Qəfil gördüm səni, yaman sevindim. Elə bildim, əvvəlki vaxtlarımızdı. Mən səninəm - sən mənim. Yenə də sevinə-sevinə görüşümə gəlmisən. Fərəhindən, az qala, uça-uça. Qollarımı açdım bağrına qaçam. Yadıma düşdü ki, ayrılmışıq, sevincim üzümdə dondu, qollarım yanıma düşdü.
Çox sevindim səni görəndə. Elə bildim, bu sənsən. Yadıma salanda ki, sən çoxdan yoxsan, kədərim içimə qayıtdı. Qəmim yerinə gəldi.
Amma necə bənzərin var sevdiyimə. Bircə baxışların bənzəmir onun odsaçan baxışlarına. Bəlkə də bu sənsən, odu sönmüş baxışların sahibisən. Hər vaxt gözlərimə dikilmiş gözlərin yiyəsisən.
İlahi, sevgidən alışıb-yanan gözlərin necə də dəyişib. Baxa bilmirəm dəyişmiş gözlərinə. Qara eynək tax. Qara eynək tax ki, odu sönmüş gözlərini görməyim.
Necə də solub gözlərin. Deyəsən, məni sevən gözlərinmiş. Ayrılığımız gözlərini necə də dəyişib. Hanı gözlərindən-gözlərimə saçan qığılcım? Hanı gözlərindən-ürəyimə axan sevgin, hanı? Hanı gözlərindəki məni göylərə qaldıran məhəbbətin, hanı?
Gözlərin mənə baxır, həm də mənə baxmır, yol çəkir. Gözlərin yol çəkir. Gözlərin uzaqlara dikilib.
De mənə, hansı yolu çəkir gözlərin? Yoxsa ucu-bucağı bilinməyən ayrılıq yolunu çəkir gözlərin? Bəlkə həsrətdən körpü salır? Ayrılıq körpüsü?
Ayrılığa, tənhalığa aparan yolu çəkir gözlərin. Həmin yol ucsuz-bucaqsız çöllərdən keçir. Gözlərinin çəkdiyi yolla gedib dağın başına qalxır və orada yalqız qalırsan. Tənha canavara dönüb üzünü Aya tutursan; təklikdən, tənhalıqdan yalqız canavar kimi ulayır, hey ulayırsan. Kimsə səsini eşitmir. Kimsə köməyinə gələ bilmir, dadına çata bilmir. Nə gedə bilirsən, nə də qayıda. Beləcənə, tək-tənha gözlərin çəkdiyi uzaq yolda qalırsan.