Mənim işvəli, nazlı dənizim! Əzəl adı Quz, son adı Xəzər dənizim! Zaman-zaman qəlbi soyuq insanlar sənin adını dəyişdiyi kimi, təmiz, göz yaşı kimi duru suyunu da dəyişdilər.
Rəngin günü-gündən qaraldı, suyun duzlaşdı, bəlkə bu göz yaşlarındır, qarışıb sularına?
Ağlama, gözəlim, sənə ağlamaq yaraşmır, ağlama!
Bəlkə, üzündəki qara ləkələrdən utanıb ağlayırsan? Ağlama, gözəllik ilahəsi, gözəl çöhrənin qara ləkəsindən utanıb ağlama! O ləkə sənə yox, səni çirkləndirənə çirkinlik gətirir. Sən gözəlsən, gözəlliyini sənin əlindən heç bir qara ləkə ala bilməz.
Bəlkə çirkabdan ölüb ləpələrin sahilə atdığı balıqlarını görüb ağlayırsan? Fəğan eləyib, hiddətindən özünü qayalara çırpırsan!
Sakit ol, mənim sakit sulu gözəlim! Sənə sakit olmaq daha çox yaraşır. Səninlə mən nə eləyə bilərik ki, gəl bunu da taleyin yazısına yozaq.
Suyu müqəddəs, özü gözəl dənizim! Bütün dərdlərindən xəbərdaram. Əsrimizin axırında başına gələnlərə dözmədiyindən, bağrın başı çatlamağından da xəbərdaram.
Ürəyi yarılı Xəzərim! Quz dənizim! Döz, döz Tanrının taleyinə yazdığı bütün yazılara , mənim kimi dözümlü ol. Sən mənim qəlbi sınıq elimin dənizisən. Onlar dərdlərini həmişə sənə deyib, ürək acılarını səninlə bölüşdürürlər. Eşit onları, yaralı qəlblərinə, dərdlərə dərman suyundan məlhəm qoy.
Mavi gözlüm, küsmə adamların hamısından. Səni sevənlər sularına baş vurub, qollarını açır və səni bağırlarına basırlar. Sən pisləri də onlara bağışla.
Səni and verirəm müqəddəs sularına, bağışla bizi, hamımızı bağışla, səni çirkləndirdiyimizə görə, balıqlarına etdiyimiz amansızlığa görə bağışla!
Sənə qıydığımıza görə bağışla!