qönçən lap yenicə açmışdı, nə tez solmağa başladı?
Sol, gözəl qızılgülüm, sol! Mən sənin göz yaşlarına baxa bilmirəm. Həmişəlik sol! Bu qədər həsrət, bu qədər əzab-əziyyət çəkməkdənsə sol!
Sol, şehli çiçəyim, sol!!!
Sonralar Məleykədən bu incə qəlbli insandan çox yazılar yazdım. Şerimdə, hekayələrimdə onun qəhrəmanlıqlarından, gözəl işlərindən, başına gələnlərdən yazmağa çalışdım. Elə onun dilindən deyilənləri yazanda qələmin altından faciəli bir əsər çıxır.
Məleykənin başına gələnlərdən kiçik hekayə.
Toy xınası gözləyən gəlin
1988-ci ilin oktyabr ayı idi. Başqa qızlar kimi Məleykə də bu gününü çoxdandı ki, gözləyirdi. Ailədə oğlan kimi böyümüş qız, nəhayət ki, ərə gedirdi. Heç kəsin inanmağı gəlmirdi. Məleykəni ərə getməyə razı salmaq üçün anası, rəfiqələri çox əziyyət çəkmişdilər. Nəhayət ki, qızın saqqızını oğurlamış, onu razı sala bilmişdilər. Məleykə o qədər oğlan xasiyyətli idi ki, heç kəs inanmırdı, o ərə gedə.
Axır ki, həmin gün yaxınlaşırdı. Qonaqlar hamısı çağırılmış, tədarüklər görülmüş, artıq mağar da qurulmuşdu. Hətta çağırılmış xanəndələr də bir gün qabaqcadan gəlmişdilər. Axşamüstü Məleykə üçün «xınayaxdı» olmalıydı.
Məleykə hələ uşaq olanda «xınayaxdıya» gedər, gəlinin əynindəki cürbəcür geyimlərə, bahalı bər-bəzəyə, qır-qızıla fikir verməz, bircə əllərinə xına yaxılmasından çox xoşu gələrdi. Bu gün də özünün «xınayaxdısını» o səbirsizliklə gözləyirdi.
Toy evində iş çox olduğundan hərənin başı bir işə qarışmışdı. Məleykə də işləyənlərə kömək edirdi. Evdəki xalçaları həyətə çıxarıb, havaya verirdi.
Qız başını qaldıranda baxdı ki, göydə onun ən çox xoşladığı bir mənzərə var. Durna qatarı uçur. Onlar səmada necə də gözəl görünürdülər. Məleykə işini dayandırıb bir xeyli onlara tamaşa elədi. Quşlar gündoğandan çıxıb, gün batana uçurdu.
Birdən qəfil atəş səsindən sonra Məleykə gördü ki, durna qatarı pərən-pərən oldu. Onların başçıları düz gəlib düşdü Məleykənin ayaqları altına.
Durna yaxından daha da gözəl görünürdü. Ağappaq lələkləri qana boyanmış quş, düz sinəsindən vurulmuşdu. O, güclə nəfəs alırdı. Badamı gözlərini geniş açıb məsum-məsum düz Məleykəyə baxırdı. Ölümündə Məleykəni təqsirkar başa düşən quş sanki baxışları ilə ona dedi: «-Sən neylədin, insafsız?».
Məleykə özünü itirdi. Sonra isə hönkür çəkib ağlayaraq qaçdı ki, evdən bint, yod gətirsin. Qayıdanda gördü ki, artıq gecdir, durna gözlərini həmişəlik yumub.
Bu vaxt qonşuluqda yaşayan ovçu Musa həyətə girdi.
-Heç kəs durnaya şərik çıxmasın, onu özüm vurmuşam. Baxdız, düz sinəsini nişan almışam – deyə fəxrlə özünü öydü.
Məleykənin ata babası kəndin ağsaqqalı sayılardı. Onun həm dindən, həm də elmdən xəbəri vardı. Musa kişinin bu hərəkətini görəndə onu danladı:
-Günah iş gördün, ay Musa kişi. Durna müqəddəs quşdur, ona güllə atmazlar. Özü də quşların başçısını öldürməklə, dəstəni pərən-pərən saldın. Tanrı özü sənin günahından keçsin.
Sonra ağsaqqal mağarda işləyən uşaqlara tapşırdı ki, quşu aparıb basdırsınlar. Məleykənin isə qəmgin olduğunu görüb dedi:
-Mənim igid qızım, mənnən o qədər ova getmisən, amma ürəyin bərkiməyib ki, bərkiməyib. Sən heç nəyə fikir vermə, toya hazırlaş.
Məleykə xalçaları yığışdıra-yığışdıra qəmli-qəmli məhrum xanəndə Şövkət Ələkbərovanın oxuduğu «Durnalar» mahnısını zümzümə eləməyə başladı.
Bir zaman havada qanad saxlayın,
Sözüm vardır, mənim sizə,
Qatarlaşıb nə diyardan gəlirsiz?
Durnalar, ay durnalar...
Elə bil bu mahnını oxumaqla Məleykə, ölmüş durna başçısına ağı deyirdi. Oxuduqca da gözlərinin yaşını saxlaya bilmirdi.
Bir azdan Məleykə elə bir xəbər eşitdi ki, durna dərdi tamam yadından çıxdı.
Kəndə hay düşdü ki, Sverdlovskdan, bacısı Məleykənin toyuna gələn Yaqubu və onların yeznələri Rahili ermənilər kəndə çatanda işgəncə ilə öldürüblər.
Toy evi yas evinə döndü. Bacının toy mağarına qardaş cənazəsi gətirildi. Qardaşının yarasını tumarlayan və xınayaxdıya hazırlaşan gəlinin əllərinə qardaş qanından xına yaxıldı. Məleykə üzünü göylərə tutub dedi:
- Tanrım! Mənə toy hədiyyəsimi göndərdin? Yoxsa, ayaqlarım altında can verən durnanın ah-naləsində məni günahkar saydın?
Məleykə ermənilərə nifrətdən boğulurdu. Qardaşına əl qaldıranlar qonşu kəndin «dığaları» idi. Halbuki uşaqlıqda Yaqub onlarla daşda, kəsəkdə bir oynamış, onları özünə dost saymışdı.
Qız bunları fikirləşib, hövründən ağlaya da bilmirdi. Evdəkilər qoysaydılar, elə bu saat qardaşının meyidi ortada özü çiyninə silah götürüb erməni dığalarını biçməyə gedərdi.
Amma o vaxt Məleykənin buna gücü çatmasa da, o and içdi. And içdi ki, qardaşının qisasını ermənilərdən almayınca ürəyi sakit olmayacaq. Bu vaxta qədər toyuq başı kəsiləndə belə ona baxa bilməyən Məleykə and içdi ki, Yaqubdan başqa iki qardaşı olsa da, özü mütləq döyüşə gedəcək, öz əlləri ilə erməni öldürəcək.
Yalnız ürəyində öz andına qulaq asandan sonra Məleykə qardaşının ölüsü üstündə ağlaya bildi. Ancaq ondan sonra qızın gözlərindən yaş çıxdı.
O vaxt Məleykə öz saydığını sayırdı, o biri tərəfdə isə əzrayıl başqa bir şey sayırdı.
Onda heç Məleykənin ağlına da gəlməzdi ki, bu dəbdəbəli ev-eşikləri erməniyə qalacaq. Onda qız yatsaydı yuxusuna da girməzdi ki, Yaqubdan sonra o biri iki qardaşını - Sayadı və ən çox sevdiyi, evlərinin böyük oğlu Kamandarı da müharibədə itirəcək. Kimsə inanmazdı ki, üç oğul itirən Sona xala səhər obaşdannan hamıdan qabaq oyanacaq ki, üç oğluna birdən layla desin. Daha sonra nələr olacaq, o bilmirdi...
Məleykə andına sadiq qaldı. O, əyninə əsgər mundiri geyindi. Çiyninə silah götürdü. Qardaşlarının ölümündən sonra özü ermənilərdən qisas almaq üçün cəbhəyə yollandı. Cəsur döyüşçü qan-qadanın ən pis vaxtında həm də Ağdam xəstəxanasında tibb işçisi kimi ən ağır əməliyyatların keçirilməsinə köməklik göstərirdi. O vaxt onun döyüşçü kimi səriştəsi az olduğundan çox çətinlik çəkir, amma əlindən gələni eləyirdi.
Məleykə nələr görüb, nələr eşidib, özü də danışmağa çətinlik çəkir. Ürəyi elə doludur ki, sözün birini qurtarmamış, keçir başqasına.
Deyirlər cərrahiyyədə çox qan görənlərin ürəkləri bərkiyir. Amma Məleykənin ürəyi çox kövrəkdir. Üç qardaş itkisindən ürəyi daşlaşmayıb. O təkcə öz qardaşlarına yox, elin şəhid oğulları üçün ağlayır. Şikəst olmuş başqa oğullardan ürək ağrısı ilə danışır. Ölkəmizədən çox-çox uzaqlarda erməni təhqirinə dözə bilməyən və onu qanına qəltan eləyən Ramil haqda elə fəxrlə danışır ki, elə bil onun doğma qardaşlarından biridir.
Müharibə vaxtı yazdığı gündəliyin səhifələrində qan ləkəsi vardı. Dediyinə görə əməliyyatdan çıxan kimi əsgərin dediyi ad və ya hansı isə vacib söz yadından çıxmasın deyə, elə əlləri qanlı-qanlı onu dəftərə yazarmış.
Məleykənin danışdığı hər hadisədən bir kitab yazmaq olar. Yadına saldığı hər acıdan bir film çəkmək olar.
Məleykə deyir ki, məni üç qardaşımı itirməyimdən çox müharibədə uduzmağımız yandırır. Bu saat da müharibə təzədən başlasa, getməyə hazıram, təki, torpaqlarımızdan o murdar milləti qovaq. Mənim, «Hippokrat andı içmisən?», sualıma belə cavab verdi:
- Adam bir-birinə zidd olan iki and içə bilməz. Mən öz qisasımı ermənilərdən almayınca heç vaxt Hippokrat andı içmərəm.
Kədər dolu bu hekayət 2004-cü ilin
may ayında qələmə alınıb
İndi isə Məleykə xəstəxanadadır. Tanrı ilə danışır, ondan kömək istəyir. Qoy Tanrı özü onun köməyi olsun!
Xəstəxanadan qayıdan kimi əlim qələmə səmt getdi. Bir görün qələmim nələr yazdı...
Mən səndən qorxmuram ki...
Mən səndən qorxmuram, Ölüm! Bir gün yaranan bir gün ölür, mən bilirəm, bir gün açılan gül, bir gün solub yerə tökülür, bir gün gələn köç bir gün də geri dönür, bilirəm, bir gün dönür, bilirəm, bir gün ölür, bilirəm.
Ona görə də mən səndən qorxmuram...
Ölüm, mən səndən yox, doğmalarımdan qorxuram, onları daha sevməyəcəyimdən, onları daha görməyəcəyimdən qorxuram, mən səndən qorxmuram ki, mən onlardan qorxuram, Ölüm!..
Mən aynadan qorxuram, bir gün aynaya baxanda özümü orda görməyəcəyimdən qorxuram. Ondan qorxuram.
Mən gözümdən qorxuram, günlərin bir günü görər gözlərimin göz qapaqlarını endirəcəyindən, bir daha bu gözəl dünyanı görməyəcəyimdən qorxuram. Nə yaz yağışını, nə ayazını, nə qarlı qışını. Günəşin istisi altda soyuqdan donmaqdan qorxuram. Mən yalnız onlardan qorxuram.
Min əzabla tikdiyim evimdən qorxuram ki, pəncərəsindən yad səslər gələcək, yad gülüşlər eşidiləcək, mən o səslərdən qorxuram, o səslərdən. Mən səndən qorxmuram ki...
Mən yataqdan qorxuram, ölüm qoxuyan yataqdan, həmin yataqdan bir də qalxmayacığımdan qorxuram, ağlayıb-sızlayıb başqalarına möhtac olacağımdan, kimisə incidəcəyimdən qorxuram. Ölüm yatağımda zarıyıb sənin tez gəlməyini arzu etməkdən qorxuram. Mən səndən qorxmuram ki... Mən səndən qorxmuram ki...
Gülzar İbrahimova. iyun 2006 il