Zərdüşt
(Nağıl)
Biri var idi, biri yox idi, Azərbaycanın cənubunda yerləşən Urmiya şəhərində, Zbar dağının ətəyində, Dərəcə çayının sahilində Purusaşpa adlı cavan bir oğlan var idi. O, çox güclü, ağıllı və zəhmətkeş idi.
Bir gün bu cavan oğlan çayda balıq tutarkən çayın sahilinə gözəl bir qız gəlir. Qız uzaqdan ona göz qoyan cavanı görmür. Dizə qədər çırmanıb gətirdiyi palazı çayda yumağa başlayır.
Bu vaxt qəfil sel gəlir. Qız palazı qapıb hündür bir yerdə dayanıb qorxa-qorxa selə tamaşa edir.
Sel gəldiyindən Purusaşpa da balıq tutmaqdan vaz keçir. Odur ki, bir yanda dayanıb qızın gözəlliyinə vurğun-vurğun tamaşa etməyə başlayır. Bir müddətdən sonra çay sakitləşəndən, su azalandan sonra sel gətirən çay balıqları sahildə susuzluqdan çapalamağa başlayırlar. Qız tez yaxına gəlib susuzluqdan az qala boğulan balıqları xilas etməyə, onları götürüb çaya atmağa başlayır. Bu zaman o gözəl səslə oxumağa başlayır. Gözəlliyi, məlahətli səsi və rəhmli ürəyi ilə gənci ovsunlayır. Cavan istər-istəməz qıza yaxınlaşır.
Başını qaldırmadan əyilib balıqları çaya tullayan gözəl birdən qarşısındakı gənci görəndə özünü itirir. Abırından tez tummanının balağını düzəldib dizini örtür. Belə bir gözəlin həm də abırlı olmağı oğlanı lap xoşuna gəlir. Bir könüldən bir könülə bu gözələ vurulur. Elə istəyir ki, ondan adını soruşsun, qız yaşmağını vurur, palazını da qoltuğuna vurub düz evlərinə götürülür.
O gündən Purusaşpa bütün günü çayın sahilinə boylanır ki, bəlkə bircə dəfə də olsa qızı görsün, amma onu tapa bilmir ki, tapa bilmir. Qız elə bil qeybə çəkilir. Purusaşpa nə yeyir, nə içir, arıqlayıb bir dəri qalır, bir sümük. Şəhər böyük, ev çox. Qızın heç adını da bilmir ki, onu heç olmasa adı ilə soraqlaşıb tapa bilsin.
Günlərin bir günü çaya yenə də sel gəlir. Ürəyi yaralı cavan keçən dəfə sel gələn çağları yadına salaraq ah-ufla çayın kənarında oturub sevdiyi qızın xiffətini çəkir. Gözlərindən qan-yaş tökə-tökə sevdiyi qızı, onun ala gözlərini xatırlayır. Müqəddəs suya dua edə-edə sevdiyini ondan istəyir.
Bu zaman elə bil su onun ah-naləsini, yalvarışını eşidir.
Yenə də həmin sərv boylu, xumar gözlü, məlahətli səsli gözəl öz həzin mahnısını oxuya-oxuya çaya gəlir. Bu dəfə onun əlində heç nə yox idi. Deyəsən palaz yumağa yox, başqa bir məqsədə çayın kənarına gəlmişdi.
Purusaşpa əvvəlcə gözlərinə inanmadı, elə bildi gördüyü yüxüdür. Gözlərini silib təzədən bərəldə-bərəldə qıza baxdı. Doğrudan bu odur? – deyə öz-özünə sual verdi. Bir istədi qaçıb neçə aylardır həsrətilə alışıb-yandığını bağrına bassın. Sonra qoxdu ki, qız ondan qorxub qaça. Birdən ağlına qara bir fikir də gəldi. Bəlkə elə bu gözəl kimin isə yarıdır? Bu qara fikir başına gələndə daha qıza yaxınlaşmadı. Yenə də bir az aralıda dayanıb ürəyi odlana-odlana, həsrətlə qıza baxmağa başladı.
Qız isə vacib bir iş üçün gələn adam kimi yenə də balağını dizə qədər çimrəyib, sahildə çapalayan balıqları çaya salmağa başladı. İşini qurtaran kimi də yenə yoluna davam elədi. Deyəsən o bu dəfə çaya sel gəldiyini eşidən kimi balıqları xilas eləməyə gəlmişdi.
Bu dəfə Purusaşpa daha əvvəlki kimi fərsizlik eləmədi. Qarabaqara onu izlədi. Düz evlərinə qədər. Qız düz bazar tərəf gedirdi. Əvvəlcə oğlan elə bildi ki, qız bazara gedir, amma o bazara çatmamış göy darvazalı bir evə girdi.
Purusaşpa çox utancaq, abır gözləyən, böyüklərə hörmət edən, qızlara baxmaqdan həya edən bir oğlan idi. Amma vurulduğu gözəl onu bir anda elə dəyişdirdi ki, oğlan bircə günün içərsində aşiq olduğu qızın həm evinin yerini öyrəndi. Həm də öyrəndi ki, onun adı Doqdodur. Həm də öyrəndi ki, qız hələ heç kəsə könül verməyib. Həm də elə həmin günü ona elçi göndərdi.
Doqdo eşidəndə ki, şəhərin ən savadlı, ən güclü, ən ağıllı oğlanı ona elçi düşüb, çox sevindi, amma elçilərə rədd cavabı verdi:
-Mən çox həssasam. Tanrının yaratdığı bütün canlılara rəhmim var. Bir adam ki, çayın sahilində yaşayır, qarmaq atır, balıqları deşərək onları işgəncə ilə öldürüb yeyir, o adamdan mənə yar ola bilməz.
Elçilər bu xəbəri Purusaşpaya çatdıranda oğlan dizi üstə çöküb başını əlləri arasına aldı:
-Elə bu saat qayıdın. Mənim sözlərimi qıza çatdırın! Mən hamının yanında and içirəm ki , bu gündən belə mən nəinki balıq tutacağam, hətta heç vaxt balıq yeməyəcəyəm!
Elçilər Purusaşpanın sözünü yerə salmadılar. Dediklərini olduğu kimi qıza çatdırdılar. Amma Doqdo oğlana inanmadı. Yenə də elçilərə rədd cavabı verdi.
Elçilərin cavabından üzüqoylu düşən Purusaşpa həmin vaxtdan eləcənə də qaldı.
Günlər keçdi. Doqdoya xəbər çatdı ki, daş ürəkli gözəl nə durmusan, mahalın ən igid cavanı sənin ucbatından ölür. Doqdo inanmadı. Özü durub düz cavanın evinə gəldi.
Bu həmin vaxt idi ki, dostları Purusaşpaya yalvarırdılar ki, heç olmasa ağzına bir qurtum su alsın. Purusaşpanın isə dodaqları susuzluqdan çat-çat olsa da bir qurtum su içmirdi.
Doqdo içəri girəndə hamı üzünü yana çevirdi. Onlar qıza qatil kimi baxdılar.
-Doqdo, çox nahaq yerə sən Purusaşpaya baş çəkməyə gəlibsən. Sən bizim dostumuzun qatilisən, çıx get burdan, - ona dedilər.
Purusaşpa sevdiyi qızın adını eşidən kimi gözlərini açdı, onun çuxura düşmüş gözlərində məhəbbət qığılcımı göründü. Amma halsızlıqdan yenə də göz qapaqları bağlandı.
Bu səhnəni görən qızın ürəyi odlandı. Ürəyində özünü qınadı: «Mən balıqları ölməyə qoymadım, amma belə bir cavanı məhv edirəm».
Sonra o dolçadakı suyu götürüb nəvazişlə Purusaşpaya dedi:
-Bir qurtum su iç, Purusaşpa!
Sevdiyinin məlahətli səsini eşidən Purusaşpa elə bil canlandı. Başını qaldırıb sudan bir qurtum içdi. Gözlərinə işıq gəldi. Hamı bu işə, bu sevgiyə məəttəl qaldı.
Purusaşpa isə qəfildən elə sevindi ki, hətta huşunu itirdi. Özünə gələndə artıq Doqdo çıxıb getmişdi. Dostları onu tez sakitləşdtirdilər:
-Sakit ol, Doqdo dedi ki, axşam elçiləri gözləyəcək!
Bunu eşidən Purusaşpa on iki gündən bəri ilk dəfə ayağa qalxdı. Güclə divardan tuta-tuta şorba qazanına yaxınlaşdı. Onu götürüb birnəfəsə başına çəkdi.
Elçilər «hə» cavabı ilə qayıtdılar. Oğlan sevindiyindən sanki qanadsız uçurdu.
Aradan çox keçmədi ki, toy oldu. Purusaşpa ilə Doqdonun toyu. Artıq Purusaşpanın odlu məhəbbəti Doqdoya da keçmişdi. O da oğlanı ürəkdən sevirdi. Hələ bu mahalda bu iki cavan kimi bir-birini möhkəm sevən belə yarları heç kəs görməmişdi.
Belə böyük bir məhəbbətdən, belə gözəl bir səadətdən, biri-birindən şirin keçən günlərdən doqquz bal ayı, doqquz şəkər günü, doqquz əfsanəvi gecə keçəndən sonra dünyaya üzü nurlu bir oğlan uşağı gəldi.
Bu uşaq başqa uşaqlara bənzəmirdi. Bu körpə elə bil sehrliydi. Sanki mələkdi, göydən enmişdi. Anadan olduğu gündən heç vaxt ağlamaz, həmişə gülərdi. Ata-anasının gözlərinə elə nurlu baxışlarla baxardı ki, onların qəlbləri fərəhlənərdi.
Bir azdan nurlu körpənin sorağı aləmə yayıldı. Şəhərin ən ağsaqqal nuranisini çağırdılar ki, körpəyə ad versin.
Nurani qoca körpəyə ad qoymağa gəldi. Əyilib diqqətlə ona baxanda körpə üzünü qırışdırdı, gözləri yaşardı, sanki baxışları ilə dedi: «Mən də bir gün sənin kimi qocalacağam».
Nurani qoca körpənin mənalı baxışlarına məəttəl qaldı:
-Qoy Tanrımız bu körpəni pis gözlərdən, pis niyyətlərdən qorusun. Ona Zərdüşt adı verdim. Qoy bu körpənin ruhu məmləkətimizi qorusun!
Hamı bir səslə «Amin!» söylədi.
Nağıl dili yüyrək olar deyərlər. Nağıllarda illər bir-birini qovar, aylar tez qurtarar, günlər qısalar, Günəş tez çıxar, tez batar, Ay da tez-tələsik qaranlığı yola salar, uşaqlar tez iməkləyər, bir də eşidərsən ki, böyüdülər.
Zərdüşt də böyüdü, uca boylu, yaraşıqlı, ağıllı bir oğlan oldu. Atasından cəsarət, anasından rəhmli olmağı öyrəndi, atasından işgüzarlığı, anasından dindarlığı öyrəndi, atasından elm, anasından ədəb-ərkan öyrəndi. Artıq uşaq yaşlarından kamilliyi ilə seçildi. Zərdüştü ağıllı sözlərinə görə sevər, hətta onu böyüklərin məclisinə dəvət edərdilər.
Zərdüşt məclis əhlinə öz fikirlərini deyər, əvəzində «alqış, əhsən» alardı. Onun dediklərini qəbul edənlərə minnətdarlıq edərdi.
Zərdüşt oxumağa, bilik toplamağa o qədər meylli idi ki, artıq yeniyetmə çağlarında bütün elmlərdən, dinlərdən xəbərdar olaraq Dünyadan, Tanrıdan danışardı. On beş yaşlı Zərdüşt artıq böyük bir alim kimi danışırdı. O, camaata başa salmaq istəyirdi ki, üstündə gəzdiyimiz Torpaq, içdiyimiz su, hətta od da müqəddəsdir. İnsanlar daima Torpağın, Suyun, Odun təmizliyini qorumalıdırlar. İnsanlar bir-birinə dost olmalıdırlar. Onlar bir-birlərini incitməməli, heç kəs torpaq üstündə, mal üstündə bir-birləri ilə savaş etməməlidir. Övlad ata-anaya müqəddəs bir varlıq kimi baxmalı, qardaş qardaşa doğruçu «qardaş» olmalı, qardaş bacının ölənə qədər namusunu çəkməli, insan insanın qədrini bilməlidir. Tanrının yaratdığı bütün canlılar yalnız və yalnız onun əmrilə dünyalarını dəyişə bilərlər.
Zərdüşt torpağı, odu, suyu həddən artıq müqəddəs sayırdı:
-Ölüləri torpağa basdırmaqla biz torpağı, onları odda yandırmaqla biz odu murdarlayırıq. Ölənləri yalnız və yalnız uca türbələrin başına qaldırıb orada qoymaq lazımdır. Hətta quşlar onları yesələr də, ölənlərin yeri göyə yaxın olmalı, dünyasını dəyişənlər ayaqlar altında tapdanmamalıdırlar...
Yeniyetmə oğlan daima odlu-odlu danışır, danışdıqca da onun ağzından dürr tökülürdü. Zərdüşt dilləndikcə camaatın ürəyinə girir, öz müqəddəs kəlmələrilə onların daxilini şərlərdən, pislikdən, kindən-küdurətdən xilas edib, onları saflaşdırır, adamların qəlbinə ilahi bir xeyirxahlıq, nur səpirdi.
On beş yaşına çatan Zərdüşt biliyini daha da çoxaltmaq üçün ata-anasından izn alır ki, onu səyahətə çıxmağa icazə versinlər. Onların xeyir-duasını alandan sonra isə səfərə hazırlaşır, kamil bir din xadimi kimi dünyaya həqiqət axtarışına çıxır.
Səfərə çıxarkən Zərdüşt müqəddəs çayı keçməli olur. Bu zaman səmadan bir mələk peyda olur və Zərdüştü Tanrının – Ahura Mazdanın yanına aparır. Dərgahda Zərdüşt İlahidən vəhy alır. Bundan sonra o daha da müqəddəsləşir və daha da nurlanır.
Dünya yaranandan gözəl, xeyir qüvvələrlə yanaşı, şər qüvvələr də mövcuddur. Tanrı xoş, xeyir qüvvələri yaradandır, insanlara düzgün yol göstərəndir. Amma Müqəddəslərin, Peyğəmbərlərin dediyinə görə Tanrı şərlərdən, pislərdən, şeytanlardan, onların bəd əməllərindən xəbərsizdir.
Zərdüşt yaşayan dövrdə də belə pis niyyətlilər, bəd əməllilər var idi. Bunlardan biri də Zərdüştü həmişə qarabaqara izləyən, onun xeyir əməllərinə mane olmağa çalışan, camaatı dinindən döndərməyə çalışan, Zərdüştü tutduğu müqəddəs yolda azdırmaq istəyənlər var idi. Bu şər ruhu Əhrimən idi. O nə qədər çalışırdısa, Zərdüştü ləkələyə bilmir, onu tutduğu yoldan döndərə bilmirdi. Əhrimən hər addımda onu ləkələmək üçün yollar axtarırdı ki, Zərdüştü camaatın gözündən salsın. Bunun üçün bir neçə dəfə Əhrimən qızılı düz Zərdüşün qarşısında yerə atmışdı ki, o sakitcə qızılı götürsün və öz malına haram qatsın. Amma yerdə qızılı görən Zərdüşt o saat hay-küy salaraq:
-Kim qızılını yerə salıb – deyə soruşmuş, qızılın sahibi çıxmayanda isə onu dilənçiyə vermiş, ya da kimsə yalandan da desəydi, qızıl mənimdir, qızılı ona vermişdi.
Bir dəfə isə Əhriman gözəl bir ərli qadın tapıb onu Zərdüştün yanına göndərmişdi ki, qadın onunla sevişsin, bu yolla da oğlan günaha batsın.
Amma Zərdüşt heç nədən şübhələnməyərək, qadına dəyməmiş, ona belə işlərin günah olduğunu başa salmışdı.
Əhriman heç bir vəchlə Zərdüştü ləkələyə bilmirdi.
Zərdüşt insanlara düzgün yol göstərir, onları pis əməllərdən çəkindirir, hamını əmin-amanlığa, mehribançılığa, təbiəti, bütün canlıların qədrini bilməyə çağırırdı. Bütün çağırışlarını, kəlamlarını özünün yazdığı müqəddəs «Avesta» kitabında göstərirdi. Çoxları bu kitaba müqəddəs kitab kimi baxsa da, Zərdüştə düşmən olanlar isə bu kitaba da düşmən idilər. Şər ruhlar hər yerdə Zərdüştü güdürdülər. Zərdüşt isə özünün yazdığı müqəddəs Avestadan dualar oxumaqla şər qüvvələri qova bilirdi.
Zərdüşt insanları Tanrı - Ahura Mazdaya itaətə çağırır, onları xeyirxah əməllərə səsləyir, zülmkarlığı rədd edirdi.
Zərdüşt adamları dinə-imana gətirmək üçün çox əziyyətlər çəkdi. Çünki şər qüvvələr həmişə onu təqib edir, rahat yaşamasına, insanları xeyirxahlığa çağıran bir dinin yayılmasına hər cürə mane olurdular. Onlar elə fikirləşirdilər ki, əgər Zərdüştü məhv etsələr, onun yaymaq istədiyi din də məhv olacaqdır.
Çox əziyyətdən sonra Əhriman kimi şər qüvvələr nəhayət ki, istəklərinə çatdılar. Onlar Zərdüştü düşmən əsgərlərinin əli ilə xaincəsinə qətlə yetirdilər.
Zərdüştün ölümü camaata çox pis təsir elədi. Məmləkətin hər yerində matəm çadırları quruldu. Adamlarda xainlərə nifrət, Zərdüştə isə rəğbət hissi daha da çoxaldı. Hamı Zərdüştün qatilini lənətlədi.
Hə, balalarım, nağıl yazdım, nağılım döndü gerçək oldu. Gerçəyə isə inanmaq gərək. İnanın ki, bu günə qədər elmizdə zərdüştiliklə bağlı çox adətlər qalıb. İldə Zərdüştilərin müqəddəs bayramı olan Novruz bayramı («yeni gün», gecə ilə gündüzün tən gəldiyi gün, təzə ilin ilk günü) bayram edilir. Tonqallar qalanır, adamlar odun üstündən atlanır, şamlar yandırılır, yumurtalar boyanır, şəkərbura, qoğal bişirilir. Elimizin-obamızın çox yerində yanan şamı üfürüb keçirmək, yanan ocağa su töküb söndürmək günah sayılır.
Azərbaycanımızda yaranmış dinlərin yolunu Zərdüştilik işıqlandırdı, Zərdüşt odu bu günə qədər sönmədi. Qoy müsəlman odunu, elimin çırağını Tanrı heç vaxt söndürməsin!