(hekayə)
Elçin və Fuad bir həyətdə yaşayırdılar. Bir dəfə onlar küçədən balaca bir it balası – yəni, küçük tapdılar.Hətta ona ad da qoydular: Cuquş!
Küçüyun ayağı yaralanmışdı deyə, axsayırdı. Uşaqlar bir müddət ona qulluq edəndən sonra Cuquşun ayağı sağaldı.
Bundan sonra uşaqlar onu gəzdirəndə həmişə mübahisə edirdilər. Elçin deyirdi, Cuquş mənimdir, Fuad da deyirdi ki, yox, Cuquş mənimdir. Hər ikisi istəyirdi ki, küçüyün tək sahibi olsun.
Bir dəfə uşaqlar Cuquşu da götürüb parka gəzməyə getmişdilər. Cuquş bir az böyümüş, daha da qəşəng olmuşdu, amma uşaqların mübahisəsi hələ də qurtarmamışdı.
- Əlbəttə, Cuquş mənimdir! Mən onu tapmasaydım, kim bilir, indi onun başına nələr gəlmişdi?
- Bəs mən Cuquşun ayağını sarımasaydım, o indi bəlkə də axsaya-axsaya gəzirdi. Ona görə də Cuquş mənim olmalıdır!
Elə belə də uşaqlar mübahisə edirdilər ki, birdən yol tərəfdən iki böyük it sahibinin əlindən çıxaraq düz Cuquşun üstünə cumdu.
Cuquş qorxudan uşaqlara qısılmaq istəyəndə Fuad onu itələdi və özü də itlərin dişlərindən qurtulmaq üçün qaçıb ağaca dırmaşdı. Sonra isə Elçinə qışqırdı:
- Elçin! Sən də qaç!
Elçinin isə qaçmaq fikri yox idi. O, yerdən bir çubuq tapdı, əlinə alıb itlərin üstünə Cumdu, onları qovdu.
Elə bu vaxt itlərin sahibi də qaçaraq gəldi və uşaqlardan üzr istəyərək itlərinə sahib durdu. Sonra isə Çubuşu tumarlayaraq soruşdu:
- Kimdir bu qəşəng küçüyün sahibi?
- Mənəm! - deyə Elçin Cavab verdi. Fuad isə «mənəm», deməyə utandı.
Müəllif: Gülzar İbrahimova