Niyə belə elədin?!
Yuxudan ağı səsinə oyandım. Səs qonşuluğumuzda yaşayan dayoğlumgilin evindən gəlirdi. Əvvəlcə istədim fikir verməyəm. Elə bildim, dayoğlum yenə içib-gəlib, evə dava-mərəkə salıb. Başımı soxdum balışın altına ki dayoğlumun bağırtısını və onun ardınca da sındırdığı qabların səsini eşitməyim. Çünki ona nə ayıq vaxtda, nə də sərxoş vaxtda söz demək mümkün idi. Subay vaxtı ata-anasının, evlənəndən sonra da cavan arvadının gününü qara eləmişdi.
Elə bu fikirdəydim ki, bir də gördüm, dayoğlumun arvadı var gücü ilə məni silkələyir:
- Nə yatıbsan, ay bəxtəvər, evimiz yıxılıb, dayın oğlunu maşın vurub-öldürüb.
Qulaqlarıma inanmadım. Tez özümü atdım dayoğlumgilə. Bu, həqiqət idi. Eşidən-bilən qonum-qonşu, hamı axışıb ağlaşmaya gəlirdi. Məhəllənin yuxarı başından molla arvad da tez özünü çatdırmışdı ölü yerinə. Onun tükürpədici səsi adamın başına düşürdü. Mən yuxarı başda oturmuşdum. Gələnlərə, gedənlərə, ağlayanlara tamaşa edirdim. Ağlamaq istəyirdim. Amma gözlərimdən yaş çıxmırdı. Nə qədər çalışırdımsa, ağlaya bilmirdim ki, bilmirdim. Anamı, başqa yaxın ölənlərimi yada salırdım ki, bəlkə olara ağlaya biləm. O da alınmırdı. Dayım oğlunun ata-anasına, qohum-əqrəbaya, qonşulara, cavan arvadına verdiyi zülmlərdən başqa heç nə yadıma düşmürdü. Onlar da yadıma düşdükcə ürəyim daşlaşır, gözlərimdən bircə damla belə yaş çıxmırdı.
Birdən ağlaşma sakitləşdi. Molla arvad gözlərini mənə zilləyib ağı deməyə başladı:
- Ay bibiqızısının gözlərində yaşını donduran, sənin ölüm xəbərin gör, onu nə hala salıb ki, bədbəxt qız ağlaya da bilmir. Vay xəbəri gələn cavan, vay, vay!
Mollanın bu sözlərindən sonra hamı gözlərini mənə zillədi. Məclis qaydalarına görə, mən bu vaxt hönkür çəkib ağlamalıydım. Amma təəssüf ki, mollanın sözləri də mənə təsir eləmədi. Camaatın tənəli baxışlarına davam gətirməyib, əyildim dayım oğlunun meyidi üstünə, ağzımı tutdum düz onun qulağına:
- Dayoğlu, «Ölüyə söyməzlər», - deyirlər; amma mən səni söyürəm. Ay nanəcib, ay cəhənnəmlik! İnsan nə qədər pis olarmış ki, sən oldun? İnsan nə qədər pislik elərmiş ki, sən elədin? Niyə sağlığında bircə xoş, kiçik də olsa xeyirxah iş görmədin ki, belə günündə səndən ötrü bircə damla da olsa gözlərimdən yaş axıda biləm. Niyə belə elədin, dayoğlu? Eşitsə də, eşitməsə də, onu pıçıltı ilə tənbeh elədim.
Sonra isə başımı qaldırıb bərkdən qışqırdım:
- Niyə belə elədin , dayoğlu, niyə? - Hönkürtü çəkib, bərkdən ağlamağa başladım. Məclisdəkilərin hamısı bir səslə ağlaya-ağlaya səsimə səs verdi:
- Niyə belə elədin dayoğlu, niyə?