Körpə gəlir dünyaya - işıqlı, rəngarəng dünyaya. Səssiz-səmirsiz. Üzündə təbəssüm. Gözünü açmaq istəyir. Dünyaya baxmaq istəyir. Amma birdən aldığı qəfil şillədən diksinir. Körpə canı ağrıdığından ağlamağa başlayır. Günahsız Körpə zülüm-zülüm ağlayır. O ağlayır, ətrafdakılarsa qəhqəhə çəkib gülürlər. Körpəni ağlatdıqlarına sevinirlər. “Körpə anadan olan kimi mütləq ağlamalıdır”, - deyib onun ağlamağına şad olurlar.
Körpə onların qəhqəhəsini eşidəndə bir an səsini kəsir. Sonra isə daha da bərkdən ağlamağa başlayır. Yəqin, fikirləşir: «Axı neyləmişəm, məni vurdular?». Sonra yenə də ağlayır. Bu dəfə lap bərkdən ağlayır. Ürəkdən ağlayır. İlk göz yaşlarını tökür. Ağlaya-ağlaya istəyir desin: «Niyə vurursunuz məni, nədir günahım?». Deyə bilmir, dilsiz-ağızsız ağlayır.
Xoş gəlmisən, Körpə, bizim özü işıqlı, amma qaranlıq dünyamıza, xoş gəlmisən! Bilsən, nələr olur bu dünyada? Zavallı Körpə, elə bil, əvvəlcədən hər şeyi bilirsən. Sir-sifətini elə qırışdırıbsan ki, elə bil, işıqlı, rəngarəng yox, qaranlıq dünyaya gəlmisən. Sevinmirsən dünyaya gəlişinə, düz eləyirsən. Bir az böyü, görəcəksən nələr olur bu dünyada. Sənə vurulan şillələrin sayı günü-gündən artacaq. Günahın oldu-olmadı, səni şillələyəcəklər. Ağlatmaq üçün. Guya ki, yaşatmaq üçün şillələyəcəklər. Hönkür-hönkür ağladacaqlar səni. Sən ağladıqca ətrafındakılar qəhqəhə çəkib güləcəklər. “Mən sizə neyləmişəm”, - deyib hönkür çəkib ağlayacaqsan. Sənə rəhmi gələn olmayacaq. Sən ağladıqca səni ağladanlar sevinəcəklər. Özgələrdən çox öz doğmaların səni ağladacaq. “Can!” deyə-deyə ağladacaqlar səni. Ovuda-ovuda ağladacaqlar səni. Qıymaya-qıymaya ağladacaqlar səni. Amma ağladacaqlar. Qəddarcasına, rəhmsizcəsinə ağladacaqlar.
Həmişə özün ağla, Körpə! Özün ağla ki, şillə vurub səni ağlatmasınlar! Ürəkdən ağla! Hönkür çəkib ağla, zülüm-zülüm ağla! Ağla, dayanmadan, həmişə ağla! Ağla ki səni ağlatmasınlar!