İ l q a r
- Salam Nigar!
N i g a r
- Salam, İlqar!
Gəl tapmacalar qoşaq,
Tapmacanın cavabını
Bir-birimizdən soruşaq!
İ l q a r
- Nədən olsun tapmacamız?
N i g a r
- Həm meyvə, həm tərəvəzdən,
Həm də başqa bitkilərdən.
İ l q a r
- Gəl başlayaq!
N i g a r
- Gəl başlayaq!
***
- Mənə deyərsənmi İlqar,
Meyvələrdən hansıdır,
Hər fəsildə tapılar
Qırmızıyanaq olar?
Yetişəndə saralar,
Bəzən də yaşıl qalar.
Meyvələrin şahıdır
Ağızların dadıdır…
İ l q a r
***
- Deyən kimi mən bildim,
Almadır sən dediyin.
Hər fəsildə tapılar
Qırmızıyanaq olar,
O bəzi vaxt saralar,
Bəzən də yaşıl qalar.
Meyvələrin şahıdır,
Ağızların dadıdır!
-*-
- Qulaq as mənə Nigar
Tapmacamı kim tapar?
O nədir tərsə bitir?
Meyvəsini xəlvətcə
Torpaq altda gizlədir.
Sirrini bizdən başqa
Bir də dovşanlar bilir.
N i g a r
- O kökdür, tərsə bitir,
Meyvəsini xəlvətcə
Torpaq altda gizlədir.
Sirrini bizdən başqa
Bir də dovşanlar bilir.
***
- İndi sən söylə mənə,
O nədir ki, əyninə,
Çoxlu paltar geyinir?
Soyuq dəyməsin deyə,
Qalın şala bürünür?
İ l q a r
- Nə var bunu bilməyə,
O kələmdir, əyninə,
Çoxlu paltar geyinir.
Soyuq dəyməsin deyə,
Qalın şala bürünür.
***
- İndi sən söylə, Nigar!
O nədir soyundursan
Hirslənər, acıqlanar
Hikkəsindən hamının
Gözlərini yaşardar,
Acısıyla hamını
Zülüm-zülüm ağladar.
***
N i g a r
- O soğandır acıqdan
Paltarını çıxarar.
Acılığı hamının
Gözlərini yaşardar.
Hələ bu azmış kimi,
Hamını da ağladar.
***
- Bəs sən söylə o nədir?
Bağçada, bağda bitir,
Rəngi yaşıl olsa da,
Adına göy deyilir.
Sanki kim isə onun
Adını çaşbaş salıb.
Rəngləri tanımayıb,
Onu göy adlandırıb.
Ondan yığmaq istəsən
Bağçaya getməlisən
Dəstə düzəltməlisən
Əgər almaq istəsən,
Bazara dönməlisən.
İ l q a r
***
-Dediyin göyərtidir,
Həmişə yaşıl olar.
Hər fəsildə tapılar,
Bazarlarda satılar.
Bilmirəm, niyə ona
Göy-göyərti deyirlər?
Axı o, yaşıl olar,
Dəstə ilə bağlanar.
Yəqin, kim isə onun
Adını çaş-baş salıb.
Rəngləri tanımayıb,
Onu göy adlandırıb.
***
- Nigar, sözüm sənədir,
Mənə söylə bəs nədir
Sevər bütün uşaqlar?
Yeyən üzün turşudar,
Yeməyən məyus olar.
Qaşqabağın sallayar?
N i g a r
***
- O alçadır, turş olar,
Yeyər bütün uşaqlar.
Yeyən üzün turşudar.
Yeməyən məyus olar,
Küsər, üzün turşudar!
Qaşqabağın sallayar.
***
- Eşit, mən deyim, İlqar!
Bir yumruca topum var,
Gizlənər sandığında,
Qaranlıq yuvasında.
Yalnız çəkiclə çıxar,
Öz isti otağından.
İ l q a r
***
Fındıqdır ki, gizlənər
Qəhvəyi sandığında
Yalnız sındırsan çıxar
Öz rahat yuvasından
***
- İndi deyim tapmaca mən,
Cavabını axtar, tap sən!
Günəşlə bir oyanar,
Günəş rəngli donu var.
Yuxudan oyanan kimi
Günəşlə salamlaşar.
Bütün günü Günəşlə
Üzbəüzə dayanar.
Gün batan kimi onun
Sarı rəngi saralar,
Peşman-peşman dayanıb
Sakitcə yerə baxar…
N i g a r
***
- Günəbaxan duran tək
Başını göyə tutar.
Günəşlə bir oyanar,
Günəşlə salamlaşar
Günəş göydən enəndə
Nədənsə qəmgin olar.
Başını aşağı salar.
***
- İndi mən desəm tapsan,
Bilərəm savadlısan!
Yaşıl rəngli donum var.
Çiynimdə yaylığım var.
Mən bir sarışın qızam
Gözəllik ulduzuyam.
Saçlarımı dararam,
Naz ilə nazlanaram
Yüz bir dişim var qızıldan
Mən ki gözələm hamıdan?
İ l q a r
***
-Qarğıdalıdır, sən deyən
Saçlarını yuyub sərən
Yaşıl rəngli paltarı var
Ağzında çoxlu dişi var
Uşaqlar onu xoşlayar
Ən çox yay fəslində olar.
***
- İndi sıra məndədir,
Açması isə səndədir!
Meyvələrin var sarayı!
İnanmırsan?
Onların da var padşahı!
İnanmırsan?
Meyvələrdən hansıdır ki,
Gözəlliyi göz yandırar
Ya şirin, ya da turş olar
Qırmızı geyər, taxtda oturar
Başına şah tacı qoyar?
Öz gizlin xəzinəsində
Çoxlu-çoxlu daş-qaş saxlar?
N i g a r
***
Nar başında tac olar
Lap şah tacına oxşar
Qırmızıdan donu var
Ya şirin, ya turş olar
Qırmızı geyər, taxtda oturar
Böl, içində görərsən
Nə qədər dənəsi var!
***
- Mənə de görüm nədir
Yalnız meşədə bitir
Bağa gəlməz
Bağban görməz
Yağışı sevər
Quruda bitməz
Başında papağı var
Tək bircə ayağı var
Cavabını kim tapar?..
İ l q a r
***
- Göbələkdir, yağış xoşlar
Başına papaq qoyar
Tək bircə ayağı var
Bağda yox, meşədə yaşar
***
- Nigar, sözüm sənədir,
Mənə söylə bəs nədir
Getdim bağçada bayrama
Maraqla baxdım hər yana.
Göydən şarlar asılmışdı -
Qara, yaşıl, bir də sarı.
De görüm, bu hansı şardı
Baxanda ağzım sulandı?
Şənliyin sonuna qədər
Şarlar yeyildi, qalmadı?
N i g a r
***
- Bağça dedin, çaşdım-qaldım,
Amma yenə yanılmadım.
Dediyin üzümdür, tapdım,
Sən onu şara oxşatdın.
Üzüm meynədən asılar,
Qara, yaşıl, sarı olar.
Yetişməsə, tumturş dadar,
Yetişəndə şirin olar.
-*-
- Bəs o nədir ki İlqar,
Kələm, köklə dost olar
Özü torpaqda qalar,
Saqqalı yerdən çıxar
O qədər qırmızıdır
Nəyə dəysə qızardır.
Kəssən əlin qanayır,
Yesən qanın çoxalır.
İ l q a r
***
Çuğundurdur sən deyən
İnsana qan gətirən
Ondan borş bişirərlər
Salata da tökərlər
Süfrələrə verilər
Ləzzət ilə yeyilər
O cana qan gətirər
***
- Dayan, indi mən deyim!
Tapsan, sənə “Afərin!”.
Bir səhər ayağa qalxdım
Meyvələrlə salamlaşdım
Bir meyvəni tanımadım
Üzünü tük basmışdı
Elə bil qocalmışdı
Həm rəngi saralmış idi
Yanağı qızarmış idi
Dişlədim suyu axdı,
İçindən bir qoz çıxdı,
Hansı meyvədir dediyim
Tükünü silib yediyim?
N i g a r
***
Şaftalıdır, çox dadlıdır,
Dadı ağıza yayılır
Şaftalının bir eybi var,
Tükü ağızı dalayar
Ağacdan dərən kimi sən
Tükü təmiz silməlisən
Sonra onu yeməlisən.
Əgər bazardan alsan,
Gərək onu yuyasan!
***
- Nə bitkidir sən desən,
Bilərəm ki bilirsən!
Gözəlliyi göz deşər
Bataqlıqda yetişər.
Zəhmətsevər adamlar
Ondan həm zənbil hörər
Həm də çəpər düzəldər
İ l q a r
***
Qamışdır sənin dediyin
Tapmaca üçün seçdiyin
Bataqlıqda düm-düz bitər
Gözəlliyi gözə gələr
Ondan həm zənbil hörülər
Həm də çəpər düzəldilər
Bataqlıqda bitsə belə
Şan-şöhrəti düşər dilə
***
- Nigar, sözüm sənədir,
Mənə söylə bəs nədir
Getdim bağçaya baxmağa
Alma, heyva, nar yığmağa
Ayağımı ot daladı
Gözlərimdən alov çıxdı
İstədim otu çıxaram,
Onu kənara tullayam
Əllərimi daladı
Məni yandırdı, yaxdı
Sonra bildim həmin otdan
Həmin əli dalayandan
Həm dərman düzəldirlər
Həm də qutab bişirirlər
Çox ləzzətlidir dadı
Nədir bu otun adı?
N i g a r
Ot dediyin gicitkandır,
Əl-ayağı dalayandır!
Ondan qutab bişirirlər
Həm də dovğaya tökürlər
Hətta ağır xəstələrə
Dərman düzəldib verirlər
***
- Qulaq as mənə İlqar,
Tapmaca belə olar!
Tarlaya toxum səpirlər
Vaxtı çatanda dərirlər
Nə yeyirlər, nə içirlər
Yaxşıca tərifləyirlər
«Çox gərəklidir», deyirlər.
Həm ondan parça toxunar
Həm də aptekdə satılar
Ağ buluda bənzəri var
Elə bil qardaşıdı qar
Tapsana nədir dediyim?
Bolluca təriflədiyim.
İ l q a r
Pambıqdır sənin dediyin
Bayaqdan təriflədiyin
Pambıq tarlada yetişər
Vaxtı çatanda dərilər
Həkimlər pambıq işlədər
Pambıqdan çox xeyir gələr
Pambıqdan parça toxunar
Həm də aptekdə satılar
-*-
- İndi sən qulaq as mənə,
Bir tapmaca deyim sənə!
Hansı bitki dadsız dadar,
Ondan təam hazırlanar,
Yığılan tək qurudular,
Sonra da göyə sovrular?
Pirdə bitməz, pirə getməz,
Amma müqəddəs sayılar.
Tarixi tarixdən qalar
Hər bir dükanda satılar,
Hər gün süfrəyə qoyular?
N i g a r
- Bunu çox asandır bilmək,
Bircə lazımdır düşünmək
Hər gün süfrəmizdə olan
Özü müqəddəs sayılan
Çörəkdir, əlbəttə, çörək!
Buğdadan un hazırlanar,
Sonra da xəmir yoğrular.
Xəmir təndirə yapılar
Çörək belə hazırlanar.
Buğdadır müqəddəs bitki!
Bunu bilməyə nə var ki?
***
- İlqar bir meyvə var, sən,
Adını çətın biləsən!
Topa bənzər otaqda
İki əkiz qardaşlar
Üzbəüz oturublar.
Küsülüdülər deyə,
Düz, evin ortasından
Böyük pərdə asıblar?
İ l q a r
Tapdım, tapdım, mən tapdım,
Cavabını mən açdım!
- Qozdur ki yumru olar,
Həm də ceviz adlanar
İki əkiz qardaşlar
Yumru evdə yaşayar
Küsərlər, barışarlar
Küsən kimi ortadan,
Qalın pərdə asarlar!
O hansı meyvədir ki,
Nə tarlada əkilməz
Nə bağda bitirilməz!
Çox ləzzətlə yeyilər
“Xeyirlidir!” – deyilər.
O meyvəni hamı sevər
Həm uşaq, həm böyük yeyər
Hər fəsildə tapılar
Ac yeyən kimi doyar
Qarğıdalıya oxşar
Onun kimi soyular
Amma o çox yumşaqdır
Rəngi açıq sarıdır!
N i q a r
Tapdım banandır, banan
Sarı qabığı olan
Onu alır Azərbaycan
Çox isti obalardan
Ya qonşumuz İrandan
Ya da isti Dubaydan.
Bizim yerlərdə olmaz,
Nə qədər əksən çıxmaz.
Balacalar da xoşlar
Qocalar hər gün alar.
Ləzzət ilə yeyərlər,
“Bəh-bəh, bəh-bəh”, - deyərlər!
İndi mən deyim sən tap!
Çətin tapasan cavab!
De görüm hansı meyvədir,
Bağçada, bağda bitir,
Xeyir verməz insana,
Bir faydası yox cana!
İ l q a r
- Yoxdur elə bir meyvə
İnsana ziyan verə,
Yanılda bilməzsən məni,
Tanıyıram hər meyvəni
Hamısında vitamin var
Yesən cana fayda olar!
Öyrənmişəm böyüklərdən
Səhv cavab gözləmə məndən
Sağlam böyümək istəsən,
Mütləq meyvə yeməlisən!
N i q a r
Sənə “Afərin”, İlqar!
Düzdür, bütün cavablar!
Hamı bilir meyvələrdə
Çoxlu vitamin olar!
İ l q a r və N i q a r
Hər kim ki meyvə yesə,
Sağlam olar həmişə.
Müəllif: Gülzar İbrahimova